Əsas məzmuna keç

Məktəbdə vahid geyim qaydalarına əməl etmək lazımdır – AÇIQLAMA

…Azərbaycanda təhsilin dünyəvi prinsiplər əsasında təşkili, məktəblərdə vahid qayda və tələblərə əməl olunması, eləcə də dini inanclara münasibət son dövrlər ictimai müzakirələrdə diqqət çəkən mövzulardandır. Azərbaycan dünyəvi dövlət olduğu üçün təhsil sistemi də dünyəvilik prinsiplərinə əsaslanır. Bununla belə, məktəblərdə tətbiq olunan qaydalarla dini etiqad azadlığı arasındakı fərqin cəmiyyətə düzgün izah edilməsi mühüm əhəmiyyət daşıyır. Məsələyə aydınlıq gətirilərkən xüsusilə vurğulanmalıdır ki, söhbət hər hansı dinə qarşı münasibətdən, dini inancların məhdudlaşdırılmasından və ya qadağan edilməsindən deyil, məhz ümumtəhsil müəssisələrində müəyyən edilmiş qaydalara riayət olunmasından gedir. Şəxslərin məktəbdənkənar həyatlarında şəxsi seçimləri və dini inancları ilə bağlı məsələlər isə məktəb mühitində tətbiq olunan tələblərdən fərqləndirilməlidir.
Bəs məktəblərdə dünyəvi təhsil prinsiplərini və vahid qaydaların əhəmiyyətini cəmiyyətə daha düzgün çatdırmaq, eyni zamanda dini inanclarla bağlı yanlış anlaşılmaların qarşısını almaq üçün hansı maarifləndirici addımlar atılmalıdır?
Tezadlar.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, dünyəvi təhsil sistemi ilə dini, mədəni və mənəvi baxışlar arasında əlaqənin mövcudluğu qaçılmazdır:
“Din mədəniyyətə və təhsilə müəyyən dərəcədə təsir göstərir. Hər bir halda, təhsilli və bilikli olmaq dini-mənəvi dəyərləri düzgün anlamaq, qavramaq və dərk etmək mənasına da gəlir. Təbii ki, burada könüllülük prinsipi əsas götürülməlidir. Təhsildə din, davranış və ya tarixlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edilməməsi prinsipi, ümumilikdə, anlaşılandır. Əsasən ümumi təhsil müəssisələrində, xüsusilə də kiçikyaşlı şagirdlərə müəyyən qaydalar çərçivəsində geyinmək tövsiyə olunur. Bu, ümumi qaydadır. Həmin qaydalar kiminsə xoşuna gəlməyə bilər, amma istənilən halda onlara əməl edilməlidir. Qaydalar tətbiq edilməli, insanlara izah olunmalı və məsələ bundan sonra düzgün tənzimlənməlidir. Milli-mənəvi dəyərlərlə bağlı geyim xüsusiyyətləri də nəzərə alınmalıdır. Belə məsələlərdə ən yaxşı yanaşma insanların öz inanclarına və etiqadlarına uyğun şəkildə özünü ifadə etməsinə şərait yaratmaqdır. Əgər valideynlər uşaqları baş örtüyü taxmağa məcbur edirlərsə, bu halda valideynlərin davranışına qarşı müvafiq münasibət və təsir mexanizmləri tətbiq olunmalıdır. Yox, əgər bu, şagirdin öz seçimidir, hər hansı təbliğatın və ya təsirin nəticəsi deyil, fərdi azadlıq çərçivəsində qəbul etdiyi qərardırsa, məsələ fərdi yanaşma əsasında qiymətləndirilməlidir”.
O qeyd edib ki, cəmiyyətdə bu məsələlərin tənzimlənməsi, əslində, sosial maarifləndirmə ilə bağlıdır:
“Din, təhsil və mədəniyyət heç vaxt bir-birinə qarşı qoyulmamalıdır. Düzgün izah edildikdə, bunların hər biri sosial kateqoriyalar və təsisatlardır. Onlar cəmiyyətin strukturunu tarazlayan, sosial təsisatlaşmanı möhkəmləndirən və bir-birini tamamlayan amillərdir. Dini mədəniyyətə, mədəniyyəti dinə, hər ikisini isə təhsilə qarşı qoymaq yanlış yanaşmadır. Orta məktəblərdə belə bir məhdudiyyət tətbiq olunubsa, mən tətbiq edilən qaydalara əməl olunmasının tərəfdarıyam. Qərarlar qəbul edilərkən bütün təbəqələrin maraqları, inanclı insanların düşüncələri və həyat tərzi nəzərə alınmalıdır. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, din azadlığını da tanıyır. Qanunvericilik sistemi, təbii ki, dünyəvi prinsiplər əsasında tənzimlənir.  Müəllimlər təhsil müəssisələrində din tədrisi aparmırlar. Sinifdə əsas məsələ şagirdin dərsdə iştirakı, suallara verdiyi cavablar, təhsil prosesində davranışı və özünü necə aparmasıdır. Onun geyim tərzi ümumi əxlaq qaydalarını pozmursa, bu, qəbul edilən hal olmalıdır. Biz bəzən əvvəlcə qanun qəbul edir, sonra isə onun tətbiqi zamanı yaranan problemləri həll etməyə çalışırıq. Qanunlar qəbul edilərkən onların tətbiqinin mümkünlüyü, icra mexanizmləri və real şəraitdə necə nəticə verəcəyi nəzərə alınmalıdır. İlk növbədə, statistika aparılmalıdır. Baş örtüyü ilə dərsə gələn şagirdlərin sayı, onların nə qədərinin ümumi geyim qaydalarına uyğun geyindiyi və nə qədərinin dini geyimlərə üstünlük verdiyi müəyyənləşdirilməlidir. Dini geyimlərin müəyyən elementlərinə məhdudiyyət qoyulması müzakirə oluna bilər. Elm və Təhsil Nazirliyi, ilk növbədə, elmə, təhsilin keyfiyyətinə və digər standartlara diqqət yetirməlidir. Bu halda belə müzakirələrə ehtiyac da azalacaq”.
Aysel Elnur 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…