Əsas məzmuna keç

VƏTƏNƏ VƏ ELMƏ-TƏHSILƏ SƏDAQƏTLI XIDMƏT YOLUNDA 60 IL

Hörmətli professor Famil müəllim Mustafayev!

Sizi 60 illik yubileyiniz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinizə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, elmi və ictimai fəaliyyətinizdə yeni davamlı uğurlar arzulayıram.

60 illik yubiley insan həyatında mühüm bir mərhələdir. Bu yaşa çatanda insanın keçdiyi yol, gördüyü işlər, qazandığı elmi nəticələr və cəmiyyətə verdiyi töhfələr haqqında düşünmək üçün xüsusi bir mənəvi imkan yaranır. Sizin 60 illik ömür və fəaliyyət yolunuz isə elm, təhsil, dövlət idarəçiliyi və elmi fəaliyyətin təşkili kimi mühüm istiqamətləri əhatə edən zəngin bir yol kimi diqqəti cəlb edir.

İqtisad elmləri doktoru, professor kimi elmi fəaliyyətiniz, müxtəlif elm və təhsil müəssisələrində, dövlət qurumlarında rəhbər vəzifələrdəki fəaliyyətiniz, nəhayət, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına rəhbərlik etməyiniz Sizin peşəkar fəaliyyətinizin genişliyini göstərir. 2019-cu ildən bu mühüm quruma rəhbərlik etməyiniz elmi fəaliyyətin qiymətləndirilməsi və attestasiya proseslərinin təşkili baxımından üzərinizə çox böyük məsuliyyətlər qoymuşdur.

Mediada, sosial şəbəkələrdə, müşavirələrdə  Sizin fəaliyyətinizi müşahidə edən həmkarlarımız üçün xüsusilə diqqətçəkən cəhətlərdən biri obyektivliyə, prinsipiallığa və elmi meyarlara söykənən mövqeyinizdir. Elm təşkilatçısı üçün bu keyfiyyətlər əsas xüsusiyyətlərlərdəndir. Çünki elmi fəaliyyətin qiymətləndirilməsi insan əməyinə, alimlərin uzun illər ərzində apardığı tədqiqatlara və bütövlükdə elmi mühitin inkişafına münasibət deməkdir.

Mənim üçün Sizinlə bağlı yadda qalan məqamlardan biri də mənə professor diplomunun təqdim edildiyi müşavirədəki çıxışınızdır. Həmin çıxışınızda səsləndirdiyiniz fikirlər, elmə və alim əməyinə münasibətiniz çox dəyərli idi. Sonrakı illərdəki müsahibələriniz, məqalə və əsərləriniz həmin mövqenin nə qədər davamlı  xarakter daşıdığını təsdiq etdi. Sizin  haqqınızdakı təsəvvür mürəkkəb məsələlər qarşısında mövqeyiniz, çətinliklərə münasibətiniz, təzyiqlər qarşısında prinsipiallığınız və gələcəyə optimist baxışlarınızla formalaşmşdır.  Sizin fəaliyyətinizdə bu xüsusiyyətlərin müxtəlif məqamlarda özünü göstərməsi çox diqqətəlayiqdir.

İqtisad elminin müxtəlif istiqamətlərində apardığınız araşdırmalar, elmi əsərləriniz, monoqrafiyalarınız, dərslik və dərs vəsaitləriniz bu fəaliyyətin elmi nəticələrini təşkil edir. Lakin Sizin fəaliyyətinizin əhəmiyyəti yalnız elmi əsərlərinizlə məhdudlaşmır. Müxtəlif dövrlərdə elm və təhsil sisteminin idarə olunmasında, dövlət qurumlarında və elmi attestasiyanın təşkilində qazandığınız təcrübə Sizi bacarıqlı  elm təşkilatçısı kimi xarakterizə edir. Bu baxımdan Sizin keçdiyiniz yol Azərbaycan alimlərinin elmə yalnız tədqiqatçı kimi deyil, həm də onun təşkilinə, idarə olunmasına və inkişafına məsuliyyət daşıyan ziyalı kimi xidmət etməsinin nümunələrindən biridir. Yüksək dövlət təltifinə layiq görülməyiniz də məhz belə uzunmüddətli fəaliyyətin rəsmi qiymətləndirilməsidir. “Vətənə xidmətə görə” ordeninin Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinizə görə təqdim edilməsi xüsusilə əlamətdardır.

Hörmətli Famil müəllim!

Sizin 60 illik yubileyinizdəki bu yüksək dövlət təltifi keçdiyiniz yolun mühüm bir mərhələsinə verilən dəyər kimi qəbul olunur. Arzu edirəm və əminəm ki, qarşıdakı illərdə də elmi fəaliyyətin inkişafına, alimlərin yetişməsinə və Azərbaycan elminin beynəlxalq elmi məkanda nüfuzunun daha da yüksəlməsinə öz töhfələrinizi verəcəksiniz.

Sizi bir daha 60 illik yubileyiniz və yüksək dövlət təltifiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, yaradıcılıq və elmi-təşkilati fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

60 yaşınız və yubileyiniz mübarək olsun, hörmətli Famil müəllim!

Sizə daimi hörmət və sayğılarla:

Əlövsət Qaraca  Əliyev,

 professor

18 sentyabr 2026 il

 

 

 

 

 

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…