Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir. ABŞ Prezidenti Donald Tramp İranla diplomatik razılaşma imkanını tamamilə istisna etməsə də, İsraillə birlikdə yeni hərbi əməliyyat planlarını nəzərdən keçirir. İsrailin Baş naziri Benyamin Netanyahu isə daha irəli gedərək İranın mövcud hakimiyyətinin devrilməsini zəruri sayır. Beləliklə, Vaşinqtonla Təl-Əvivin ortaq məqsədləri olsa da, müharibənin vaxtı və son nəticələri barədə mövqeləri tam üst-üstə düşmür.
Netanyahu tələsir, Tramp gözləyir
İsrail mediasının məlumatına görə, Netanyahu oktyabrın əvvəlində Trampı İrana qarşı yeni hərbi əməliyyatlara razı salmağa çalışıb. Lakin ABŞ prezidenti 3 noyabr Konqres seçkilərindən əvvəl genişmiqyaslı müharibənin yenidən başlanmasına razılıq verməyib. Netanyahu isə Trampın İsrailin hücum planını dayandırması barədə xəbərləri təkzib edib.
Bu fikir ayrılığının siyasi tərəfi də var. İsraildə 27 oktyabrda parlament, ABŞ-da isə 3 noyabrda Konqres seçkiləri keçiriləcək. Yeni hərbi əməliyyatlar hər iki ölkədə seçki mühitinə, dünya enerji bazarına və ictimai rəyə təsir göstərə bilər.
Hərbi hazırlıq güclənir
Oktyabrın 19-da ABŞ müdafiə naziri Pit Heqset İsraildə Netanyahu ilə görüşüb. The New York Timesın məlumatına görə, ABŞ və İsrail hərbçiləri İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatı imkanlarına qarşı yeni əməliyyat variantları hazırlayıblar.
Netanyahu isə oktyabrın 21–22-də səsləndirdiyi bəyanatlarda İran hakimiyyətinin dəyişdirilməsini təhlükənin aradan qaldırılması üçün əsas şərt kimi təqdim edib. O, İsrail ordusuna və Mossad kəşfiyyat xidmətinə bu istiqamətdə fəaliyyət göstərmək tapşırığı verdiyini bildirib.
Bununla belə, hərbi planların hazırlanması Trampın hücum qərarını artıq verdiyi anlamına gəlmir.
İran niyə vaxt qazanmağa çalışır?
Reutersin 20 oktyabr məlumatına görə, İran rəhbərliyindəki bəzi şəxslər ABŞ seçkilərinə qədər danışıqların uzadılmasını Tehranın maraqlarına uyğun hesab edirlər. İran hərbi təzyiq altında güzəştə getmək istəmir, eyni zamanda yeni hücum ehtimalına hazırlaşır.
Lakin bu siyasətin ağır iqtisadi nəticələri var. Sanksiyalar, neft ixracının məhdudlaşdırılması və inflyasiya İran iqtisadiyyatını zəiflədir. Tehran ABŞ-ın dəniz blokadasının aradan qaldırılmasını və iqtisadi məhdudiyyətlərin yumşaldılmasını istəyir. Vaşinqton isə İranın nüvə proqramı və regional təhlükəsizlik məsələlərində ciddi güzəştlər tələb edir.
Trampın 22 oktyabr bəyanatı: “Biz İranla danışıqlar aparmırıq”
Vəziyyəti daha da mürəkkəbləşdirən son açıqlama Trampın özündən gəlib. O, oktyabrın 22-də jurnalistlərə hazırda İranla danışıqlar aparılmadığını bildirib və yaxın vaxtlarda bu məsələdə müəyyən hadisələrin baş verəcəyini söyləyib. Tramp bu prosesin 3 noyabr seçkilərindən sonraya təsadüf edə biləcəyini də istisna etməyib.
Bu bəyanat iki cür şərh oluna bilər. Bir tərəfdən, Tramp hərbi təzyiqi artırmaqla Tehranı daha ağır şərtlərlə razılaşmaya məcbur etməyə çalışa bilər. Digər tərəfdən, ABŞ və İsrailin hazırladığı əməliyyat planları diplomatiyanın uğursuzluğu halında yeni hücum ehtimalının real olaraq nəzərdən keçirildiyini göstərir.
Hörmüz boğazında neft tankerləri ilə bağlı son hadisələr, İranın cavab zərbələri barədə xəbərdarlıqları və regionda hərbi qüvvələrin cəmləşdirilməsi vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.
Trampın məqsədi razılaşmadır, Netanyahunun məqsədi hakimiyyət dəyişikliyi?
İki lider arasındakı əsas fərq burada görünür. Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehranı güzəştlərə məcbur etmək və ABŞ üçün əlverişli nəticə əldə etmək istəyir. Netanyahu isə İranın mövcud siyasi rejiminin dəyişdirilməsini təhlükəsizliyin təminatı kimi təqdim edir.
Bu məqsədlər müəyyən mərhələdə üst-üstə düşə bilər. Lakin İran hakimiyyətinin devrilməsi üçün aparılacaq genişmiqyaslı müharibə ABŞ-ı uzunmüddətli regional qarşıdurmaya cəlb edə, dünya enerji bazarını sarsıda və Yaxın Şərqdə yeni qeyri-sabitlik yarada bilər.
Trampın İran siyasətində diplomatiya ilə hərbi təzyiq bir-birini istisna etmir. Əksinə, hərbi güc diplomatik nəticə əldə etməyin vasitəsi kimi istifadə olunur. Ancaq belə bir strategiyanın təhlükəsi ondadır ki, təzyiq müəyyən həddi keçdikdə artıq danışıqlara deyil, nəzarətdən çıxan müharibəyə gətirib çıxara bilər…
İndi əsas sual Trampın Netanyahu ilə birlikdə hücuma hazırlaşıb-hazırlaşmaması deyil. Əsas sual budur: Tramp hərbi hazırlıqlardan İranı razılaşmaya məcbur etmək üçün istifadə edəcək, yoxsa Netanyahunun daha geniş məqsədlərini həyata keçirən yeni müharibəyə razılıq verəcək?
Bu sualın cavabı təkcə Vaşinqton, Tehran və Təl-Əviv üçün deyil, Türkiyə, Azərbaycan, Fars körfəzi ölkələri və bütün dünya üçün ciddi əhəmiyyət daşıyır. Çünki yeni müharibənin başlanması asan ola bilər, lakin onun harada və necə başa çatacağını əvvəlcədən müəyyən etmək mümkün deyil.
P.S. Yaxın Şərqdə hərbi gərginliyin artması artıq dünya enerji bazarına ciddi təsir göstərir. Oktyabrın 22-də Brent markalı neftin bir barelinin qiyməti 112,68 dollara yüksələrək son beş ayın ən yüksək səviyyəsinə çatıb. Mart ayında isə qiymət 117 dolları ötmüşdü. Hörmüz boğazında tankerlərə hücumlar və Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr qiymət artımının əsas səbəblərindəndir. Yeni genişmiqyaslı müharibə dünya enerji bazarında daha ciddi sarsıntılara səbəb ola bilər.
Elbəyi Həsənli
(Surix)







