Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 16:12

Azərbaycanda qadınların ailə başçısı olduğu ailələrin gəliri daha çoxdur – SƏBƏB?..

Azərbaycanda ailələrin gəlirləri ilə bağlı maraqlı yenilik ortaya çıxıb.

Tezadlar.az   xəbər verir ki, qadınların başçılıq etdiyi ailələrdə adambaşına gəlirin kişilərin başçılıq etdiyi ailələrə nisbətən daha yüksəkdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə Azərbaycan ailələrində adambaşına düşən gəlir 370 manat təşkil edib. Ailələrin gəlirləri müxtəlif amillərdən, o cümlədən ailə başçısının qadın və ya kişi olmasından asılı olaraq fərqlənir.

Belə ki, ailə başçısı kişi olan ailələrdə adambaşına aylıq gəlir orta hesabla 387 manat, qadın olduqda isə 398 manat təşkil edib. Beləliklə, qadınların başçılıq etdiyi təsərrüfatlarda adambaşına gəlir 11 manat və ya təxminən 2,8% çoxdur. Maraqlı məqam odur ki, qadınların başçılıq etdiyi ailələrdə adambaşına ümumi gəlirin daha yüksək olmasının səbəbi əmək şaqqı və biznesdən gəlirlər deyil.

Daha dəqiqi, maaşlardan gəlirlər çox da fərqlənmir. Belə ki, adambaşına gəlirlərin içərisində əmək haqqından gəlirlər qadın başçı olan ailələrdə 147,2 manat, kişilərin başçılıq etdiyi ailələrdə isə 146 manatdır. Yəni fərq varsa da, cəmi 1,2 manatdır, əsas fərqlər gəlirlərin digər mənbələrindədir.  Beləliklə…

Kişilərin ailələrində özünüməşğulluqdan gəlir daha yüksəkdir

Özünüməşğulluqdan əldə edilən adambaşına aylıq gəlir kişi başçılı ev təsərrüfatlarında 130,1 manat, qadınların başçılıq etdiyi təsərrüfatlarda isə 107 manatdır. Başqa sözlə, kişilərin başçılıq etdiyi ailələrdə bu mənbədən gəlir 23,1 manat və ya təxminən 21,6% çoxdur. Bu onu göstərir ki, qadınlar özünüməşğulluqla çox da məşğul deyillər və buradan gəlirləri çox olmur. Fərq kənd təsərrüfatında da görünür.
Kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən adambaşına gəlir kişi başçılı təsərrüfatlarda 40 manat, qadın başçılı təsərrüfatlarda isə 32,1 manatdır. Bu da təbiidir, kişi başçılıq etdiyi ailələrdə təsərrüfatda işləmək imkanı daha çoxdur. Burada fərq 7,9 manat və ya təxminən 24,6% təşkil edir.
Mülkiyyətdən əldə edilən gəlirlər (məsələn kirayə gəlirləri) ümumi gəlrlərdə az yer tutur – ayda heç 2 manata çatmır və açığı, aşağı gəlirli ailələrdə belə gəlir ümumiyyətlə yoxdur. Amma istənilən halda, statistika deyir ki, bu göstərici kişilərin başçılıq etdiyi təsərrüfatlarda adambaşına 1,3 manat, qadınlarda 1,8 manatdır.

Qadınların başçılıq etdiyi ailələrdə pensiya gəlirləri daha yüksəkdir

Məlumat üçün bildirək ki, stitistika məlumatlarında pensiya və müavinət, eləcə də ona oxşar gəlirlər, məsələn alimentlər cari transfertlər adialtında birləşdirilib. Burada qadınların ailələrində gəlrlər daha yüksəkdir. Məsələn, qadınların başçılıq etdiyi ev təsərrüfatlarında alınmış cari transfertlər adambaşına ayda 91,1 manat, kişi başçılı təsərrüfatlarda isə 78,9 manatdır – fərq 12,2 manatdır.
Bunun böyük hissəsi pensiyaların payına düşür. Kişilərin başçılıq etdiyi ailələrdə adambaşına aylıq pensiya gəliri 66,5 manat olduğu halda, qadınların başçılıq etdiyi ailələrdə 78,8 manatdır. Müavinət, təqaüd və digər sosial ödənişlərdə isə ümumiyyətlə fərq yoxdur: hər iki qrupda adambaşına 11,7 manat.

Digər ailələrdən alınan pullar da gəlirlərə təsir edib

Ailələrin gəlirləri arasındakı fərqlərin açıq göründüyü mənbələrdən biri də «digər gəlirlər» bölməsidir. Kişilərin başçılıq etdiyi ev təsərrüfatlarında bu mənbədən adambaşına ayda 30,7 manat daxil olduğu halda, qadınların başçılıq etdiyi təsərrüfatlarda göstərici 50,9 manata çatır – fərq 20 manat və ya təxminən 60%.
Bunun əsas hissəsini digər ailələrdən alınan vəsaitlər təşkil edir. Statistika deyir ki, ölkə daxilində digər ailələrdən alınan vəsait kişi başçılı təsərrüfatlarda adambaşına 26,5 manat, qadın başçılı təsərrüfatlarda 36,2 manatdır.

Xaricdən alınan gəlirlərdə fərq daha yüksəkdir. Kişilərin başçılıq etdiyi ev təsərrüfatlarında xaricdən adambaşına ayda orta hesabla 4,2 manat daxil olduğu halda, qadınların başçılıq etdiyi təsərrüfatlarda bu məbləğ 14,7 manatdır, yəni 3,5 dəfə artıq.

Əslində bu vəziyyət cəmiyyətə yaxşı məlum olan həqiqəti əksi etdirir – qadının ailə başçısı olduğu (yəni kişi ailə başçısını itirmiş) ailələrə yaxın qohumlar tərəfindən dəstək daha çox olur. Yaxınlar ailə başçısı olan ailələrdənsə, maddi vəziyyəti nisbətən zəif olan ailələrə daha çox dəstək verirlər. Bu da son nəticədə özünü statistikada da göstərir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!