Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ümumi cərrahiyyə şöbəsində iş intizamı, tibbi geyim qaydalarına riayət olunması və rəhbərliyin nəzarət mexanizmləri ilə bağlı narazılıq yaranıb.
Tezadlar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müraciət yayan vətəndaş xəstəxananın rəhbərliyinin və müvafiq struktur bölmələrinin fəaliyyətinin araşdırılmasını istəyib.
O, müraciətində iddia edib ki, xəstəxananın Ümumi cərrahiyyə şöbəsində Oruc adlı ümumi cərrahı iş vaxtı mülki geyimdə görüb. Bu isə tibb müəssisəsində müəyyən edilmiş iş intizamı, tibbi geyim, sanitariya-gigiyena və infeksion təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı suallar yaradıb.
Vətəndaş, həmçinin qeyd edib ki, Oruc həkim özü ona yaxınlaşaraq baş həkimin yanında gördüyü həkim olduğunu və qazi statusu daşıdığını bildirib.
Şikayətdə şöbədə çalışan əməkdaşların iş intizamına və tibbi geyim qaydalarına riayət etməsinə nəzarət olunmadığı də vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Abşeron RMX-nin Ümumi cərrahiyyə şöbəsinin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə müvafiq qaydada baxılıb.
Aparılmış araşdırma zamanı müəyyən edilib ki, ümumi cərrah Oruc Şəfiyevlə qarşılaşma onun işə yeni gəldiyi və tibbi geyimini dəyişməzdən əvvəlki vaxtda baş verib. Bu səbəbdən sözügedən halın əmək intizamının və tibbi geyim qaydalarının pozulması kimi qiymətləndirilməsi üçün əsas müəyyən edilməyib. Eyni zamanda, həkimin iş fəaliyyəti, o cümlədən müayinə və əməliyyatlar zamanı müvafiq tibbi geyimdən istifadə etdiyi təsdiqlənib.
Müraciətdə əksini tapan digər məsələlər də araşdırılıb, əmək intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik tələblərinin pozulması halları aşkar edilməyib.
Bununla yanaşı, tibbi geyim qaydalarına riayət olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə xəstəxana rəhbərliyinə müvafiq tövsiyələr verilib.







