Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili keçmiş baş nazir İrakli Qaribaşvilinin məktubu ilə bağlı açıqlama verib. Tezadlar.az xəbər verir ki, Zurabişvili “Facebook”da canlı yayım zamanı bildirib ki, Qaribaşvilinin yeni müxalifət kimi təqdim edilməsinə dair siyasi plan ola bilər. “Yəqin ki, Qaribaşvilini yeni müxalifət kimi təqdim etmək istəyirlər. Bütün bunların arxasında hansı sxemlərin olduğunu bilmirəm. Aydın olan budur ki, bu hakimiyyət artıq hakimiyyətə bənzəmir. Dərin böhran içindədir və istiqamətini itirib”. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətində xaos, böhran və qarşılıqlı inamsızlıq hökm sürür. Zurabişvili əlavə edib ki, Rusiyanın isə öz istiqaməti var və bu vəziyyət onun hibrid strategiyasının güclənməsinə şərait yaradır.
Zurabişvili Abxaziyanın işğal olunmuş ərazisinə yanacaq tədarükü məsələsinə də toxunub. O bildirib ki, həmin yanacağın Rusiya hərbi bazasının təminatına yönəlməsi ilə bağlı narahatlıq var: “Yanacaq birbaşa Rusiya hərbçilərinə çatırsa, buna nəzarət edilməlidir. Əgər biz bu ərazidə yaşayan əhaliyə yardım ediriksə, yanacağın məhz vətəndaşlara çatdırıldığına əmin olmalıyıq. Hökumətin isə buna nəzarət etmək istəyi yoxdur”, – deyə Zurabişvili qeyd edib.