“Qarabağ”ın kapitanı Bədavi Hüseynov artıq 15 ildir Ağdam klubunun formasını geyinir. Təcrübəli müdafiəçi bu müddət ərzində komandanın qazandığı çox sayda uğurun əsas simalarından birinə çevrilib. 35 yaşlı futbolçu uzun illərdir həm meydanda, həm də komandanın daxilində liderlərdən biri kimi çıxış edir.
Bədavi Hüseynov komandanın heyətindəki dəyişikliklər, yeni futbolçuların uyğunlaşması, gənc oyunçularla münasibətləri, baş məşqçi Qurban Qurbanovla uzun illərdir davam edən əməkdaşlığı və karyerası barədə suallarını cavablandırıb.
– “Qarabağ”da artıq 15-ci mövsümünüzdür. Belə uzun müddətdə bu formanı geyinmək sizin üçün nə ifadə edir?
– Bu, artıq mənim 15-ci mövsümümdür. Bu müddət ərzində bu formanı geyinmək mənim üçün böyük şərəf və qürurdur. “Qarabağ” sadəcə futbol klubu deyil, mənim üçün heç vaxt təslim olmamaq nümunəsidir. “Qarabağ”ın tarixi ilham verir. Doğma stadionunu itirdikdən sonra onlar ruhdan düşmədilər, əksinə, daha da gücləndilər və dünyanın hər yerindən milyonlarla azarkeşi öz ətraflarında birləşdirdilər.
– Bu mövsüm heyətdə ciddi dəyişikliklər oldu. Yeni futbolçuların komandaya uyğunlaşmasını necə qiymətləndirirsiniz?
– Həqiqətən də, heyətdə ciddi dəyişikliklər baş verdi. Bu, futbolda tez-tez baş verir. Müəyyən uğurlu nəticələrdən sonra heyəti qoruyub saxlamaq çətin olur. Futbolçuların uyğunlaşmasına gəlincə, bu proses hər kəsdə fərqli keçir. Kimsə artıq ilk oyunlardan nəticə verir, kiməsə isə məşqçinin bütün tələblərini başa düşmək üçün bir qədər daha çox vaxt lazım olur. Biz də öz tərəfimizdən onların ilk günlərdən özlərini rahat hiss etmələri üçün hər şeyi edirik. Ən vacibi onların komandanın xeyri üçün işləmək istəyidir. Bir-birinə uyğunlaşma isə mütləq oyunlar vasitəsilə gələcək.
– Kapitan kimi komandada gənc futbolçularla münasibətiniz necədir? Onlara ən çox hansı məsləhətləri verirsiniz?
– Hamı ilə dostluq münasibətlərimiz var, eyni zamanda, tələbkar münasibətlərimiz də var. Bunlar olmadan uğur qazanmaq mümkün deyil. Əlbəttə, ilk növbədə özüm işə münasibətimlə nümunə olmalıyam. Çox vaxt şəxsi nümunə sözlərdən belə daha vacib olur. Onlara əsas məsləhətim budur: bu vaxtın qədrini bilin. Futbolçunun karyerası çox qısadır, bizim səhvlərimizdən dərs çıxarın. Kim bunu daha tez anlayıb böyüsə, futbolda daha böyük zirvələrə çatacaq.
– Uzun illərdir Qurban Qurbanovla işləyirsiniz. Onun hansı xüsusiyyəti sizi hələ də təəccübləndirir?
– Biz artıq çox uzun illərdir birlikdə işləyirik, amma Qurban müəllim təəccübləndirməkdə davam edir. İlk növbədə onun işə olan sadiqliyi və göstərilən etimadı yüksək dəyərləndirməsi insanı heyrətləndirir. İkincisi, komanda böyük zəfərlər qazandıqdan sonra belə o dəmir intizamı qoruyub saxlamaq və yeni motivasiya tapmaq bacarığıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, Qurban müəllim oyunçunun gizli potensialını kəşf etmək və onun karyerasına yeni nəfəs verməyi çox yaxşı bacarır. “Qarabağ”a tanınmadan gələn neçə-neçə futbolçu buradan Avropa səviyyəli ulduz kimi ayrılıb.
– Artıq 35 yaşınız var. Karyeranızın sonuna yaxınlaşdığınızı hiss edirsiniz, yoxsa hələ uzun illər oynamaq istəyirsiniz?
– Bu qərarı gec-tez hər kəs verməli olur və bu, həqiqətən də, emosional baxımdan çətindir. Biz 6-7 yaşımızdan bütün həyatımızı bu oyuna həsr edirik və özünü futbolsuz təsəvvür etmək çox çətindir. Əminliklə deyə bilərəm ki, yaş artdıqca bu vaxta fərqli qiymət verməyə başlayırsan, hazırlığa, qidalanmaya, bərpaya daha çox vaxt ayırırsan. Məşqçi tez-tez zarafat edir: “Nəhayət, əsl peşəkar olursan və futbolu yaxşı başa düşürsən, artıq karyeranı bitirməyin vaxtıdır” (gülür). Nə qədər ki, rəqabət apara, fayda verə bilirəm və sağlamlığım imkan verir, oynayacağam.
– 12 il əvvəl “Tvente”yə qarşı oynayan “Qarabağ”ın heyətindən bu gün yalnız siz qalmısınız. Həmin oyunları xatırlayırsınız?
– Bəli, həmin vaxtı çox yaxşı xatırlayıram. Həm mənim, həm də klub üçün bunlar çox vacib oyunlar idi. O vaxt biz Avropada böyük addımlar atmağa yeni başlayırdıq və bu, qrup mərhələsinə tarixi çıxış idi. Həmin oyun göstərdi ki, sistemimiz, intizamımız və baş məşqçimizin fəlsəfəsi ən yüksək səviyyədə işləyir.
Qeyd edək ki, Bədavi Hüseynov “Qarabağ”la birlikdə 11 Azərbaycan çempionluğu və 5 ölkə kuboku qazanıb, müxtəlif illərdə klubun avrokuboklardakı tarixi yürüşlərinin iştirakçısı olub. O bu illər ərzində “Qarabağ”ın heyətində 267 oyuna çıxıb və 5 qol vurub.







