Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində çıxışı zamanı ölkədəki vəziyyət, qonşu dövlətlərlə münasibətlər və gənclərin gələcəyi barədə danışıb. O, hakim “Gürcü Arzusu” partiyasını Gürcüstan xalqının ümidlərini əlindən almaqda ittiham edib. Tezadlar.az xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, Gürcüstanın Ermənistan, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşı deyil və bu vəziyyət gələcəkdə həmin ölkələrin də Gürcüstana qarşı münasibətinin pisləşməsinə səbəb ola bilər. Saakaşvili çıxışında Gürcüstanın sərhədləri və müdafiə imkanları ilə bağlı narahatlığını da ifadə edib. O, ölkənin qonşuları ilə münasibətlərinin pisləşdiyini iddia edərək, Gürcüstanın dost və müttəfiq olması gözlənilən dövlətlərlə əlaqələrin qorunmasının vacibliyini vurğulayıb: “Ermənistan, Azərbaycan, Türkiyə ilə münasibətlərimiz yaxşı deyil və tezliklə onlar Rusiya kimi bizim düşmənlərimizə çevriləcəklər, halbuki onlar bizim dostlarımız və müttəfiqlərimiz olmalıdırlar. Artıq sərhədlərimiz, müdafiəmiz yoxdur və bunun əvəzinə bizə deyirlər ki, bizdə sülh var, biz bunu unutmalıyıq – bu necə sülhdür? Bu, sakinlərinin qaçdığı, alov içində olan bir evdir. Bu gün məktəbdə yaxşı təhsil almış və ölkəyə qayıtmış gənc nəslin nümayəndələri haqqında danışmaq istəyirəm. ‘Gürcü Arzusu’ bu insanların ümidlərini əlindən alıb, onların gələcəyə olan inamını və arzularını məhv edib”, – deyə Saakaşvili bildirib. Onun sözlərinə görə, ölkənin gələcəyini öz uğurları ilə Gürcüstanın inkişafını əlaqələndirən gənclər müəyyənləşdirməlidir.
Keçmiş prezident bildirib ki, ölkənin mövcud vəziyyətdən çıxış yolu gənclərin iştirakı ilə mümkündür. O, gələcəkdə vətəndaşların əsas ehtiyaclarını qarşılaya bildiyi, sosial təminatın gücləndiyi bir dövlət qurulmasının vacibliyini qeyd edib: “Bu yanan evdən gənclərin köməyi ilə çıxmalıyıq. Daha sonra necə hərəkət edəcəyimizi bilirik. Elə bir dövlət quracağıq ki, insanlar ərzaq və dərman ala, uşaqlarının qayğısına qala, ildə bir dəfə istirahət edə, iki ildən bir turist kimi səyahətə gedə bilsinlər. Gənclər kredit götürmədən mənzil ala bilsinlər və kommunal ödənişlər problemə çevrilməsin”, – deyə Saakaşvili bildirib.
O, hakim partiyanı sərt ifadələrlə tənqid edərək, Gürcüstanın əvvəlki inkişaf yolundan uzaqlaşdığını iddia edib. Saakaşvili çıxışının sonunda Gürcüstan xalqının hakimiyyətin siyasətindən yaranan problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib: “Gürcü xalqı sizdən xilas olacaq. İnsanlarda sizə qarşı immunitet yaranıb. Siz gəldiyiniz yerə qayıdacaqsınız, biz isə yolumuza davam edəcəyik”, – deyə Mixeil Saakaşvili qeyd edib.






