“Təzadlar”a Bakı məktəblərinin birindən daxil olmuş bir şikayət məktubundakılar tükürpədici təsir bağışladı… Məktubda qeyd olunurdu ki, sən demə, xeyli müddətdir Bakı şəhər Təhsil İdarəsində yaradılmış bir MMC məktəblərdən hər şagirdə görə ayda 1 manatdan pul alır! Özü də heç bir müqavilə olmadan, qəbz vermədən, sadəcə, nəğd şəkildə.
Şikayətdə başqa detallar da vurğulandığından və adlar çəkildiyindən bu barədə araşdırma və dəqiqləşdirmə aparılır, sonra ətraflı bəhs ediləcək. Çünki məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Bakı şəhər Təhsil İdarəsinin iş telefonlarına zəng etsək də, cavab verilmədiyindən, hər iki rəsmi qurumun elektron poçtuna bu barədə media sorğusu göndərmişik, hələki cavab yoxdur. Olarsa, təqdim ediləcək. “…Əvvəllər hər şagirdin sayına görə adambaşı ayda 50 qəpikdən bufetin icarəsi kimi pul alardılar. İndi bu məbləği 1 manata qaldırıblar… Adı da budur ki, bufet məktəbdədir, şagirdlərə xidmət göstərir, deməli, məktəbdə icarədədir. Axı şəxsən bizim məktəbdəki bufet ayda bəzən bu qədər qazanc əldə etmir, çünki şagirdlərin demək olar hamısı evdən yemək və ya şirniyyat gətirir, fasilədə istifadə edirlər. Özlərini Bakı şəhər Təhsil İdarəsində yaradılmış bir MMC- nin (adı da yazılıb.RED.) rəsmisi kimi təqdim edən şəxslər isə bu bəhanə və səbəblərlə hər ay məktəbimizə gəlirlər və hər şagirdə görə 1 manatdan pul alıb gedirlər. Nə müqavilə və ya akt yazılır, nə də qəbz verilir… Bu həm də büdcə öhdəliklərinin pozulmasıdır…”- məktubda yazılıb.
Beləliklə, Təhsil Nazirliyindən və Bakı şəhər Təhsil İdarəsindən bu məsələyə aydınlıq gətirilməsini istəyirik.
XXX
XATIRLATMA: 2026/2027- ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ümumilikdə təxminən 504 413 şagirdin təhsil alır. Bu o deməkdir ki, adı hallanan həmin MMC- nin nümayəndələri hər ay məktəblərdən 500,4 min manat pul yığıb gedirlər. Sizcə, bunun adı nədir??? Bu ildə milyonlarla manat deməkdir!
Onu da deyək ki, hazırda Bakı şəhər Təhsil İdarəsinin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
“Təzadlar”ın Araşdırma Qrupu rayonlarda da belə halların baş verməsi barədə məlumatı araşdırır. Bu barədə də təəssüfedici məlumatlar var… Elədirsə, deməli, cənab nazir Emin Əmirullayev bilməmiş deyil ki, ölkə üzrə şagirdlərin ümumi sayı 1,6-1,7 milyondursa, deməli, hər ay ölkə məktəblərindən ortalama 1 milyon 620 min manat pul yığılır. Bu rəqəmi ilin 10-12 ayına(tədris müddətinə) vuranda təxminən 16-17 milyon manat edir! Pis rəqəm deyil… Məktəb direktorları bu qədər pulu hardan əldə etməlidir, artıq hamı bilir, yaxud bilməmiş deyil…
Araşdırma və dəqiqləşdirməmiz davam edir!
“Təzadlar”ın Araşdırma Qrupu







