Türkiyə ilə Azərbaycan arasında hər hansı siyasi gərginlikdən söhbət gedə bilməz.
Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və sözçüsü Ömər Çelik Türkiyə ilə Azərbaycan arasında son günlər gərginliyin olduğu barədə iddialarla bağlı sualı cavablandırarkən deyib.
Ömər Çelik “İki dövlət, bir millət” prinsipini xatırladaraq bildirib ki, iki ölkənin daxili və xarici siyasətlə bağlı gündəmlərində fərqli məsələlər ola bilər:
“Azərbaycanla həqiqətən də bu prinsip əsasında bir-birimizə bağlıyıq. Nəticə etibarilə, hər kəsin öz daxili siyasi gündəmi fərqli ola, daxili və xarici siyasətlə bağlı müxtəlif yanaşmaları ola bilər. Bu məsələlərdə fikir ayrılığı yarandıqda da iki qardaş ölkə olaraq danışır, bütün bunları açıq ürəklə bölüşür və yolumuza davam edirik”.
AK Parti sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.
“Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. Biz buna əsla imkan verməyəcəyik. İkinci məsələ odur ki, Türkiyə daxilində bəzi qrupların, sosial media şəbəkələrinin və müəyyən dairələrin Azərbaycanı əsassız şəkildə hədəfə aldığını görürük. Bunların partiyamız və hökumətimizlə hər hansı əlaqəsinin olması qətiyyən mümkün deyil”, – Çelik bildirib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında siyasi gərginliyin yaranmasına heç vaxt imkan verilməyəcək:
“Türkiyə ilə Azərbaycan arasında guya ixtilaf varmış kimi ab-hava yaradılmasına, qardaşlığımıza kölgə sala biləcək vəziyyətin formalaşdırılmasına heç bir şəkildə imkan vermərik. Bundan böyük narazılıq duyuruq. Cənab Prezident Ərdoğan və cənab Əliyev arasında təmaslar ən yüksək səviyyədə davam edir. Eyni zamanda, Azərbaycanda dövlət və siyasi strukturlardakı bütün həmsöhbətlərimizlə əlaqələrimiz davam edir”.
Ömər Çelik Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan qüvvələrin kənarda saxlanılacağını və siyasi müzakirələrin iki ölkə arasında gərginliyə çevrilməsinə imkan verilməyəcəyini vurğulayıb.
“Bəzi şəxslərin hərəkətlərini sanki partiyamız adından edirmiş kimi təqdim etməsinin bizimlə heç bir əlaqəsi yoxdur. Bir daha deyirəm: biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədi qardaşlıqdır. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik”, – AK Parti sözçüsü əlavə edib.
Çelik son dövrdə hər hansı yanlış anlaşılmanın qarşısını almaq məqsədilə tərəflər arasında təmasların da olduğunu qeyd edib:
“Bizim aramızdakı münasibəti ifadə edən yeganə söz qardaşlıqdır”.







