Bir müddət öncə mətbuatda Rüfət Qasımzadənin həbsi ilə bağlı xəbər dərc edilmişdi…
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli həyat yoldaşı Rüfət Qasımzadənin həbsinə etiraz edib.
Tezadlar.az xəbər verir ki, C.Əzizbəyli bu barədə “shownews.az”-a açıqlamasında danışıb. O, külli miqdarda dələduzluqda ittiham olunan Rüfət Qasımzadə barəsində səsləndirilən iddiaların əsassız olduğunu bildirərək ailəsinə qarşı böhtan atıldığını iddia edib. Cəlalə Əzizbəyli bildirib ki, artıq bir ilə yaxındır həyat yoldaşı ilə bağlı səsləndirilən ittihamları izləyir. Onun sözlərinə görə, tərəflər arasında borc mübahisəsi faizlə pul götürülməsi və şirkətin adına kredit rəsmiləşdirilməsi ilə bağlı yaranıb. Cəlalə Əzizbəyli iddia edir ki, məsələ ilə bağlı dəfələrlə araşdırma aparılıb, polis orqanları və məhkəmələr tərəfindən hüquqi qiymət verilib. Onun fikrincə, mübahisədə cinayət tərkibi yoxdur və məsələ mülki xarakter daşıyır.
O, borcun böyük hissəsinin ödənildiyini, buna baxmayaraq, qarşı tərəfin iddia edilən məbləği şişirərək həyat yoldaşından yenidən şikayət etdiyini deyib. “Bütün bunlara baxmayaraq, yalanla üç-dörd qatını şişirib gəlib mətbuata və efirə də çıxırlar. Mənim yoldaşıma şər-böhtan atırlar”, – deyə Cəlalə Əzizbəyli bildirib. Onun sözlərinə görə, əvvəlki məhkəmə qərarları və polis orqanlarının qərarları nəzərə alınmadan həyat yoldaşı barəsində yenidən həbs qərarı verilib. Cəlalə Əzizbəyli xüsusilə Nəsimi Rayon Məhkəməsinin qərarına etiraz etdiyini vurğulayıb: “Dünən həyat yoldaşımın məhkəməsi olub. Məhkəmə bütün əvvəlki qərarlara baxmadan onun barəsində həbs qərarı verib. İstintaqın bitməsinə 20 gün qalmış həyat yoldaşımı həbs etdilər. Mən çox xahiş edirəm, bu işə yenidən baxılsın”.
Cəlalə Əzizbəyli məsələ ilə bağlı ölkə başçısına və Birinci vitse-prezidentə də şikayət etdiyini qeyd edib. O, aidiyyəti qurumlardan işin yenidən araşdırılmasını, əvvəlki qərarların və sənədlərin nəzərə alınmasını istəyir. “Artıq bir ildir ailə olaraq susuruq. Mənim səsimi ictimaiyyətə çatdırmağınızı istəyirəm. Bu şər-böhtanlara son qoyulsun və işə yenidən baxılsın. Mən sadəcə ədalətin təmin olunmasını istəyirəm”, – deyə Cəlalə Əzizbəyli əlavə edib. Qeyd edək ki, Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib və həmin məlumatı da APA yayımlayıb. Məlumata görə, Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olunur. Onunla bağlı sosial şəbəkədə məlumat yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.







