Qəzzanın sərt şəraitində məktəbə başladığı ilk günü səbirsizliklə gözləyən doqquz yaşlı fələstinli qız Vəfa Aqila İsrailin hava hücumunda həlak olub.
Vəfa Aqila və atası Yusuf Aqila (36) Qəzza şəhərinin mərkəzindəki Şifa küçəsində mülki nəqliyyat vasitəsinə İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olublar. Onların cəsədləri Şifa Xəstəxanasına aparılıb. Bu hücum Vəfanın məktəbə qayıtmaq sevincini böyük bir faciəyə çevirib.
Tezadlar.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə Vəfanın cansız bədəninin məktəb kitabları, dəftərləri və dəftərxana ləvazimatları ilə əhatə olunduğu görünür.
Qəzzadakı müharibədə sağ qalmaq və təhsil almaq üçün mübarizə aparan minlərlə uşaqdan biri olan Vəfa məktəbli formasında yalnız gülümsəyən bir fotoşəkilini geridə qoyub.
Hücumların kölgəsində təhsil uğrunda mübarizə
Fələstin Təhsil Nazirliyi yeni tədris ilinin 16 sentyabrda başlayacağını elan etsə də, Qəzzadakı bir çox məktəb və alternativ tədris mərkəzləri artıq hazırlıqlarını başa vurub dərslərə başlayıb.
İsrailin yaratdığı ağır dağıntılar və amansız bombardmanlar səbəbindən əksər məktəb binalarının istifadəyə yararsız hala düşdüyü bölgədə uşaqlar dərslərini əsasən çadırlardan ibarət müvəqqəti tədris mərkəzlərində davam etdirməyə çalışırlar.
Fələstin Mərkəzi Statistika Mərkəzinin məlumatlarına görə, davam edən İsrail hücumlarında həlak olanların 30%-dən çoxunu uşaqlar təşkil edir və ölənlərin sayı 21.283-ə çatıb.
Ölənlərin təxminən 19.000-i məktəb yaşlı şagirdlər, 44.000-dən çoxu isə yaralanıb.
ELBAR







