Əsas məzmuna keç

İNSAN TALEYİNƏ YAZILAN GÖRÜNMƏZ MÜƏLLİM İMZASI

( 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə)

“Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyəsini yalnız ona etibar edir!”.

Ümummilli lider Heydər Əliyev 

…Həyatda elə anlar olur ki, bəzən insanın həyatını, ömür yolunu dəyişdirən insanlar onun yaddaşında adları, soyadları, vəzifələri, titulları ilə qalmırlar. Onlar yaddaşımıza bir baxış, bir cümlə, bir qiymət, bir məsləhət, bəzən isə heç görmədiyimiz, tanımadığımız bir sima kimi həkk olunurlar. Bax, yaxşı Müəllimlər  də beləcə insan həyatına əbədi olaraq daxil olur. Bəlkə də əsl müəllimlik elə budur: tələbəsinin, şagirdinin həyatında özünün də xəbəri olmadan əbədi iz qoymaqdır, qoya bilməkdir. Müəllimlik – tələbəsinin taleyinə, xoş gələcəyinə imzasını həkk etməkdir. Bu gün – 5 Oktyabr, Beynəlxalq Müəllimlər Günüdür. Bu tarix dünyanın müxtəlif ölkələrində müəllim əməyinə verilən ictimai qiymətin ifadəsidir. Lakin müəllimlik elə bir peşədir ki, onun əsl qiymətini heç bir təqvim günü, heç bir mükafat, heç bir fəxri ad tam ifadə edə bilməz. Çünki müəllimin gördüyü işin nəticəsi çox vaxt dərhal görünmürvə ölçülə bilmir. Müəllim bu gün dərs deyir, sabah isə onun yetişdirdiyi insan cəmiyyətə xidmət edir. Bəzən müəllimin bir sözü illər sonra xatırlanır. Bir ədalətli qiyməti şagirdin özünəinamını dəyişir. Bir qayğıkeş münasibət onun həyatında yeni ümid yaradır. Bir tələbə haqqında deyilmiş müsbət fikir onun gələcək yolunun başlanğıcına çevrilir. Deməli, müəllim yalnız bilik vermir, O, insan taleyinə təsir edir, bəlkə də yazır…

Mənim tanımadığım müəllimim…

İllər əvvəl, Beynəlxalq Müəllimlər Günü münasibətilə yazdığım bir xatirə təbrikimdə belə bir etiraf etmişdim:

Universitetə daxil olduğum ildən bəri bir MÜƏLLİMİ tanıdım. Nə adını bildim, nə də üzdən tanıdım. Sadəcə bilirdim ki, mənim həyat yoluma təsir edən, məni yaxşı tələbə kimi görməsə də, yazımdan duyan, tanıyan və qiymətləndirən bir MÜƏLLİM var. Mən onu qəlbən sevdim. Əzizlədim. Həmişə əsl müəllim hesab etdim. Ona bənzəməyə, düzlüyə, ədalətə, qayğıya və himayəyə çalışmağa başladım. İllər sonra həmin insanın kim olduğunu öyrənmək imkanım yarandı. Çox fikirləşdikdən sonra o sənədə  baxmadım. Heç soruşmadım da. Öyrənmək istəmədim. Çünki düşündüm: bəlkə də gerçək insan mənim xəyalımda yaratdığım MÜƏLLIM obrazından fərqli olar. Bəlkə onun haqqında qurduğum mənəvi təsəvvür dağılar. Ona görə də etmədim, edə bilmədim. İndi də bilmirəm ki, O, kim idi. Və bu gün, illər keçəndən sonra, artıq onu konkret olaraq tanımaq da istəmirəm. Çünki mənim üçün O, konkret bir insan olmaqdan çıxıb MÜƏLLİM obrazına çevrilib.

Mənim əsl müəllimimə…

Bu hekayənin ən maraqlı tərəfi isə budur ki, həmin müəllim mənim həyatımda bəlkə də çox az görünmüşdü, amma təsiri çox uzun sürdü. Əvvəllər də, sonralar onun kimi müəllimləri çox hiss etmişdim. Tanıdığım da olmuşdu, tanımadığım da. Və mən bu gün də həmin müəllimlərə heyranam. Çünki ideal müəllimlər çoxdur. Onlar bəzən auditoriyada görünür, bəzən məktəb sinfində, bəzən universitet kafedrasında, bəzən kənd məktəbində, bəzən də həyatın ən gözlənilməz məqamında qarşımıza çıxırlar. Onları fərqləndirən yalnız bilikləri deyil. Onları fərqləndirən müəllimlik ruhudur.

Müəllimlik – sadə peşə deyil

Müəllimlik dünyanın ən qədim və ən məsuliyyətli sosial institutlarından biridir. Həkim insanın sağlamlığını qoruyur. Mühəndis qurur. İqtisadçı iqtisadi prosesləri təhlil edir. Alim yeni bilik yaradır. Amma müəllim bütün bunların gələcək daşıyıcılarını yetişdirir. Bu baxımdan müəllimin fəaliyyətinin nəticəsi bir insanın aldığı qiymətdən, diplomdan və ya imtahan nəticəsindən daha genişdir. Müəllim gələcəyin insan kapitalını formalaşdırır. Müasir iqtisadiyyatın rəqabət qabiliyyəti nə qədər texnologiyadan, innovasiyadan, süni intellektdən və rəqəmsal infrastrukturlardan asılıdırsa, onların arxasında dayanan insan kapitalının keyfiyyəti də bir o qədər təhsildən və müəllimdən asılıdır. Bu mənada müəllimlik yalnız pedaqoji deyil, həm də iqtisadi, sosial, mədəni və strateji əhəmiyyət daşıyan fəaliyyət sahəsidir. Bir ölkənin gələcəyini yalnız onun malik olduğu təbii sərvətlərlə deyil, yetişdirdiyi insanlarla müəyyənləşdirmək mümkündür. Və insanı yetişdirənlərin başında müəllim dayanır.

Əsl müəllim düşünməyi öyrədir

Əsl müəllim yalnız dərslikdə yazılanları öyrətmir. O, düşünməyi öyrədir. Sual verməyi öyrədir. Şübhə etməyi, araşdırmağı, sübut axtarmağı öyrədir. Doğru ilə yanlışı, elm ilə xurafatı, fakt ilə fərziyyəni, bilik ilə məlumatsızlığı ayırmağı öyrədir. Ən əsası isə insanı insan olaraq qalmağa öyrədir. Çünki yüksək texnologiyalar dövründə belə, insanın mənəvi keyfiyyətlərini hələ ki, heç bir alqoritm, sistem  əvəz edə bilməz. Bu gün süni intellekt böyük həcmdə məlumatı saniyələr ərzində emal edə bilir. Rəqəmsal platformalar dünyanın ən müxtəlif biliklərinə çıxış yaradır. Virtual auditoriyalar, onlayn təhsil, adaptiv öyrənmə sistemləri, intellektual tədris proqramları təhsil prosesinin imkanlarını köklü şəkildə genişləndirir. Amma burada paradoksal bir həqiqət ortaya çıxır:

-Texnologiya bilik əldə etməyi asanlaşdırdıqca, müəllimin əsl missiyası daha da mürəkkəbləşir.

Çünki informasiya çoxaldıqca, düzgün informasiyanı seçmək çətinləşir. Süni intellekt cavab verə bildikcə, doğru sual vermək daha vacib olur. Rəqəmsal texnologiyalar bilik istehsalını sürətləndirdikcə, həmin bilikdən məsuliyyətlə istifadə etmək məsələsi ön plana keçir. Deməli, gələcəyin müəllimi yalnız informasiya ötürən şəxs deyil. O, bilik və informasiya bolluğu içərisində istiqamət göstərən intellektual bələdçidir.

Müəllimin ən böyük qiyməti – yetişdirdiyi insandır

Müəllimin əməyini yalnız şagirdlərinin imtahan nəticələri ilə ölçmək kifayət deyil. Çünki yaxşı müəllimin təsiri çox vaxt statistik göstəricilərə sığmır. Bir vaxtlar onun dərs dediyi şagird sonralar alim ola bilər. Həkim ola bilər. Mühəndis ola bilər. Dövlət xadimi, sahibkar, jurnalist, yazıçı, diplomat ola bilər. Amma onların hər birinin uğurunda hansısa müəllimin görünməyən əməyi ola bilər. Bəzən həmin insan bunu özü də illər sonra anlayır. Mənim tanımadığım müəllimimlə bağlı xatirəmin əsas mahiyyəti də elə budur.

Müəllim insanın həyatında elə bir iz buraxa bilər ki, onun özü həmin izin müəllifini belə xatırlamaya bilər.

Bu, müəllimlik peşəsinin həm böyük, həm də ağır tərəfidir. Müəllim çox vaxt öz əməyinin nəticəsini dərhal görmür. O, toxum səpir. Bəzən həmin toxumun ağaca çevrilməsini görmədən yoluna davam edir. Amma ağac böyüyür. Kölgə salır. Meyvə verir. Və illər sonra kimsə həmin ağacın altında dayanaraq öz həyatında onu kimin yetişdirdiyini düşünür.

Müəllim və cəmiyyət: görünməyən strateji qüvvə

Müasir cəmiyyətdə müəllimə münasibət, əslində, həmin cəmiyyətin öz gələcəyinə münasibətidir. Müəllimə verilən qiymət yalnız müəllimə verilən qiymət deyil. Bu, elmə, biliyə, intellektə, gələcəyə verilən qiymətdir.

Əgər cəmiyyətdə müəllim nüfuzunu itirirsə, bu, yalnız təhsil sisteminin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin intellektual inkişafı üçün ciddi siqnaldır. Əksinə, müəllimin nüfuzu yüksəldikcə, biliyə hörmət artır, elmə maraq güclənir, intellektual əmək sosial dəyər qazanır. Bu baxımdan müəllim peşəsinin nüfuzunun yüksəldilməsi yalnız əməkhaqqının və sosial təminatın yaxşılaşdırılması məsələsi kimi nəzərdən keçirilməməlidir. Burada daha geniş sosial-intellektual ekosistem formalaşdırılmalıdır. Müəllim özünü cəmiyyətdən  kənarda deyil, onun gələcəyini formalaşdıran əsas qüvvələrdən biri kimi hiss etməlidir. Onun elmi və pedaqoji təşəbbüsləri dəstəklənməli, peşəkar inkişafı stimullaşdırılmalı, yaradıcılığı və innovativ fəaliyyəti qiymətləndirilməlidir. Çünki müəllimin inkişafı birbaşa olaraq insanın inkişafına çevrilir.

Ən çətin məsələ – müəllimin vicdanıdır

Müəllimlikdə texnologiyanı öyrənmək mümkündür. Yeni metodikaları mənimsəmək mümkündür. Rəqəmsal platformalardan istifadə etmək mümkündür. Süni intellekt alətlərindən yararlanmaq mümkündür. Amma vicdanı, ədaləti və mərhəməti texniki vasitə ilə hələ ki, öyrətmək mümkün deyil. Müəllimin əsas kapitalı onun biliyi qədər həm də mənəvi mövqeyidir:

  • Şagirdlərin hamısına eyni gözlə baxmaq.
  • İstedadlı ilə yanaşı, zəif görünən şagirdin də potensialını görmək.
  • Qiymətləndirmədə obyektiv olmaq.
  • Şəxsi münasibətlə peşəkar münasibəti qarışdırmamaq.
  • Şagirdin səhvini alçaltmaq üçün deyil, inkişaf etdirmək üçün göstərmək.

Bütün bunlar müəllimlik peşəsinin mənəvi kodunu təşkil edir. Bəlkə də əsl müəllimi sadəcə müəllimdən ayıran əsas cəhət budur. Əsl müəllim şagirdin bu gününü deyil, onun sabahını görür və görməlidir.

Mənim üçün müəllim obrazı…

İllər əvvəl yazdığım həmin fikrə bu gün yenidən qayıdanda anlayıram ki, mən əslində konkret bir insan haqqında deyil, bir müəllimlik fəlsəfəsi haqqında yazmışam. Mən onun adını bilmirdim. Üzünü tanımırdım. Amma onun mövcudluğunu hiss edirdim. O mənə düzlüyü, ədaləti, qayğını, himayəni xatırladırdı. Bəlkə də insanın həyatında ən böyük müəllimlərdən biri məhz belə olur. Sən onun yanında illərlə oturmursan. Bəzən onunla heç görüşmürsən. Amma onun yaratdığı mənəvi ölçünü öz həyatında yaşadırsan… Və illər sonra özün də fərqinə varmadan həmin ölçünü başqalarına ötürməyə başlayırsan.  Beləcə müəllimlik bir insandan digərinə, bir nəsildən başqa nəslə keçir. Müəllim əbədidir. Onun dərsi bitmir. Onun səsi susmur. Çünki onun yetişdirdiyi insanlarda, onların davranışlarında, düşüncələrində, yaratdıqları əsərlərdə, gördükləri işlərdə müəllimin izi yaşayır. Deməli müəllimlik həm də mənəvi irs yaratmaq sənətidir.

Bu gün bütün müəllimlərə…

5 Oktyabr münasibətilə bütün müəllimləri təbrik edirəm. Amma xüsusilə öz fəaliyyətindən razı olan, öz peşəsini sevən, gördüyü işdən mənəvi zövq alan, şagirdinin, tələbəsinin, doktorantının, əməkdaşlarının uğurunu öz uğuru hesab edən müəllimləri daha çox təbrik edirəm. Dərs otağına hər gün sadəcə işə getmək üçün deyil, bir insanın gələcəyinə təsir etmək məsuliyyəti ilə daxil olan müəllimləri təbrik edirəm. Şagirdin səhvində onun zəifliyini deyil, inkişaf imkanını görən müəllimləri təbrik edirəm. Qiymət yazarkən qələminin arxasında vicdanını saxlayan müəllimləri təbrik edirəm. Özündən sonra yalnız bilik deyil, mənəvi iz qoyan müəllimləri təbrik edirəm. Elm və təhsili həyatının mənasına çevirən müəllimləri təbrik edirəm. Sakit, təmkinli, təmənnasız çalışan, heç bir mükafat gözləmədən öz missiyasını yerinə yetirən müəllimləri təbrik edirəm.

Əsl müəllimləri təbrik edirəm!

Mənim üçün müəllimlik məhz budur. Bəzən müəllimin adını bilmirsən. Bəzən onun üzünü xatırlamırsan. Bəzən onunla yalnız bir neçə dəqiqəlik təmasın olur. Amma o, sənin həyatında illərlə, bəzən ömrün boyu yaşayır. Çünki əsl müəllim insanın yaddaşında deyil, xarakterində yaşayır. Bu gün mən həmin görünməz müəllimə də, onun kimi olan bütün müəllimlərə də təşəkkür edirəm. Sizin əməyinizin nəticəsi yalnız bu gün yetişdirdiyiniz şagird deyil. Sizin əməyiniz sabahın insanıdır. Sabahın alimi. Sabahın müəllimi. Sabahın mühəndisi. Sabahın həkimi. Sabahın dövlət xadimi. Sabahın düşünən, məsuliyyətli və vicdanlı vətəndaşı. Ona görə də müəllim əməyinə verilən qiymət əslində gələcəyə verilən qiymətdir.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!

Öz fəaliyyətindən razı olan, peşəsini sevən, biliyi vicdanla birləşdirən bütün ƏSL MÜƏLLİMLƏRİ ürəkdən təbrik edirəm! Həyatınız xoş, əməyiniz dəyərli, şagirdləriniz uğurlu, yetişdirdiyiniz nəsillər isə sizinlə qürur duyacaq qədər layiqli olsun! Çünki dünyada elə insanlar var ki, onların adını bilməsək də, həyatımıza yazdıqları görünməz imzanı heç vaxt unutmuruq. Müəllim məhz həmin görünməz imzanın sahibidir.

BAYRAMINIZ  MÜBARƏK!

Əlövsət Qaraca ƏLİYEV,

professor

 

 

 

 

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…