Bu günlərdə Baş Prokuror Kamran Əliyevin imzası ilə Fəxri Fərman alan prokuror Ceyhun Şirinov və dostu Nazir Mehdiyev gənc sahibkarların 5 min ton metallom vədi ilə 100 min manat pulunu alıb və…
…Həqiqətən də cəmiyyətimizdə nizam-tərəzi itib, böyük-kiçik sərhədi yoxa çıxıb… Gələk mətləbə: necə ola bilər ki, uzun illər Gəncənin Kəpəz, Bakının Qaradağ və Nizami rayon prokuroru olmuş, cinayətkarlığa qarşı mübarizə aparmış(?) Ceyhun Şirinovun, eləcə də uzun illər «Azəriqaz»da məsul vəzifə tutmuş Nazir Mehdiyevin indi özləri cinayətin subyekti olmağa könül veriblər? Ən dəhşətlisi budur ki, bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin xeyir-duası, etibarı və etimadı, xətir-hörməti ilə xidmətinə görə(?) Fəxri Fərman da alan, buna layiq bilinən Ceyhun Şirinov bu etibara da, etimada və xeyir-duaya da arxa çevirib, yerlə-bir edib… Və bundan da pisi odur ki, o, bu alıb-aldatmada onunla birlikdə olmuş İmişli rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovu, özünü indi «Azərbaycan Dəmiryolu» QSC-nin nüfuzlusu kimi təqdim edən Nazir Mehdiyevi bu yola sövq edib, aldatdıqlarını “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Baş Ofisinə dəvət edib başqalarının da adını bu çirkin oyunda hallandırmaq istəyir… Daha doğrusu, sonuncu iki şəxs- Nazir Mehdiyev xüsusi olaraq bu əməldə baş rolda keçir… Bu barədə az sonra.
***
Hələlik qısaca olaraq deyək ki, sabiq prokuror Ceyhun Şirinovun fırıldaqçılıq əməli barədə «Təzadlar»a rəsmi ərizə yazan, geniş video-müsahibə verən şikayətçilərin təqdim etdikləri mötəbər maddi sübutlar bir daha təsdiq edir ki, sabiq prokurorda bircə qram da olsun məsuliyyət, ən azından, Baş Prokuror Kamran Əliyevin etbar və etimadına, uzun illər vəzifə tutduğu Baş Prokurorluğun imicinə hörməti belə yoxdur. Olsaydı, sadə və zəhmətkeş, arxasız iş adamlarına-gənclərə badalaq gəlməzdi, 4 aydır onlara «Sabah gəlib pulunuzu götürün» deməzdi(həmin səs yazıları da redaksiyamızdadır).
Əksinə, Ceyhun Şirinovun yerinə başqası olsaydı, gənc sahibkarlara arxa durardı, kömək edərdi ki, bu gün onlar qonum-qonşudan borc alıb ziyan ödəməzdilər. Dəhşətlisi isə budur ki, sabiq prokuror Ceyhun Şirinov təkcə qanunsuz əməl törətməyib, gənc sahibkarların borca yığdıqları pulunu mənimsəməyib, həm də onların sahibkarlığa, prokurorluq işçisinin ədalətinə olan ümidlərini məhv edib!
Bəs Ceyhun Şirinov və Nazir Mehdiyev gənc kiçik sahibkarları necə aldada biliblər?
Beləliklə, aşağıda şikayətçilərin Baş Prokuror Kamran Əliyevə müraciətini təqdim edirik. Hələlik isə onu qeyd edək ki, redaksiya olaraq «Media haqqında» Qanunun tələblərinə və peşə təcrübəsinə istinad edərək şikayətə dair mövqeyini öyrənmək üçün Ceyhun Şirinova və Nazir Mehdiyevə dəfələrlə zəng etsək də, zəngə cavab verməyiblər, amma dərhal başqa şəxsləri redaksiyaya zəng etməyə sövq ediblər… Zəng edənlərə isə izah etmişik ki, bu jurnalist araşdırmasında məqsədimiz odur ki, problem qanuni həllini tapsın və şikayətçilər Prezident Administrasiyasına getməsin, Baş prokuror Kamran Əliyevi rahat buraxsınlar, sosial şəbəkələrdə ölkənin hüquq mühafizə orqanlarının imicinə zərərli paylaşımları etməsinlər… Amma nə fayda, Ceyhun Şirinov və Nazir Mehdiyev indi də «Təzadlar»ın əməkdaşlarını aldatmağa çalışır, «Bizə 10 gün vaxt versinlər, bir işdir olub, şeytan bizi yoldan çıxardıb…»- deyərək bəhanələr uydururlar və s. Amma bilməlidirlər ki, problem həllini tapmalıdır. Bunu onlara bizim də yaxından tanıdığımız, hörmət bəslədiyimiz dostları deyiblər. Amma və lakin… Çünki bir fırıldağın toruna düşən, 4 aydır banka faiz ödəməyə məcbur edilən şikayətçilərdən 5 min ton metallom vədi ilə 100 min manat alan, sonradan bu pulun 50 min manatını qaytaran Ceyhun Şirinov və Nazir Mehdiyev… vaxt udmağa çalışır. Amma udmaq istədikləri vaxt isə onların xeyrinə yox, ziyanına işləyir.
***
Beləliklə, bu günlərə redaksiyamıza 4 nəfər gəlmişdi. Onların hamısı Gəncənin Kəpəz rayonunda, sonralar isə Bakının Qaradağ və Sabunçu rayonlarının prokuroru olmuş Ceyhun Şirinovdan və Nazir Mehdiyevdən şikayətçi idilər. Məlum olurdu ki, hazırda təqaüddə olan C.Şirinov və Nazir Mehdiyev öz nüfuzundan və keçmiş əlaqələrindən «məharətlə» istifadə edərək, qılıncını sıyırıb düşüblər sadə, əliqabarlı insanların üstünə. Kiminin halal torpağını, kiminin sənədli evini, kiminin də müxtəlif iş qurmaq adı ilə yüz min manatlarla pulunu mənimsəyib sabiq prokuror. Bütün bunların hamısının da altından hələki quru çıxıb. Yəni, sabiq prokuror keçmişdə sıx dostluq əlaqələrində olduğu prokurorlardan (Hazırda fəaliyyətdə olan həmin prokurorların adları bizə məlumdur- RED.) məharətlə istifadə edərək, sadə insanların malını, pulunu asanca mənimsəyir və heç kim də ona “gözün üstə qaşın var” demir. Nəticədə cəzasız qalacağından arxayın olan C.Şirinov aldadıb malını, pulunu mənimsədiyi insanların sırasını daha da genişləndirib və fırıldaqçılığın yeni üsullarını tapmaqla, bu “peşəni” daha da inkişaf etdirib. Bütün bunları görəndən sonra, belə qənaətə gəlmək olur ki, sabiq prokuror bu sahədə əməlli-başlı püxtələşib…
Alıb-aldatmanın anatomiyası…
Redaksiyamıza gəlmiş şikayətçilərdən biri, Bakı şəhəri sakini Abdullayev Emil Cavadağa oğlunun və daha üç zərərçəkmişin adından Prezident cənab İlham Əliyevə, Baş prokuror Cənab Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə baş idarəsinin rəisi cənab Nazim Rəcəbova, daxili işlər naziri cənab Vilayət Eyvazova, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə və surəti “Təzadlar” qəzetinin və eyni adlı saytın rəhbərliyinə ünvanlanmış müraciəti adamı dəhşətə gətirir. Fikirləşirsən ki, hüquqşünas olan, qanunları əzbər bilən, uzun illər dövlətin mənafeyini qorumuş(artıq buna istər-istəməz şübhə edirsən-RED.), haqq-ədalət carçısı sayılan bir adam bu qədər qanunsuzluğa necə yol verə bilər?
E.Abdullayev və digər zərərçəkmişlər hələki Baş Prokuror Kamran Əliyevə müraciətində yazır:
«Hörmətli cənab Baş Prokuror!
Biz dördümüz də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Əsas fəaliyyətimiz əlvan və dəmir metallarının (metallom) alışı və satışını həyata keçirməkdir. Bir gün məlumat verdilər ki, Gəncənin Kəpəz rayonunun, Bakının Qaradağ və Sabunçu rayonunun prokuroru işləmiş, hazırda təqaüddə olan, bu günlərdə isə Baş Prokurorluğun Fəxri Fərmanı ilə təltif edilmiş Ceyhun Şirinov metallom alveri ilə məşğuldur və bizə 5 min ton metal verə bilər. C.Şirinovla tanış olub, iş barədə söhbət aparmaq üçün 2026-cı il mayın 13-də Bakının Nizami rayonu ərazisindəki restoranların birində görüşdük. Görüşdə mənimlə birlikdə metal alışı və satışı ilə rəsmi qaydada məşğul olan Tural Cəfərov, Vüqar, Seyid, Abuzər, həmçinin özünü Bakıda Dəmiryol QSC-nin ağsaqqalı kimi təqdim edən, əvvəllər «Azəriqaz»da işləmiş Nazir Mehdiyev də iştirak edirdi. Bu insanların şahidliyi ilə 5 min ton metal almaq məqsədi ilə Ceyhun Şirinova əvvəldən danışıldığı kimi 100 min manat pul verdik.

«Ramiz Əmirov bildirdi ki, ”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun atası onun yaxın dostudur və…»
C.Şirinov pulu alandan sonra elə oradaca söz verdi ki, qısa müddətə danışılan həcmdə metalı bizə veriləcək. Biz bu dəfə Ceyhun Şirinova və Nazir Mehdiyevə daha çox inandıq. Bu görüşdən iki gün sonra, yəni mayın 15-də onlar bizi metalın alınması üçün İmişli Ağsaqqallar Şurasının sədri olan Ramiz Əmirovla görüşdürdülər. Başa düşdük ki, puldan ona da çatıb… Ramiz Əmirov bildirdi ki, ”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun atası onun yaxın dostudur. Onun vasitəsi ilə nə qədər lazım olsa, metal verə bilər. Bundan əlavə, Ramiz Əmirov dedi ki, İmişlidə 12 km. istifadəsiz qalmış dəmir yolu relslərini və istismardan şıxmış vaqonları da bizə təhvil verə bilər, bunun haqqı ayrıdır və s. Hətta bizə bu işlər üçün tenderə sənəd hazırlayacaqlarını, bizim tenderdə qalib gəlməyimiz üçün də iş görəcəklərini və s. dedilər.
Hörmətli Kamran müəllim, daha sonra Ceyhun Şirinov bizi söhbətdə iştirak edən və şəriki adlandırdığı Nazir Mehdiyevlə daha ətraflı tanış elədi. N.Mehdiyev bildirdi ki, “Mənə 21 gün vaxt verin. Bu müddət ərzində sizin tenderə daxil edilməyinizə yardımçı olacağam, yuxarılarla danışıq aparıb müqavilənın bağlanmasını təmin edəcəyəm” və s. Biz ona da inandıq. N.Mehdiyev onu da əlavə etdi ki, onların arxasında Lerikin sabiq deputatı, “Kaspian Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin rəhbəri İqbal Məmmədov dayanır. Ona görə də heç kim onlara heç nə edə bilməz. Sabiq prokuror Ceyhun Şirinov isə N.Mehdiyevin sözlərinə qüvvət olaraq belə dedi: “Mənim də arxamda Baş Prokurorluqda mühüm vəzifə tutan prokurorlar var. Onlara görə bizə heç kim dəyib, dolaşmır. Yəni, siz işinizi rahat görə bilərsiniz və heç kim sizə mane ola bilməz”.
Biz də rahat olduq ki, ciddi adamlarla iş görəcəyik. Amma “sən saydığını say, gör fələk nə sayır”. Günlər həftələri, həftələr ayları əvəz elədi, ancaq vəd olunan metalı ala bilmədik. Belə olan surətdə 4 nəfər olaraq borc götürdüyümüz və verilən 100 min manatın qaytarılmasını tələb etdik. Çox ciddi dirəniş göstərəndən və uzun müzakirələrdən, mübahisələrdən sonra pulun 50 min manatını qaytardılar. Qalan 50 min manatı isə 4 aydır ala bilmirik.
Hörmətli Kamran müəllim, xeyirxah, humanist bir Baş Prokuror olaraq Sizdən artıq dərəcədə xahiş edirik, bu günlərdə Fəxri Fərmanla təltif etdiyiniz sabiq-veteran, ağsaqqal prokuror Ceyhun Şirinovdan, Nazir Mehdiyevdən və onun özü kimi yalançı və fırıldaqçı dostlarından qalan 50 min manatın alınıb bizə qaytarılması üçün lazımı qurumlara göstəriş verəsiniz. Biz borc yiyələrinin qarşısında aciz qalmışıq.
Əvvəlcədən sizə dərin təşəkkürümüzü bildiririk!».
Fırıldaqçılığın ömrü qısa oldu, amma…
Göründüyü kimi, sabiq prokuror Ceyhun Şirinov və bu qanunsuzluqlarda ona kömək etmiş Nazir Mehdiyev, İmişli Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov sahibkarlara qənim kəsiliblər, insanların ümidini məhv edirlər… Bütün bunlara aydınlıq gətirilməsi üçün əvvəl qeyd etdiyimiz kimi, «Media haqqında» Qanuna uyğun olaraq, əks tərəfin mövqeyini öyrənmək məqsədi ilə adları çəkilən şəxslərlə əlaqə yaratmağa çalışdıq. Sabiq prokuror C.Şirinovun sonu 00-01-lə qurtaran Bakcell və sonu 23-43-lə qurtaran Azərcell nömrələrinə dəfələrlə zəng etsək də, telefonu açmadı.
Nazir Mehdiyevlə isə şikayətçi Emil Abdullayevin telefonu vasitəsi ilə danışdıq. N.Mehdiyev 50 min manat pulu tezliklə dostları ilə danışıb qaytaracaqlarını bildirdi və bu barədə Ceyhun Şirinovla da danışacağını qeyd etdi. Fürsətdən istifadə edib, Nazir müəllimdən xahiş etdik ki, sözümüzü Ceyhun müəllimə də çatdırsın və o öz mövqeyini bildirmək üçün, ya zəngimizə cavab versin, ya da özü bizimlə əlaqə saxlasın, bəlkə şikayətçilərin söylədikləri həqiqəti əks etdirmir… Nazir müəllim söz verdi ki, xahişimizi mütləq C.Şirinova bildirəcək. Amma çox təəssüf ki, N.Mehdiyev özü də də sonradan etdiyimiz zənglərə cavab vermədi, bizi bloka atdı…
***
Zəngimizə həmişə cavab verən isə İmişli Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov oldu. Səhətində problemlər olsa da, bizimlə çox mədəni və normal şəkildə danışırdı. Hər dəfə deyirdi ki, sözünüzü Ceyhun müəllimə çatdırmışam və deyir ki, qalan 50 min manat pulu qısa vaxtda qaytaracaqlar. Ramiz müəllimə hər zəngimizdə xahiş edirdik ki, ağsaqqal kimi nüfuzundan istifadə edib Ceyhun müəllimə qanunsuzluq etdiyini başa salsın və o da bizimlə əlaqə saxlasın. Çox təəssüf ki, sabiq prokuror yaxın dostu olan Ramiz müəllim kimi hörmətli ağsaqqalı da eşitmədi. Amma inanırıq ki, şikayətçi Emil Abdullayevin və digərlərinin müraciət etdiyi qurumlardan edilən zənglərə sabiq prokuror Ceyhun Şirinov və Nazir Mehdiyev cavab vermək məcburiyyətində qalacaqlar.
***
C.Şirinov haqqında daha ətraflı məlumat öyrənmək üçün internetdə axtarış verdik. Kaş ki, bunu etməyəydik. Çünki sabiq prokuror haqqında bir dənə də normal məlumat çıxmadı. Çıxan məlumatların hamısında C.Şirinovun kimisə aldatmağından, kiməsə kələk gəlməyindən, kiminsə evini, torpağını qanunsuz olaraq zəbt etməsindən və s. kimi “qəhrəmanlıqlarından” bəhs edilirdi. İndi sabiq prokurorun bu “qəhərmanlıqları” ilə sizləri də tanış etmək istədik…
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu
P.S.Şikayət məktubunu aidiyyəti rəsmi qurumlara, o cümlədən Azərbaycanın hüquq mühafizə orqanlarına göndəririk. İnanırıq ki, bu problemin Ceyhun Şirinov «buzu» tezliklə əriyəcək, gənc, arxasız və imkansız, borca salınmış sahibkarların haqqı özünə qayıdacaq…








