Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları qrup halında zorakılığın təşkili, quldurluq və hədə-qorxu ilə tələb etmə ittihamları ilə zorakı qrupun 7 üzvünü saxlayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə 24news.ge Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadzeyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif sosial şəbəkələrdə qadın adı ilə saxta profillər yaradır, kişilərlə əlaqə saxlayaraq tanışlıq məqsədilə görüş təyin edirdilər. Görüş yerinə gələn şəxslərə isə qrup halında hücum edərək onları fiziki zorakılığa məruz qoyurdular. Davit Kiknadzenin açıqlamasına görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti Baş Prokurorluqla birgə həyata keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində 7 nəfəri saxlayıb. İstintaq çərçivəsində toplanmış sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri mütəşəkkil cinayətkar qrup yaradıb və qrup üzvləri ilə birlikdə vətəndaşlara hücum etmək, onları döymək və qanunsuz yolla maddi qazanc əldə etmək planı hazırlayıb. Qrup üzvləri saxta profillər vasitəsilə kişilərlə əlaqə saxlayaraq onları əvvəlcədən seçilmiş yerlərə görüşə çağırıblar. Görüşə gələn şəxslərə xüsusi qəddarlıqla hücum edilib, soyuq silah və iti əşyalar nümayiş etdirilməklə onlara şifahi və fiziki təzyiq göstərilib. Bundan başqa, zərərçəkənlərin pul və şəxsi əşyaları qanunsuz olaraq ələ keçirilib. Məlumata görə, cinayətkar qrupun üzvləri zərərçəkənlərin döyülməsi və alçaldılması prosesini mobil telefonlarla lentə alıb, daha sonra videoları sosial şəbəkələrdə yayıblar. Bununla yanaşı, onlar zərərçəkənlərə psixoloji təzyiq göstərməkdə və onlardan pul tələb etməkdə davam ediblər. Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarışlar zamanı maddi sübut kimi soyuq silahlar, maskalar, taktiki avadanlıqlar, mobil telefonlar və kompüter texnikası götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci, 181-ci və 225-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayətə cəlb olunan digər şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması məqsədilə istintaq tədbirləri davam etdirilir.







