Merilin vos Savant uzun illər dahiliyin simvolu hesab edilən adlardan biri olub. Onun intellekt səviyyəsinin 228 intellekt səviyyəsi balı olduğu göstərilib.
Tezadlar.az dünyanın ən ağıllı qadınlarından biri hesab edilən Merilin vos Savantın həyatının maraqlı məqamalrını təqdim edir.
Uşaqlığı və təhsili
Merilin 1946-cı ildə ABŞ-ın Sent-Luis şəhərində anadan olub. Atası italyan, anası isə Almaniyadan olan mühacirdir. Babaları mədənçi işləyib və ailədə intellektdən daha çox zəhmətkeşlik və intizama dəyər verilib.
Buna baxmayaraq, Merilin kiçik yaşlarından qeyri-adi bacarıqları ilə diqqət çəkib. Onun kitabları yaddaşdan təkrar edə bildiyi, 10 yaşına qədər isə 24 cildlik ensiklopediyanı oxuyub öyrəndiyi bildirilir.
Məktəbdə xüsusi olaraq seçilməyib. Atasının kitab mağazasında işləyib, həvəskar videolar çəkib. Universitetə daxil olsa da, iki ildən sonra təhsilini yarımçıq qoyub. O, alim deyil, jurnalist olmaq istədiyinə qərar verib.
İntellekt səviyyəsi testləri və rekord
1956-cı ildə onun verbal bacarıqları Stanford–Binet testi ilə yoxlanılıb. Nəticə 228 bal olub.
Daha sonra Nyu-Yorkda Ronald Hoeflin hazırladığı Mega Testi verib və burada 186 bal nəticə göstərib. Bu göstərici onun rəsmi olaraq ən yüksək inellekt səviyyəsinə malik şəxslərdən biri kimi tanınmasına kifayət edib.
Lakin 1990-cı ildən etibarən Ginnesin Rekordlar Kitabı bu kateqoriyada rekordları qeydə almağı dayandırıb.
Buna səbəb intellekt səviyyəsi testlərinin müxtəlif metodologiyalara əsaslanması və nəticələrin bir-biri ilə dəqiq müqayisəsinin çətin olması göstərilib.
Monti Holl paradoksu
Merilin vos Savantın adı ən çox Monti Holl paradoksuna verdiyi cavabla məşhurlaşıb.
Oxuculardan biri ondan soruşmuşdu ki, yarışmada üç qapıdan biri seçildikdən sonra aparıcı uduzan qapılardan birini açarsa, ilkin seçimi dəyişmək lazımdırmı?
Merilin cavab vermişdi ki, qapını dəyişmək daha sərfəlidir. Çünki bu halda qalib gəlmək ehtimalı 1/3-dən 2/3-ə yüksəlir.
Bu cavab ciddi mübahisələrə səbəb olub. Hətta bəzi riyaziyyatçılar onun səhv etdiyini iddia ediblər.
Lakin sonradan hesablamalar Merilinin cavabının doğru olduğunu göstərib. İlk baxışdan məntiqsiz görünən nəticə əslində riyazi baxımdan düzgün idi.
Hazırda nə ilə məşğuldur?
Merilin vos Savant uzun illər oxucuların suallarını cavablandırdığı və məntiq tapşırıqlarını həll etdiyi köşə yazıları ilə məşğul olub.
2008-ci ildən etibarən müxtəlif məntiq tapmacaları və intellektual oyunlar hazırlayıb. O, həmçinin təhsil və istedadlı uşaqların inkişafı ilə bağlı müxtəlif təşkilatların fəaliyyətində iştirak edib.
Merilin Manhettendə həyat yoldaşı Robert Jarviklə yaşayır. Robert Jarvik daimi implantasiya edilə bilən süni ürəyin yaradılması ilə bağlı fəaliyyəti ilə tanınır.
Merilin vos Savant indi nə edir?
O, yazıçılıq və publisistik fəaliyyətini davam etdirib, məntiq tapmacaları hazırlayıb və istedadlı uşaqları dəstəkləyən təşkilatların fəaliyyətində iştirak edib.
Merilin vos Savant hazırda həyat yoldaşı ilə Nyu-Yorkda yaşayır.






