Əsas məzmuna keç

Yuxulu sürücü idarəetməni itirdi

Son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqəli yol-nəqliyyat hadisələrinin təkrarlanması bu məsələyə daha ciddi yanaşmağı zəruri edir.

Baş Dövlət Yol Polisi İdarəsindən Tezadlar.az-a bildirilib ki, növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb. Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.

Baş verənlər bir daha göstərir ki, yuxululuq sadəcə sürücünün özünü narahat edən hal deyil, yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.

Eyni xarakterli hadisələrin təkrarlanmaması üçün sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırırıq.

***
26 avqust, saat: 18:13

Balakəndə yol qəzası olub.

Tezadlar.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Balakən rayon sakini Etibar Səməd oğlu Məmmədovun “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.

Qəzadan sonra sürücü E. Məmmədov və onun avtomobildə sərnişin olan həyat yoldaşı Leyla Vaqif qızı Məmmədova xəsarət alıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan L. Məmmədova Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…