Əsas məzmuna keç

Gürcüstan DİN rəhbəri: “Türkiyəli azarkeşlərin bannerləri ölkəmiz üçün təhqiredici idi”

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Batumidə futbol matçı zamanı baş verən hadisələrlə bağlı polis əməkdaşlarına təşəkkür edib. O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün böyük təhlükənin qarşısını alıb və polis əməliyyatının öhdəsindən layiqincə gəliblər. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib. Tamazaşvili qeyd edib ki, əməliyyat zamanı Xüsusi Tapşırıqlar Departamentinin 4 əməkdaşı xəsarət alıb və onlara tezliklə sağalmalarını arzulayıb.
Nazir Türkiyənin daxili işlər naziri ilə telefon danışığının səs yazısına da münasibət bildirib. O, həmkarı ilə danışdığını təsdiqləyib və söhbətin yazısı olsaydı, daha geniş versiyanı yayımlayacağını deyib. Tamazaşvilinin sözlərinə görə, həmin söhbətdə türkiyəli həmkarının diqqətinə azarkeşlərin təxribat xarakterli hərəkətləri ilə bağlı məlumatları çatdırıb: “Bizim vəzifəmiz ictimai asayişi qorumaq idi. Hesab edirəm ki, əməkdaşlarımız bu vəzifənin öhdəsindən çox layiqli şəkildə gəldilər və onlara təşəkkür etmək istəyirəm. Təəssüf ki, bu tədbirlər çərçivəsində Xüsusi Tapşırıqlar Departamentinin 4 əməkdaşı xəsarət aldı. Onlara tezliklə sağalmalarını arzulayıram. Səs yazısına gəlincə, təəccübləndim və həmin yazını mən də dinlədim. Təsdiq edirəm ki, dünən həmkarımla danışığım olub. Təbii ki, mən söhbətimizi qeydə almamışdım. Lakin belə bir səs yazısı əlimdə olsaydı, mütləq onun daha geniş versiyasını yayımlayar və söhbətin daha maraqlı hissəsinə diqqət çəkərdim. Həmkarıma azarkeşlərin günün ilk yarısında açıq mənbələrdə və sosial şəbəkələrdə çox təxribatçı məzmunlu bannerlər paylaşdıqları, həmin bannerlərlə şəkil çəkdirərək poz verdikləri barədə məlumat verdim. Bu bannerlər ölkəmiz üçün təhqiredici idi və vətəndaşlarımız tərəfindən də mənfi qarşılanmışdı. Biz bunun qarşısını çox effektiv şəkildə aldıq. Polis tədbirləri çərçivəsində sərhəddə həmin bannerlərin ölkəyə gətirilməsinə mane olundu”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…