Əsas məzmuna keç

Baş nazir qərar verdi: 1-ci sinif şagirdləri 40 mindən çox ağac əkəcək!

Gürcüstanın bütün şəhər və kəndlərində 40 mindən çox birinci sinif şagirdi öz ilk ağacını əkəcək. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin sərəncamında qeyd olunub. Proqram çərçivəsində 2026-cı il sentyabrın 15-nə olan məlumata əsasən qeydiyyatdan keçmiş bütün birinci sinif şagirdlərinə ağac tingi əkmək və onun böyüməsini müşahidə etmək imkanı veriləcək. “İlk tingim” adlı proqramın əsas məqsədi uşaqların və gənclərin ətraf mühitin qorunması prosesinə cəlb edilməsi, meşələrin və yaşıllıq ərazilərinin artırılması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasına töhfə verməkdir. Proqram çərçivəsində bələdiyyələr yaşayış məntəqələrində və onların ətrafında ağacəkmə tədbirləri üçün ərazilər müəyyənləşdirəcək. Əkiləcək tinglərin növləri isə ərazinin iqlim şəraiti və biomüxtəlifliyin qorunması prinsipləri nəzərə alınmaqla seçiləcək. Hökumətin planına əsasən, layihənin həyata keçirilməsi yaşayış məntəqələrində yaşıllıq sahələrinin artırılmasına, havanın keyfiyyətinin və yerli ekosistemlərin yaxşılaşdırılmasına, torpağın deqradasiyasının qarşısının alınmasına, həmçinin uşaqlarda təbiətə qayğı və ekoloji məsuliyyət mədəniyyətinin formalaşmasına xidmət edəcək. Qeyd edək ki, Proqramı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi Təhsil, Elm və Gənclər Nazirliyi, Regional İnkişaf Nazirliyi və yerli özünüidarəetmə orqanları ilə koordinasiyada həyata keçirəcək. Rəsmi məlumata görə, tinglərin alınması və ərazilərə daşınması, ağacəkmə tədbirlərinin təşkili və sonrakı qulluq da proqram çərçivəsində təmin ediləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…