Suriya Təhsil Nazirliyi yenidən işlənmiş tədris planında Osmanlı İmperiyası, Ərəb Üsyanı və milli kimliyin təsvirində köklü dəyişikliklər edib.
Tezadlar.az xəbər verir ki, yeni dərsliklərdə Osmanlı dövrünün məlumatları tamamilə yenidən işlənib.
Köhnə tədris planına daxil edilmiş “Osmanlı işğalı”, “Türk zülmü” və “Böyük Ərəb İnqilabı” kimi başlıqlar çıxarılıb.
Şərif Hüseynin 1916-cı ildə Osmanlı İmperiyasına qarşı başlatdığı və əvvəllər köhnə dərsliklərdə “Böyük Ərəb İnqilabı” kimi təsvir edilən hərəkat indi “Hüseyn bin Əlinin Üsyanı” adlanır.
Üsyanın məqsədlərini izah edən hissədə “ərəb torpaqlarını Osmanlı işğalından azad etmək” ifadəsi “ərəb torpaqlarını Osmanlı İmperiyasından ayırmaq” ifadəsi ilə əvəz edilib.
Britaniya-Fransa bəyannaməsini izah edən hissədə “xalqları türk zülmündən azad etmək” ifadəsi “Osmanlıları bölgədən qovmaq” ifadəsi ilə əvəz edilib.
Köhnə mətnlərdə Camal Paşa üçün istifadə edilən “Ərəblərin Qəssabı” təsviri yeni mətndən çıxarılıb. Camal Paşa dövründə edam edilənlərin İngiltərə və Fransa ilə əməkdaşlıq etməkdə ittiham olunduğu bildirilir.
Yeni tədris planında İngiltərənin Osmanlılara qarşı Şərif Hüseynlə əməkdaşlıq edərkən Osmanlı ərazilərini Fransa ilə bölüşdürməyi planlaşdırdığı və Şərif Hüseynə verilən müstəqillik vədlərinin yerinə yetirilmədiyi izah olunur.
Tədris planında kimlik və konsepsiyalarda dəyişikliklər:
Bəəs dövründə şagirdlərin “vətənə xidmət etməyə” hazır olmaları bildirilsə də, yeni mətn bunu “din və ümmətə xidmət” ilə əvəz edir.
“Ərəb millətçiliyi və ərəbliyə qürur” ifadəsi çıxarılıb və “İslam sivilizasiyasına qürur” ilə əvəz edilib.
Uşaqları “qanuna tabe olan” fərdlər kimi böyütmək məqsədi “İslam şəriətinə hörmət edən fərdlər” olaraq dəyişdirilib.
Dörd Xəlifə dövrünün hekayəsində “demokratiya” anlayışı “şura” (məsləhətləşmə) anlayışı ilə əvəz edilib.
Devrilmiş Əsəd rejimi dövründə doqquzuncu sinif dərsliklərində İskəndərun, Fələstin və Əhvaz “qəsb edilmiş ərazilər” siyahısında yer alsa da, yenilənmiş tədris planında İskəndərun və Əhvaza istinadlar silinib və siyahıda yalnız Fələstin qalıb.
Bundan əlavə, devrilmiş rejim dövründə Suriya xəritəsinə daxil edilmiş İskəndərun yeni tədris planında yoxdur.
Köhnə dərsliklərdə yer alan “İşğal olunmuş Fələstin və Qolan” ifadəsi “Müsəlman işğal olunmuş əraziləri” ilə əvəz edilib və “Fələstin müqavimətinə dəstək” ifadəsi “İslam torpaqlarında cihad döyüşçülərinə dəstək” ilə əvəz edilib.
Digər tərəfdən, köhnə tədris planına daxil olmayan İzzəddin əl-Qəssamın mübarizəsi yeni dərsliklərə əlavə edilib və yerli BƏƏS xadimləri İslam tarixindən Ömər əl-Muxtar və Nurəddin Zəngi kimi mühüm şəxsiyyətlərlə əvəz edilib.
Həmçinin qeyd olunub ki, köhnə dərsliklərdə Suriya prezidenti Şükri əl-Kuvali ilə yanaşı yer alan Misir prezidenti Camal Əbdül Nasirin şəkli də silinib.
ELBAR






