Əsas məzmuna keç

Rəsmi Bakı Gürcüstan Patriarxlığının bəyanatına reaksiya verib

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində (Qax rayonunda) yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib. Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir: “Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil”. Bəyanatda vurğulanıb ki, dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir: “Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”. Məlumat üçün bildirək ki, Gürcüstan Patriarxlığı Azərbaycan ərazisində yerləşən Kürmük məbədi və onun ətrafında aparılan işlərlə bağlı mediada yayılan məlumat və foto-video materiallardan narahatlığını ifadə edib. Patriarxlığın bəyanatında qeyd olunub ki, məbəd hazırda Azərbaycan ərazisində yerləşsə də, Gürcüstan və Gürcüstan kilsəsinin tarixi və mənəvi irsinin mühüm abidələrindən biridir. Patriarxlıq kilsədə aparılan işlərin məqsədi, onların hansı araşdırmalara əsaslandığı və kim tərəfindən həyata keçirildiyi ilə bağlı sualların yarandığını bildirib. Qeyd olunub ki, Gürcüstan Patriarxlığı bu fəaliyyətlərlə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarından rəsmi məlumat almayıb. Bəyanatda Gürcüstan dövlət qurumları məsələni araşdırmağa, rəsmi məlumat əldə etməyə və gürcü mütəxəssislərin prosesə cəlb olunmasına çağırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…