Əsas məzmuna keç

İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

Dühalığın qiymətini kim verir? Necə verir?

Dühalığı görmək üçün də düha olmalı deyilsən?

Bəli, çox çətin suallardır.

Aydın məsələdir ki, mən də bu sualların cavabını bilmirəm.

Sadəcə, hər kəsdən əvvəl bu məsələ ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm.

Uşaq vaxtı dahilərə inanırdım, daha doğrusu bizə dahi kimi təqdim olunanlara.

İndi isə mənim fikrimcə dahilik yoxdur.

Muxtəlif sahələrlə bağlı zəkanın son zirvə anlayışları var.

İbtidai icma quruluşundan atom dünyasına qədər irəliləyən, kainatın durumu ilə bağlı sonsuz məlumatlara yiyələnən bəşər dünyası hələ də sonsuz suallar qarşısındadır.

Hətta indiyə qədər öyrəndiklərimizin, inandıqlarımızın bir çoxu ilə bağlı etirazlar dalğası yüksəlir.

İnsanların çoxu bildiklərindən daha çoxunu bilmək istəyir, qazandıqlarından daha artığını istəyir, gördüklərindən də daha çoxunu görmək istəyir.

Hər şeyin əlimizdən alınacağı gün ölüm qabağı düşünülür.

Ancaq ölüm insanları aparır. Əməllərin nəticələri bu dünyada qalır.

O əməllər, yaradılışlar, öyrəntilər ya yaşadılır, böyüdülür, yayılır, öyrənilir, ya da məhv edilir.

İllər sonra peşmançılıqla geri də qaytarılır.

Bizi yaşadan, düşünən, qiymət verən bizimlə eyni ağılda və eyni ürəkdə olan insanlardır.

Zəka zirvəsində ilahiyyətlə və sadə həyatla bağlı anlayışların sual yığını sonsuzdur.

Ölümü unutsaq yaxşıdır, yoxsa ağıllı fikirlər uzaqlaşır?

Yoxsa ölümü düşünərək, hər dəqiqənin qədrini bilməlisən?

Zəka zirvələrində bu sualların da cavabı fərqlidir.

Hər birimiz ağılımıza, ürəyimizə uyğun zirvəyə üz tutaq və öz zirvəmizi yaradaq.

Öyrənək, öyrədək, ucalaq, ucaldaq.

Təklik məhvdir, ölümdür.

Öləndə tək qalacayıq ki?

Bəli, yenə sual… Son sual.

Sonumuz da bəlli olmadığı üçün yolumuzdan dönməyək.

İnam, bilik, xoş duyğular yolumuza işıq salsın.

Yanımızda da hər zaman bizi başa düşənlər, inananlar, sevənlər olsun.

Özümüzə əks insanlar bizi zirvədən salmasın.

Suallarımızın cavabını tapana qədər yaşayaq…

Sənubər Səhər

Senuber

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…