Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin İstiqlaliyyət Müharibəsinə qatılaraq, bu ölkənin ordusunda 33 il xidmət etmiş Cahangir bəy Novruzovun (1894-1958) anım günüdür.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra, qardaşları polkovnik Teymur bəy Novruzov, polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət ordusuna qatılıblar. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusuyla birgə, iyun ayının ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə eləcə də Bakı döyüşündə iştirak edib. Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında I piyada diviziyasının tərkibində Azərbaycan ordusunun digər bölmələri və könüllü dəstələrlə birgə iştirak edib.
Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib.
Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması uğrunda gedən döyüşlərə qatılıb. İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edib.
1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə “İstiqlal” medalı ilə təltif edilib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib.
Anar Tağıyev,
tədqiqatçı