Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və kredit riskləri üzrə prudensial normativlərlə bağlı qaydalara dəyişikliklər edib.
Tezadlar.az xəbər verir ki, bununla bağlı AMB İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/3 nömrəli Qərarı qəbul edilib.
Dəyişikliklərə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə verilmiş kreditlər üzrə əlavə tələb müəyyənləşdirilib. Belə ki, həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatlar müqayisə ediləcək. Göstəricilərdən hər hansı biri üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edildikdə bu hal aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq.
Qərarla, həmçinin “əlavə risklərə məruz standart aktiv” ifadəsi “nəzarət altında olan aktiv” ifadəsi ilə əvəz edilib.
Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qaydaya edilən dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirə nisbəti (BGN) əmsalı 70 faizdən artıq olmamalıdır.
Bundan əlavə, müəyyən edilmiş kredit məbləğinin hesablanması ilə bağlı tələbə model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlərin də daxil edilməsi nəzərdə tutulub. BGN əmsalına dair yeni tələb yalnız həmin tələb qüvvəyə mindikdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklə isə borcalanın gəlirlərinin müvafiq sənədlərlə və ya dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda davranış modeli əsasında proqnozlaşdırılmış gəlirdən istifadəyə yol verilməyəcək.
Belə hallarda borcalanın gəlirləri əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə müvafiq arayış, pensiya və müavinətlərin ödənilməsi haqqında sənəd, mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirləri təsdiq edən digər sənədlər, həmçinin dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən ediləcək.
Qərarın 1-3-cü hissələri ilə təsdiq edilmiş dəyişikliklər qərarın dərc edildiyi gündən bir ay sonra qüvvəyə minəcək. Yeni tələblər, müvafiq istisnalar nəzərə alınmaqla, onların qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə tətbiq olunacaq.







