Əsas məzmuna keç

İrana sərt mesaj: “Zəhmət çəkib daxili işlərimizə qarışmasınlar”

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı qızları ölkəsinə dəvət etməsi və Azərbaycanın dünyəvi təhsil sistemini hədəf alan açıqlamaları rəsmi Bakının narazılığına səbəb olub.
Sözügedən fikirlər Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib və ölkənin təhsil siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu barədə politoloq Rəşad Bayramov Tezadlar.az-a açıqlamasında deyib ki, İranda ayrı-ayrı şəxslərin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri artıq bir ənənə halını alıb və təəssüf ki, rəsmi səviyyədə dəfələrlə edilən etirazlar da böyük ölçüdə nəticəsiz qalır: “İndi də iranlı nazirin sərsəm açıqlamaları və Azərbaycan qızlarını İranda təhsil almağa dəvət etməsi ölkəmizin daxili işlərinə növbəti müdaxilə cəhdindən başqa bir şey deyil.  İran nazirinin bu təşəbbüsünün arxasında Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək daxili narazılıq yaratmaq və müəyyən sosial təbəqədə təsir imkanları əldə etmək cəhdi dayanır. İran açıq şəkildə çalışır ki, dini və milli kimliklə bağlı mövzuları siyasi rəqabət alətinə çevrməklə ictimai rəydə gərginliyi artırsın”.
O qeyd edib ki, İran rəsmilərinin bu mövqeyi Azərbaycan–İran münasibətlərinə öz mənfi təsirini göstərir:
“İki qonşu ölkə arasında nəqliyyat, ticarət, enerji və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqların mövcud olduğuna baxmayaraq İranın bu şəkildə davranış sərgiləməsi təbii ki, yaxşı nəticə vəd etmir. Odur ki, İran həm də öz maraqları baxımından bu siyasətinə son verməli və anlamalıdır ki, hər hansı xarici ölkə rəsmisinin bizim daxili işlərimizə və qərarlarımıza dair açıqlamaları heç bir halda qəbuledilən deyil.
Azərbaycan öz milli maraqlarını müdafiə etmək üçün indiyə qədər necə prinsipial, ardıcıl və hüquqi əsaslara söykənən mövqe nümayiş etdiribsə bundan sonra da hər hansı ölkədən gələn bu tip mövqeyə qarşı prispial mövqeyini nümayiş etdirməyə davam edəcək. İstənilən xarici dövlət rəsmisi Azərbaycanın daxili siyasəti, təhsil sistemi və milli dəyərləri ilə bağlı fikir bildirərkən dövlət suverenliyinə və qarşılıqlı hörmət prinsipinə riayət etməlidir. Biz İranla qarşılıqlı hörmətin və praktiki əməkdaşlığın qorunmasında maraqlıyıq. Əgər Tehran da bunda maraqlıdırsa o zaman zəhmət çəkib daxili işlərimizə qarışmasın”.
Aysel Timur
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…