İnsanın öz-özü ilə ucadan danışması ətrafdakılara qəribə görünə bilər. Lakin bu vərdiş özlüyündə psixoloji pozuntu hesab edilmir. Əksinə, psixoterapevt Qreys Tvorek və psixologiya professoru Qari Lupyan hesab edirlər ki, bu üsul insanın düşüncələrini daha yaxşı anlamağa kömək edir.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, insan düşüncələrini ucadan ifadə etdikdə baş verənləri təhlil etmək daha asan olur.
Bu vərdiş emosiyaları nizamlamağa, diqqəti konkret tapşırığa yönəltməyə və növbəti addımların nə olacağını müəyyənləşdirməyə kömək edə bilər.
Qreys Tvorekin sözlərinə görə, öz-özü ilə danışmaq insana problemə sanki kənardan baxmağa və əvvəllər diqqətdən yayınan həll yolunu görməyə imkan verir.
Mütəxəssis bildirir ki, bunun digər üstünlüyü gərginliyin azalmasıdır. Bəzən insanı narahat edən məsələni sadəcə ucadan ifadə etmək kifayət edir ki, vəziyyət daha aydın görünsün və əvvəlki qədər mürəkkəb təsir bağışlamasın.
Psixologiya professoru Qari Lupyan isə öz-özü ilə danışmağın başqa bir faydasına diqqət çəkib. Onun sözlərinə görə, düşüncələri ucadan ifadə etmək işi təxirə salmaq vərdişini azaltmağa və uzun müddət ertələnən tapşırığa başlamağa kömək edə bilər.
İnsan görəcəyi işlərin ardıcıllığını ucadan sadaladıqda və ya qarşısındakı məqsədi özünə xatırlatdıqda düşüncədən konkret fəaliyyətə keçmək daha asan olur.
Sözlərin diqqəti toplamağa kömək etdiyini göstərən təcrübələrdən biri də əşyaların axtarışı ilə bağlı aparılıb. Təcrübə iştirakçılarından otaqda müəyyən əşyaları tapmaq tələb olunub. Axtarış zamanı həmin əşyanın adını ucadan deyən və onu təsvir edən iştirakçılar səssiz qalan şəxslərlə müqayisədə tapşırığı daha sürətli yerinə yetiriblər.
Mütəxəssislərin fikrincə, öz-özü ilə danışmaq düşüncələri sistemləşdirməyə, diqqəti toplamağa və problemin həllini sürətləndirməyə kömək edən üsullardan biri ola bilər.
Bununla belə, burada söhbət insanın öz düşüncələrini ucadan ifadə etməsindən gedir, xəyali şəxslərlə dialoq qurmaqdan deyil.







