Əsas məzmuna keç

Qırmızı yuxu – Racu Şıxlı

(povest)

Əvvəli:

4.https://tezadlar.az/172125-2/

3.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-3/

2.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-2/

1.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli)

Yenə fikir məni qanadlarına alıb, apardı xidmət etdiyim “N” saylı hərbi hissəyə. O günə… Məni  tibb məntəqəsindən tibb maşınına qaldıraraq Bakıya yola salan çavuş Sarıyevin yanına. Onun maşının arxa ləkəli şüşəli qapılarından mənə zillənən gözlərinə. Bütün olanları bir-bir ötürdüm gözümdən. Özümə gələndə artıq həyətdəki tibb maşını getmişdi. Fəyad edən ananın da səsi kəsilmişdi. Özünə məni pərçim edib, bərk-bərk sıxan anama baxdım. O da mənə baxdı:

–Anan qara gözlərinə qurban, bayaqdan özünlə danışırsan. Yaxşısan?

–Dünyamın günəşi! Mən əlayam! Gedək, üşüdüm – deyib, anamın alnından öpdüm. Təsəvvür belə etmək istəmədiyim bütün fikirləri beynimdən dağıdıb, anamla birlikdə palataya döndük. Artıq hava qaralmışdı. Nədənsə anam bu gecəni evə getmək istəmirdi. Amma mən artıq bədənimdəki əzablarla qıvrılan təlatümlü günləri reanimasiyada qoyub gəldiyim üçün Polkovnik hospitala – gecələr yanımda qalan anamın buraxılış məntəqəsinə təqdim edərək keçdiyi buraxılış – icazə kağızını ləğv etdirmişdi. Yəni, anam artıq palatada mənimlə birlikdə qala bilməzdi. Axı burada hərbin qanunları keçərli idi. İndi atamın gəlişi mənə bayram olacaq idi. Anamı tez aparsın evə. Yoxsa fikirdən huşunu itirəcəkdi zavallı anam. Hiss edirdim ki, az öncə aşağıda özünü yerdə sürüyən ananın acı fəryadı təsir etmişdi anama. Hələ də o təsirdən çıxmamışdı. Çünki o ana dünyalar qədər sevdiyi, bəbəklərinin yağında bəslədiyi, bəlkə də evinin yeganə övladı olan – əsgər oğlunu itirmişdi. Məni isə tam fərqli mənzərə öz təsirində boğurdu… Palatadakı səssizliyi tibb bacısı Gümüş pozdu. İndi o daha fərqli görünürdü. Sısqa bədəni dolğun, arıq uzun sifəti yupyumuru, qalın qaşları seyrək, donba gözləri isə incə, qıyılmış və zəhmli. Bəli, bizim sevimli Gümüş xanım bu dəfə palataya ağ tibb xalatında yox, hərbi formada daxil olmuşdu. Formasının sağ qolundakı rütbə nişanı – baş çavuş idi. Hə, Gümüş xanımın bu dəfəki qaməti, baxışı heç də Polkovnik Poladzadədən geri qalmırdı. Anamı görən kimi baş geyimini çıxartdı. Düzdü bu zaman qalın qaşları həmişəki kimi qabarıb önə çıxsa da əynindəki formaya xüsusi gözəllik qatmışdı. Cəld anamı qucaqladı. Hər iki üzündən incə hərəkətlə öpdü. Anam da buna qarşılıq verdi. Hətta anamın Gümüşün qalın qaşlarının tən ortasından öpməsi, öpüşün sayını üçə çatdırdı.

–Maşalla, Gümüş qızım, forma səni daha cazibədar göstərir.

 Qaşlarımı yuxarı qaldırıb, başımla anamın ifadəsini təsdiqlədim.

–Maşallah gününüz olsun, anacan! Siz də bu gün çox gözəl görünürsünüz. Uzun arıq sifətində sezilən qəmzələr Gümüşü daha da cazibədarlaşdırdı.

-Bu gün son günümdür. Sınaq müddətim tamamlandı. İndi gözləyirəm görüm təyinatımı hara verəcəklər.

Gümüş danışdıqca onun arıq, uzun sifətində donbalan iri, qara gözlərindəki parıltını ayırd edə bilmirdim. Bu orada donmuş yaş gilələri idi, yoxsa təyinatını həyəcanla gözləyən sevinc parıltısı… Beləcə anamın bu gün gördüyü acı mənzərəni baş çavuş Gümüşün şirin söhbətləri şirinləşdirib, bala qatdı. Az-az sinəmdə ağrılar var idi. Görünür hələ tam sağalmamışdı ciyərlərim. Çarpayıma uzanıb, Bədəlovdan romantik bir şeir oxumasını xahiş etdim. Bədəlov boğazını arıtlayıb başladı ötməyə.

“Qəribə mənzərə yenə məni təqib edirdi. Xəstəxananın həyəti, dəhlizi, palatamızın içi: hər tərəf qıpqırmızı rəngə qərq olmuşdu. Qırmızı iri xalılar eninə-boyuna göz oxşayırdı. Xəstəxananın həyətindəki söhbət guşəsinin yaşıl damını da  rəngsazlar qırmızı rənglə boyayırdılar. Bu ara polkovnik palatanın qapısını açıb içəri girdi. Təxris olunurdum. Amma nədənsə valideynlərim gəlməmişdi. Elə bu fikirlərlə pəncərəyə yaxınlaşdım ki, gördüm anam, atam, bacım və qardaşım guşədə əyləşiblər. Anam məni görən kimi əl edib güldü. Birtək anam həmin o qırmızı kəlağayıya bürünmüşdü. Qoz ağacının altındakı taxta qutunun içindəki nəm ipək parça. Anam onu başından hələ də açmamışdı. Biz birlikdə kənddəki evimizə gəldik. Atam ermənilərin uçurduqları daş pilləkənimizi yenidən tikib düzəltmişdi. Başa düşmədim, bu həngamədə atam belə bir vaxtı haradan tapmışdır ki, illərdi uçub dağılmış daş pilləkəni düzəldə bilsin. Elə yenicə ayağımı pilləkənin birinci pilləsinə qoymuşdum ki, eyvandan nənəmin səsi məni ürkütdü. Cəld uzun, pilləkənin boyuna tikilmiş qırmızı xalçanı yuxarıdan aşağıya yelləyib, güldü. Sonra necə oldusa ağlamağa başladı. Birdən bərk külək qopdu. Anamın  neçə vaxtdır özünü bürüyüb, içində gəzdiyi qırmızı kəlağayını külək alıb havaya qaldırdı. Kəlağayı göydə bərq vurub, qoz ağacının lap başına ilişib qaldı. Elə maraqlı mənzərə idi ki; al qırmızı kəlağayının arxasından bərq vuran günəş də qıpqırmızı görünürdü. Atam hündür bir nərdivanı ağacın iri gövdəsinə dayayıb, taxta nərdivanın pillələrinə ehtiyatla toxunaraq ağacın lap zirvəsinə qalxmağa başladı. Atam ağacın başına tez çatmağa çalışırdı ki, budağa ilişib, havada bərq vuran qırmızı kəlağayını oradan alsın. Bacım həyəcandan böyümüş gözlərini taxta nərdivana elə zilləmişdi, qorxurdu ki, nərdivanın yuxarıya doğru üfüqü düzülmüş, nəm çəkən taxta pillələrinin əksəriyyəti çürümüşdü. Hər an çürümüş pillə ortadan ikiyə bölünə bilər, atam hündür nərdivandan yıxıla bilərdi. Elə bu zaman tanış səs qulaqlarımda uğuldadı. Yenə mənfur düşmənin pozduğu atəşkəs… Anam həyəcanla atama tərəf çığırdı. Amma güllələrin şiddətli səsindən atam anamın çağrışını eşitmirdi…”  Bu sabah özümü yaxşı hiss edirdim. Gözlərimi açanda başımın üstündə Bədəlovu gördüm. Diksinib yerimdən dik qalxdım.

–Gözün aydın, müəllim! Təxris olunuram bu gün.

Bu xəbərə sevinsəm də üzümdə bir məyusluq hiss olundu. Üzüm-gözüm Bədəlova o qədər öyrəşmişdi ki, onsuz palatada necə qalacağımı dərd etməyə başlamışdım ki, dərdimə əlac tapıldı. Palatamızın toppuş tibb bacısının çəkisinə uyğun olmayan səs tonu qulaqlarımda cingildədi:

-Alıyev Rəvan! Hazırlaş! Bu gün təxris olunursan!

Əvvəlcə Bədəlovla bir-birimizə baxışdıq. Sükut baxışlarımızda asıldı. Belə bir neçə ötən saniyə ötdü. Qəflətən qucaqlaşıb bərabər ucadan qışqırdıq.

–Biz xəstəliyə qalib gəlmişik!

O günü elə sevinmişdik ki, şöbədə baş həkim Polkovnik Poladzadənin olduğunu belə unutmuşduq. Səsimizə tibb bacıları cəld palataya axışıb, şəhadət barmaqlarını dodaqlarına yapışdırıb, gözlərini ağartmışdılar ki, səsimizin tonunu azaldaq. Axı Poladzadə şöbədə idi. Amma mən Bədəlovla buna məhəl qoymadım. Heç polkovnik də səsimizdən narahat olub palataya gəlmədi. Yəqin o, da sevinirmiş bizim birlikdə təxris olmağımıza. Elə həmin günü bizə məlum olmuşdur ki, xəstəxanaya da eyni gündə daxil olmuşuq. Səhər tezdən Bədəlov, günortaya yaxın isə mən. Qismətə bax…eyni gündə daxil olduq, eyni xəstəliklə mübarizə apardıq, eyni gündə sağaldıq və eyni gündə də təxris oluruq. Beləcə vədə gəldi. Anamla atam elə sevinirdilər. O günü yazmaqla təsvir etmək mümkünsüz idi…

–Bədəlov, qardaşım, bəs sənin valideynlərin hanı? Onlara xəbər etməmisən ki, bu gün çıxırsan?

Bədəlov sanki nə məni görürdü, nə də səsimi eşidirdi. Çarpayısının üstünə əyilib hospitala özəl tikilmiş sepiya rəngli yun, bir qədər də cod parçadan tikilmiş üzlüyü – çarpayı örtüyünü səliqəyə salmaqla məşğul idi. Astaca ona yaxınlaşıb, əlimlə ona toxundum. Bədəlov üzünü mənə tərəf çevirdi. İlk dəfə idi onun tünd qəhvəyi rəngli gözlərində yaş gilələnmişdi.

–Əmidostumla əmim gəlib. Həkimin yanındadırlar.

O, Səsinin titrəməsini ört-basdır edə bilmədi. Olduğum yerdəcə hərəkətsiz qaldım. Qulaqlarım atamın qoz ağacına ilişən qırmızı kəlağayını ilişdiyi budaqdan xilas edərkən atılan güllə səsləri kimi küt cingildədi.  şaqqıldadı qulaqlarımda. İçimdə: “Yox…Yox… Bu o deyil. Onun yozumu tam başqadı…” – deyərək özümə təsəlli verdim. Hələ xəstəxanadan çıxmağımıza bir neçə saat var idi. Bədəlovla eyni çarpayının üstündə oturduq. Bədəlov mənə öz həyat hekayəsini danışmağa başladı: Anası rəhmətə gedəndə Bədəlov lap körpə imiş, atası Bədəlovu nənəsinə tapşırıb, Almaniyaya işləməyə gedir. Nənəsinin ömrü çatmır Bədəlovu böyüdüb əsgərliyə yola salmağa. Atasından bu günədək xəbər-ətər yox imiş… Beləcə Bədəlovu əmisi himayəsinə götürür… Bədəlov danışdıqca mən xəyallarımın müəmmalı səthində gicəllənirdim. Qırmızı məxmər tüllü pərdələr, havada süzən qırmızı buludlar, qırmızı qanadlı toyuğumuz, qırmızı boyalı yellənçəyimiz, qırmızı ləkəli ağ kəlağayılar, qırmızı günəş, qırmızı yarpaqlı qoz ağacı, qırmızı xalılar döşənmiş xəstəxana, qırmızıya boyanmış dam örtüyü, nənəmin daş pilləkənə sərdiyi pilləkən boyu qırmızı xalça, və anamın büründüyü qırmızı ipək kəlağayı. Bu qədər qırmızı işarəni bir-bir xatırlamağım bəlkə də onların içində məna axtarmaq cəhdim idi. İnsan anlaşılmazlığın qarşısında aciz qalanda təsadüfləri bir-birinə calayıb özünə izah qurmağa çalışır. Qırmızı bəzən bayraq, bəzən qan, bəzən də evin istiliyi idi. Hələ bilmirdim ki, yaddaş bir rəngin içinə bir-birinə zidd neçə dünya sığışdıra bilər; insanın ən şirin xatirəsi ilə ən böyük qorxusu bəzən eyni rəngdə görüşürmüş…

Beləcə bir aylıq qonağı olduğum xəstəxanayla vidalaşıb, evimizə gəldim. Hospitaldan ayrılarkən Bədəlovla əlaqə telefon nömrələrimizi paylaşdıq. Mütləq xidmətimizi başa vurduqdan sonra necə deyərlər mülki həyatda zəngləşib, görüşəcəkdik. Bəlkə də bu günləri xatırlayıb, gah gülüb, gah da ağlayacaqdıq. Biz Qarabağdan didərgin düşərkən paytaxtın gözdən iraq dərin dərə deyilən ərazisində tikintisi Sovet dövründən yarımçıq qalmış uçuq-sökük dörd mərtəbəli binada məskunlaşmışdıq. Binanın tikintisi yarımçıq qalsa da memarlıq üslubundan və binanın fasad görnüşündən aydın bilinirdi ki, tikintisi vaxtında tamamlansaydı həmin bina respublikada ən böyük mərkəzi xəstəxana olardı. Şəhərlilər məcburi köçkün ailələrin məskunlaşsa da yaşamaq üçün əlverişli olmayan, betonları ovularaq hər gün hissə-hissə tökülən binaya “Titanik gəmisi” adı vermişdilər. Həmin binanın 3-cü mərtəbəsində də biz yaşayırdıq. Yağış yağanda evin tavanından evin hər tərəfinə süzülən yağış damcılarından otaqların suyla dolmasının qarşısını almaq məqsədilə zəminə düzdüyümüz qazanlara, vedrələrə tökülən damcıların yaratdığı ritmik melodiya sayəsində səhəri dirigözlü açsaq da, bir damın altında hürr və xürrəm həyat sürməyə davam edirdik… Süfrəmiz bərəkətli, canımız sağlam, qonşularımız da çox mehriban idi. Gəlişimə bütün məhəllə hazırlaşmışdı. Bir anlıq fikrə daldım: torpaqlarımızın ərazi bütövlüyü uğrunda apardığımız haqq savaşı bizim xeyirimizə bitib, və rəşadətli ordumuz Qarabağı azad edib, mən də bu döyüşdə qəhrəmanlıq göstərib, döşlərimdə şərəf ordenləri ilə evimizə dönürəm. Hamı da məni əllərində üç rəngli bayraqla qarşılamağa gəlib. Birdən bu fikridən ayılıb, bilaixtiyar öz-özümə uca səslə dedim: “İnşəAllah o gün lap yaxındadır!”

Anam nəyə inşəAllah dediyimi bilməsə də, boynuma sarılıb, uca səslə gurladı:

–İnşəAllah, ay oğlum, inşəAllah!

Masalar baş-başa qoyulub, al-qırmızı süfərlər sərildi. Naz neymətlər düzülüb, hamı təbrikə gəldi. Hələ hərbi xidmətimi bitirməyimə bir il, iki ay qalmışdı. Cəmi dörd ay xidmət etmişdim ki, onun da bir ayını hospitalda canımla əlləşmişdim. Elə qohum-tanış da salamat xəstəlikdən qurtulub, evə – məzuniyyətə gəldiyimi qeyd etmək üçün bir yerə toplaşmışdılar. On beş günlük məzuniyyət elə tez gəlib çatdı ki, heç ruhum da incimədi. Məzuniyyətdə olduğum sürəcə bir neçə dəfə palata yoldaşım Bədəlovla da görüşmüşdüm. Hər ikimizin də evdə sonuncu gecəsi idi. Sabah Bədəlov xidmət etdiyi öz hərbi hissəsinə, mən də öz hərbi hissəmə gedəcəydim. Həmin səhər gəlib özünü bizə çatdırdı. Ayrılıq zamanı idi… Yenidən hərbi xidmətə qayıdırdım. Düz bir il, iki aydan sonra geri dönəcəkdim və anamın ləzzətli yeməklərini yeyib, gecələr onun şirin, həzin laylası ilə yuxuya gedəcəkdim. Güzgü önündə qarşımda dayanıb, kitelimin boyunluğunu səliqəyə salan anamın nədənsə əlləri əsirdi. Tez-tez gözlərimdən öpür, dağılan telimə sığal çəkib, düzəliş verirdi.

–Əsgər balam! Sənin yolunu gözləyəcəm! Sağ-salamat gəl, gözaltı etdiyim var gedib qapısına üzüyü taxacam barmağına!

–Ay mənim mələk anam! İnşəAllah arzuna çatdıraram səni!

–Bilirsən də ikinci arzum da var…

–Bilirəm, günəşim! Oğlun məşhur yazıçı olacaq…

–Mən də böyük gül dəstəsi bağlayacam və yazıçı balamın ilk kitab təqdimatına gedəcəyəm.

-Mən də imzalı kitabımı anama təqdim edib o günü əbədiləşdirəcək xatirə fotoşəkil də çəkdirəcəyik!

-İnşəAllah, ay oğul!

Beləcə xısın-xısın bir müddət güzgü önündə ana-bala arzularımızdan danışdıq. Bacımla, qardaşımla qol-boyun olub, vidalaşdım. Atamla gedəcəyim üçün onu qucaqlamadım. Özümü saxladım hərbi hissənin buraxılış məntəqəsinə. İndi qəribə hisslər burulğantək burulub, vücudumu titrədirdi. Qapıdan çıxmaq istəyirəm bacarmıram…bir də cəhd, alınmır. Tez-tez geri dönüb, anamla qucaqlaşırıq. Özümü hönkürüb, ağlamaqdan güclə saxlamışdım. Axı əynimdə əsgər forması var idi. Sel olan göz yaşlarımın ətəklərini isladacağı formaya yaraşmazdı ağlamaq. Belə bir mənzərə canlanmışdı anamla mənim aramda: eləki bir-birimizi qucaqlayıb, təkrar öpüşürdük  hər ikimiz mətn, gülər üzlü ayrılırıq bir-birimizdən. Elə ki, gözlərimiz bir-birimizdən ayrılırdı bəbəklərimizdə gizlətdiyimiz göz yaşları yanaqlarımızdan üzüaşağı şıram açırdı…təkrar qucaqlaşıb, bir-birimizi doyunca qoxuladıq. Amma inanmırdım ki, doymuşduq bir-birimizdən. Bala anasından, onun qoxusundan heç doyarmı? Özü də o qoxunun meyarı bənzərsizdirsə. Körpə olanda bizim qulağımızın ardından-qulaq seyvanı deyilən yerdən qəribə qoxu gələr. Bəzən o qoxunu cənnətin qoxusuna da bənzədərlər. Özünəməxsus qoxusu olar. Böyüdükcə bədənimizin qoxusu, ağzımızın qoxusu dəyişsə də birtək qulaq seyvanının ardından gələn qoxu dəyişmir. Anam da o qoxunu aramsız ciyərlərinə çəkirdi… son dəfə anamla qucaqlaşıb, vidalaşırdım ki, arxadan gələn titrək səs məni təkrar dayanaraq geri dönməyə vadar etdi.

–Əsgər balam, istəyirəm son dəfə səni yola salarkən üzümə baxıb, güləsən.

Anamın bu sözləri ürəyimə elə sancıldı ki. Anam nə fikirləşirdi. Onu bu sözləri deməyə vadar edən qüvvə nə idi? Bu suallarla beynimi aşsüzən kimi dəlik-dəlik etmişdim ki;

–Bibiqızı, bu nə sözdür? Oğlunla elə sağollaşırsan ki, elə bil birdə onu görməyəcəksən – atamın titrək səsi məni beynimə əzab verən suallardan azad etdi. Sözlə ifadə edə bilmədiyim bu mənzərəni qardaşım dəyişdi.

–Zəhmət olmasa mənə də icazə verin əsgərlə sağollaşım. Mən də əsgər qardaşıyam! – deyərək qardaşım körpə uşaqtək qucağıma atıldı. Araya çökmüş gərginlik gülüş sədaları ilə dolduruldu. Mən anamın bu istəyini yerinə yetirməsəydim qapının kəndarından belə addımımı kənara ata bilməyəcəydim. Odur ki, anamın müqabilində əsgər duruşuyla – farağatda dayandım. Hərbi salamla anamı salamlayıb, məruzə etdim;

–Hörmətli əsgər anası! On beş günlük məzuniyyətimi başa vurduqdan sonra həqiqi hərbi xidmətə geri dönürəm! Bir il iki aydan sonra görüşmək ümüdü ilə… Məruzə etdi baş əsgər Alıyev!

–Boyuna, əsgər adına qurban olum, ay bala!

Anam sözünü tamamlayar-tamamlamaz şahintək üstümə şığıdı. O günü təsvir etmək çox çətin idi mənə. Bilmirəm niyə. Amma evdən, anamdan ayırlmaq istəmirdim. Hətta bir anlıq beynimin alt qatında – təhtəlşüurda atamı qınadım ki; “Niyə vaxtında mənimçün hərbi xidmətə yararsız kağızı düzəltdirməyib?!” Tez də şüurum təhtəlşüuru idarə etməyə başladı ki; “Məgər, qazi övladı vətən borcunu ödəməmiş azadə gəzə bilər?!” Mən atamla birgə Bakı avtovağzalından birbaş xidmət etdiyim “N” saylı hərbi hissəyə gəldik. İndi də atamdan ayrılmaq məqamı idi. Qucaqlaşdıq. Özümə söz vermişdim ki, ağlamayacam. Deyəsən atam da təklikdə özünə söz vermişdi ki, mənim yanımda ağlamayacaq. Belə də etdik. Bir-birimizi davamlı qucaqlayıb, qoxulaşsaq da nə atam, nə də mən ağlamadıq. Bəlkə də sonra atam evə dönərkən yolda neçə dəfə cib dəsmalını gözlərinə sıxıb ağlamışdı.

(Davamı var)

22.11.2026

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…