(Dünyəvi təhsil, dini etiqad, məktəbli forması və müasir cəmiyyətin mənəvi inkişafı haqqında düşüncələr…)
İkinci hissə
Təhsil müəssisələrində hicab məsələsi üzrə ictimai müzakirələrin mahiyyətində mürəkkəb suallar dayanır: dünyəvi dövlət nədir, dünyəvi təhsil hansı prinsiplərə əsaslanmalıdır, dini inancın şəxsi həyatdakı yeri haradır, uşağın seçimi ilə valideynin iradəsi arasında hansı sərhədlər mövcuddur, ümumiyyətcə müasirlik nədir və s.?.
Dünyəvi təhsil:
dövlətin prinsipi və məktəbin missiyası
Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit edilib. Konstitusiyanın 48-ci maddəsi isə vicdan azadlığını, insanın istədiyi dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququnu tanıyır.
Bu iki prinsip birlikdə nəzərdən keçirilməlidir.
Dünyəvilik dinə düşmənçilik demək deyil. Dünyəvi dövlət dini etiqadı qadağan edən dövlət deyil; müxtəlif inanclara sahib insanların hüquqlarını bərabər qoruyan, dövlət idarəçiliyini və təhsili müəyyən bir dini məcburi norma üzərində qurmayan dövlətdir.
Məktəbin missiyası isə yalnız bilik verməkdən ibarət deyil. Məktəb uşağı müstəqil düşünməyə, sual verməyə, dəlillərlə mühakimə yürütməyə, müxtəlif fikirləri müqayisə etməyə, elmi biliklə xurafatı fərqləndirməyə, cəmiyyət qarşısında məsuliyyət daşımağa hazırlamalıdır.
Məktəbli biologiyanı öyrənəndə təbiətin qanunlarını, fizikanı öyrənəndə maddi dünyanın mexanizmlərini, tarixi öyrənəndə cəmiyyətlərin inkişaf yollarını, ədəbiyyatı öyrənəndə insanın daxili aləmini dərk edir. Məktəbin əsas işi uşağın dünyagörüşünü genişləndirmək, onun təfəkkürünü inkişaf etdirməkdir.
Dünyəvi məktəbdə müxtəlif dinlərə mənsub, yaxud heç bir dinə etiqad etməyən uşaqlar eyni təhsil hüququndan yararlanmalıdırlar. Onların heç biri digərindən üstün və ya aşağı tutulmamalıdır.
Ancaq dünyəvi təhsil o demək deyil ki, məktəbdə din haqqında danışmaq olmaz. Din tarixin, fəlsəfənin, ədəbiyyatın, memarlığın, musiqinin və mədəniyyətin mühüm tərkib hissəsidir. Onu elmi, tarixi və mədəni baxımdan öyrənmək mümkündür. Əsas fərq budur: məktəb dini bilikləri tədris edə bilər, lakin şagirdin müəyyən dini etiqadı qəbul edib, etməməsini onun qarşısında şərt kimi qoymamalıdır.
Məktəb nə dini təbliğat məkanına, nə də dini inanclara qarşı mübarizə meydanına çevrilməlidir. O, elmin, biliyin, bərabərliyin və azad düşüncənin məkanı olmalıdır.
Məktəbli forması ilə bağlı rəsmi mövqe
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarla təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə müəyyən dəyişiklik edir. Əsas yeniliklər:
1. Vahidlik və dünyəvilik: Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
2. Milli geyim istisnası: Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
3. Valideyn məsuliyyəti: Valideynlər və ya digər qanuni nümayəndələr övladları tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
4. Nəzarət: Bu sənədin tələblərinə riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir və qərar 5 iş günü ərzində məktəbin rəsmi saytında və ya məlumat lövhəsində yerləşdirilməlidir.
Eyni zamanda NK müəllimlər (təhsilverənlər) üçün də ayrıca geyim tələbləri təsdiqləyib – onların da geyimi dünyəvilik prinsipinə uyğun və işgüzar olmalıdır.
Qadağalar nəyi əhatə edir? Qərarda konkret geyim adı (məs. hicab) yazılmır. Formula belədir: vahidliyi pozan və dünyəvilik prinsipinə uyğun olmayan hər hansı əlavə element qadağandır.
Rəsmi izahlarda və BŞTİ monitorinqlərində bunun altına bunlar düşür:
– dini geyim elementləri – hicab, baş örtükləri, dini simvollu geyimlər
– vahidliyi pozan aksesuar və əlavələr – müxtəlif aksesuarlar, fərqli geyim əlavələri
– açıq-saçıq geyimlər
– müəyyən edilmiş polo-köynək, şalvar, ətək, jaket dəstindən kənar hər şey.
Yəni məktəbdə yalnız Pedaqoji Şuranın təsdiqlədiyi vahid forma geyinilməlidir. Milli geyimə yalnız Novruz, 28 May və s. kimi mədəni tədbirlərdə və yalnız Pedaqoji Şura icazə versə yol verilir.
İcraya nəzarət – məktəbin Pedaqoji Şurası, məsuliyyət – valideynlərin üzərindədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il 96 nömrəli Qərarı ilə təsdiq edilmiş _“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” 2026-cı ildə 309-la dəyişdirilmədən əvvəl belə idi:
1. Prinsip:
– Hər dövlət ümumi təhsil müəssisəsi (xüsusi təyinatlı məktəblər istisna) 4 nümunəvi dəstdən birini öz Pedaqoji Şurasının qərarı ilə seçir.
– Forma məktəbdə və məktəbi təmsil edən təntənəli tədbirlərdə geyinilir.
2. Geyim forması nədir?
Təsvirlərdə yay və qış dəsti eynidir, fərq qısaqol / uzunqol polo köynəkdədir.
_Oğlanlar üçün:_ şalvar + qısaqol polo tipli köynək + uzunqol polo tipli köynək + önü bağlanılan cibli jaket
_Qızlar üçün:_ ətək (3 model: düzbiçimli, trapesiya, çoxsaylı şaquli qırçınlı) VƏ YA şalvar + polo köynəklər + jaket
3. Məktəblərin seçə biləcəyi 4 rəng variantı:
– Variant 1:
Oğlanlar: qara şalvar, ağ polo, tünd boz jaket
Qızlar: qara ətək/şalvar, ağ polo, tünd boz jaket
– Variant 2 :
Qızlar üçün ətək (qara rəngli), Oğlanlar üçün şalvar (qara rəngli) + ağ polo + tünd boz jaket
– Variant 3:
Ətək / şalvar (tünd qəhvəyi) + polo (bej rəngli) + jaket (tünd boz)
– Variant 4 :
Ətək / şalvar (tünd boz) + polo (mavi rəngli) + jaket (tünd boz)
Məktəb bu 4 variantdan birini seçib 5 gün ərzində saytında asmalıdır. Əvvəl 96-da “üçdüyməli qısaqol köynək və şalvardan” ifadəsi var idi, 309-lu yeni qərarda o ifadə çıxarıldı.
96 + 309 birlikdə nə edir?
96 baza formulunu və rəngləri verdi. 309 isə ona sərtləşdirmə əlavə etdi:
– 1.4-1: vahidliyi pozan və dünyəvilik prinsipinə uyğun olmayan heç bir əlavə geyim olmaz
– Yəni praktikada bu – hicab, kəlağayı, papaq, dini simvol, cins şalvar, idman şalvarı, açıq-saçıq geyim və s. hamısı qadağan hesab olunur.
Məktəbli forması: bərabərlik, intizam və keçid mədəniyyəti
Mən məktəbli formasının tərəfdarıyam. Çünki məktəbli forması ilk növbədə şagirdlər arasında sosial fərqlərin zahiri nümayişini azaltmağa, məktəb mühitində ümumi nizam-intizam yaratmağa və təhsil müəssisəsinin özünəməxsusluğunu qorumağa xidmət edə bilər.
Ailələrin maddi imkanları eyni deyil. Biri övladına hər gün bahalı, dəbli geyim ala bilir, digəri isə ən zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Məktəbdə geyim rəqabətinin məhdudlaşdırılması uşaqlar , eləcə də müəllimlər arasında sosial fərqlərin qabardılmasının qarşısını müəyyən dərəcədə ala bilər.
Lakin məktəbli formasını yalnız vahid geyim tələbi kimi başa düşmək də kifayət deyil. Onun tətbiqi zamanı rahatlıq, gigiyena, iqlim şəraiti, yaş xüsusiyyətləri, əlçatanlıq və ailələrin iqtisadi imkanları nəzərə alınmalıdır.
Əsas məsələlərdən biri də keçid prosesidir.
Cəmiyyətdə uzun illər ərzində formalaşmış geyim vərdişlərini, dini ənənələri və ailə təsəvvürlərini bir qərarla dəyişdirmək çox çətindir, bəzən heç mümkün də deyil. Qəfil, izahsız və sərt inzibati tədbirlər bəzən nəzərdə tutulan məqsədə çatmaq əvəzinə, müqaviməti gücləndirir, narazılıq yaradır və uşaqları böyüklərin mübahisəsinin mərkəzinə gətirir.
Məktəbli formasına keçid zamanı aşağıdakı bəzi prinsiplər əsaslıdır və mənə elə gəlir ki, onların çoxu nəzərə alınıb da. Təəssüf ki, keçid prosesinə diqqət yetirilməyibdir. Belə ki, Birincisi, qaydalar əvvəlcədən aydın və hamı üçün anlaşıqlı şəkildə elan edilibdir. İkincisi, valideynlərə və şagirdlərə yeni tələblərin məqsədi izah olunubdur. Onlar yalnız qərarın icraçıları deyil, məktəb həyatının iştirakçılarıdır.
Üçüncüsü, tətbiq üçün keçid müddətində ailələrin yeni formaya uyğunlaşması üçün imkan yaradılmışdır. Dördüncüsü, müəllim və məktəb rəhbərləri mübahisəli halları təhqir, hədə və ictimai alçaltma ilə deyil, pedaqoji ünsiyyət və qanuni prosedurlar vasitəsilə həll etməyə çalışırlar və edirlər də.
Beşincisi, dini simvollarla bağlı məsələlər hüquqi baxımdan dəqiq tənzimlənməli, qərarların icrası zamanı ayrı-seçkiliyə və uşağın təhsildən kənarda qalmasına yol verilməməlidir. Məqsəd uşağı məktəbin qapısından geri qaytarmaq deyil, onu məktəbin daxilində saxlamaq, öyrətmək, maarifləndirmək və gələcəyə hazırlamaq olmalıdır.
Təhsil hüququ ilə geyim qaydası arasında yaranan mübahisənin həlli uşağın təhsildən məhrum edilməsi hesabına olmamalıdır.
Hicab və hiyləgərlik: görünüşün arxasında gizlənən məqsədlər
Hicab məsələsinin daha həssas tərəflərindən biri onun siyasi və ideoloji məqsədlər üçün istifadə olunması ehtimalıdır.
Açıq demək lazımdır: heç bir geyim insanın dürüstlüyünə və ya hiyləgərliyinə avtomatik sübut deyil. Hicab taxan insanı hiyləgər, taxmayan insanı isə səmimi hesab etmək olmaz. Belə mühakimə həm məntiqsiz, həm də ədalətsizdir.
Lakin bütün simvollar kimi dini simvollar da bəzən insanın həqiqi niyyətini gizlətmək, başqalarının etimadını qazanmaq və ya müəyyən məqsədlərə çatmaq üçün istifadə oluna bilər.
Tarixdə dini nüfuzdan şəxsi mənfəət əldə etmək, insanların inamını istismar etmək, din pərdəsi altında hakimiyyət və sərvət toplamaq halları olub. Müasir dövrdə də dini şüarlar müxtəlif siyasi və ictimai maraqların alətinə çevrilə bilər.
Burada təhlükə hicabın özündə deyil, insanın dini simvoldan istifadə edərək başqalarının düşüncəsinə, hüquqlarına və davranışına nəzarət etmək istəyindədir.
Eyni mexanizm dini olmayan mühitlərdə də işləyə bilər. İnsan özünü vətənpərvər, demokrat, ziyalı, xeyriyyəçi və ya elm adamı kimi təqdim edib əslində tamamilə başqa məqsədlər güdə bilər. Deməli, problem konkret simvolda deyil, zahiri obrazla həqiqi niyyət arasındakı fərqdədir.
Buna görə cəmiyyət insanların geyiminə görə deyil, əməllərinə, ictimai davranışlarına, hüquqa münasibətlərinə və konkret fəaliyyətlərinə görə qiymət verməyi öyrənməlidir.
Dini simvol heç kimə qanundan üstün olmaq hüququ vermir. Eyni zamanda, dini simvolun mövcudluğu da öz-özlüyündə hüquq pozuntusunun sübutu sayıla bilməz.
Hicab və uşaqlar
Məsələnin ən həssas tərəfi məhz budur.
Yetkin insanın dini inancı və geyim seçimi ilə məktəb yaşlı uşağın geyimi eyni sosial və psixoloji şəraitdə formalaşmır. Yetkin insan öz qərarının səbəblərini daha sərbəst müəyyənləşdirə, alternativləri müqayisə edə və seçiminin nəticələrinə görə məsuliyyət daşıya bilər. Uşaq isə hələ formalaşma prosesindədir; onun dünyagörüşünə ailə, məktəb, sosial mühit, dini icmalar və informasiya məkanları çox təsir göstərir.
Valideynin övladını öz dəyərlərinə uyğun tərbiyə etmək hüququ var. Ancaq bu hüquq uşağın təhsil almaq, inkişaf etmək, fikrini ifadə etmək və gələcəkdə öz müstəqil dünyagörüşünü formalaşdırmaq hüququnu da aradan qaldırmır.
BMT-nin Uşaq Hüquqları Konvensiyası uşağın düşüncə, vicdan və din azadlığını tanıyır, valideynlərin istiqamətləndirici rolunu nəzərdə tutur və qərarlarda uşağın üstün mənafeyinin nəzərə alınmasını tələb edir.
Konvensiyanın 12-ci və 14-cü maddələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bəs hicab taxmaq istəyən məktəbli qızın iradəsi necə müəyyənləşdirilməlidir? Onun seçimi şəxsi inamının ifadəsidir, yoxsa ailə və sosial mühitin təzyiqinin nəticəsidir? Bunu hər bir halda kənardan, yalnız geyimə baxmaqla müəyyən etmək mümkün deyil.
Eyni sualı hicab taxmaq istəməyən, lakin ailəsi tərəfindən buna məcbur edilən qız haqqında da verməliyik. Onun azadlığı necə qorunmalıdır?
Deməli, problem təkcə hicab taxmaq və ya taxmamaq məsələsi deyil. Problem uşağın iradəsinə hörmət edilməsi, onun təhsil hüququnun qorunması və böyüklərin öz dini, ideoloji və siyasi mübahisələrini uşağın həyatına zorla tətbiq etməməsidir.
Məktəb uşağın nə dini etiqadını zorla dəyişdirməli, nə də onu müəyyən dini geyimə məcbur edən təzyiqlərə laqeyd qalmalıdır. Məktəbin vəzifəsi uşağın hüquqlarını qorumaq, maarifləndirmək və onun inkişafına şərait yaratmaqdır.
Hicab, qadın və azadlıq
Hicabın qadın azadlığı ilə münasibəti haqqında dünyada müxtəlif yanaşmalar mövcuddur.
Bəzi qadınlar hicabı dini inamlarının, mənəvi kimliklərinin və şəxsi seçimlərinin ifadəsi hesab edirlər. Onlar üçün baş örtüyü azadlıqlarını məhdudlaşdırmır, əksinə, özlərini müəyyən dəyərlərlə eyniləşdirməyə imkan verir.
Başqa qadınlar isə hicabı patriarxal nəzarətin, ailə və cəmiyyət təzyiqinin, bəzən də siyasi-dini hakimiyyətin simvolu kimi qəbul edirlər. Onların etirazı dini inancın özünə deyil, qadının bədəni və seçimi üzərində başqalarının hökmranlıq qurmasına yönəlir.
Bu iki təcrübəni bir qəlibə salmaq olmaz.
Bir qadının könüllü seçdiyi geyimi başqa qadına məcbur etmək nə qədər yanlışdırsa, könüllü dini geyim seçiminə sahib qadını sırf həmin geyimə görə azad olmayan insan hesab etmək də bir o qədər birtərəfli yanaşmadır.
Əsl azadlıq insanın seçim edə bilməsidir. Ancaq seçimin həqiqətən azad olub-olmadığını müəyyənləşdirmək üçün onun hansı şəraitdə formalaşdığına da baxmaq lazımdır.
Qadın hicab taxmaq istədiyi üçün təhqir edilməməlidir. Hicab taxmaq istəmədiyi üçün də təzyiqə məruz qalmamalıdır.
Bu prinsipin sadəliyi aldadıcıdır. Çünki cəmiyyətlər çox vaxt qadının azadlığını onun özündən daha yaxşı bildiklərini düşünürlər. Bir tərəf ona mütləq örtünməyi, digər tərəf isə mütləq açılmağı diktə edə bilir. Hər iki halda qadının öz iradəsi ikinci plana keçir.
Mənim qənaətim budur: qadının azadlığı nə hicabın mütləq qəbulunda, nə də onun mütləq rəddindədir. Azadlıq insanın seçim imkanının, ləyaqətinin və hüquqlarının qorunmasındadır.
(Ardı var)
Əlövsət Qaraca ƏLİYEV







