Əsas məzmuna keç

Azərbaycanda artıq dövlətin rəsmi olaraq 830 kriptosu var- EKSPERT YAZIR

Təxminən bir il əvvəl yazmışdım ki, Azərbaycanda ilk dəfə cinayət işi çərçivəsində kriptovalyutaya həbs qoyulub. İndi həmin iş üzrə məhkəmə prosesi yekunlaşıb və maraqlı bir presedent yaranıb. DTX-nin açıqlamasına görə, Yasamal Rayon Məhkəməsinin hökmü ilə həmin iş çərçivəsində həbs olunanların “Binance” hesabında saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Dərhal qeyd edim ki, “830 ədəd kriptovalyuta” ifadəsi bir qədər qeyri-müəyyən səslənir. DTX söhbətin konkret hansı kriptoaktivdən getdiyinə aydınlıq gətirməyib. Yəni, bunun 830 Bitcoin, Ethereum və ya başqa kriptoaktiv olduğu açıqlanmır.
İş üzrə müəyyən edilən məbləğlərin böyüklüyünü nəzərə alsaq, təbii ki, bu 830 USDT deyil 🙂
Amma əlavə məlumat olmadığından Bitcoin və ya Ethereum olduğunu da dəqiq söyləmək mümkün deyil.
Bu tip əməliyyatların özünəməxsusluğu ondadır ki, söhbət fiziki əmlakdan getmir.
Beynəlxalq platformada saxlanılan və sərhəd tanımayan rəqəmsal aktivin müəyyənləşdirilməsi və dövlət nəfinə keçirilməsindən gedir. Yetərincə diqqət cəlb edən əməliyyatdır.
Dünyada da belə əməliyyatlar adətən istintaq orqanları, məhkəmələr və qlobal kriptobirjaların koordinasiyası ilə həyata keçirilir.
Bu baxımdan DTX-nin kriptoaktivləri müəyyənləşdirərək Binance hesabında bloklatması və prosesi məhkəmə qərarı ilə müsadirəyədək çatdırması kifayət qədər spesifik və təqdirəlayiq bir nəticədir.
Beləliklə, Azərbaycanda ilk dəfə kriptovalyuta məhkəmə hökmü ilə dövlət nəfinə keçib.
Maraqlıdır ki, ölkəmizdə virtual aktivlərin dövriyyəsini ayrıca tənzimləyən qanun hələ qəbul edilməyib. Bununla belə, mövcud qanunvericilik cinayət yolu ilə əldə edilmiş virtual aktivlərin xüsusi müsadirəsinə imkan verir və artıq bunun praktiki tətbiqini də görürük.
İndi isə daha maraqlı sual ortaya çıxır:
Dövlətin balansına keçən bu 830 kriptonun taleyi necə olacaq? Satılacaq, hərraca çıxarılacaq, yoxsa dövlət tərəfindən saxlanılacaq?
Osman GÜNDÜZ,
Ekspert
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın