Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bir qrup vətəndaş Əmanətlərin Sığortalanması Fondunda üzləşdikləri problemlərlə vağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli Taleh müəllim!
Biz “NBC Bank” ASC-nin əmanətçiləri yazıb nəzərinizə çatdırırıq ki, Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)-131/2020 nömrəli qərarı ilə “NBC Bank” ASC müflis elan edilmiş və iflas proseduru başlanılmış. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir. “NBC Bank” ASC-nin əmanətçilər tərəfindən kreditorlar cəmiyyəti yaradılmış, sədr və müavinlər təyin olunmuşdurlar. Bank artıq 3 (üç) ildən artıqdır ki, bağlanıb, həmçinin kreditorlar cəmiyyəti də bu müddət ərzində artıq yaranıb. Lakin ləğvedici qismində çıxış edən Əmanətlərin sığortalanması Fondu kreditor cəmiyyəti ilə heç bir informasiya ilə bölüşmür, əmanətçilərə qarşı çox kobud və laqeyd münasibət göstərir. 2020-ci ildən indiyədək biz kreditorlar, əmanətçilər dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişik, istər yazılı, istərsə də şifahi şəkildə, lakin müraciətlərimiz cavabsız qalıb.”
Əmanətlərin Sığortalanması Fondu ilə “NBC Bank” ASC-nin təsisçisi (sahibi) Əliyev Nurunun iş birliyinə daxil olmasını iddia edən zərərçəkmişlər qeyd edirlər ki, hər dəfə Fondda əmanətçilər toplantıya yığışanda, Fondun heç bir məsul şəxsi bizim yığıncağa gəlmir, heç bir informasiyanı bizimlə bölüşmürlər: “Bildiyiniz kimi, biz əmanətçilərin bankda olan pulları bankın balansında olan əsas vəsaitlərin satışı, kredit və sair debitor borcların yığılması hesabına ödənməlidir. Ona görə biz əmanətçilər kreditorlar cəmiyyəti yaradaraq, Əmanətlərin Sığortalanması Fondunda tez tez görüşlər keçirtmək üçün ora üz tuturduq bu üç il ərzində. Məqsədimiz Fondun bu barədə bizə məlumat verməsi, onlarda olan informasiya ilə bölüşməsi idi. Çünki bu bizim qanuni haqqımızdı. Lakin hər dəfə Fondda əmanətçilər toplantıya yığışanda, Fondun heç bir məsul şəxsi bizim yığıncağa gəlmirdi, heç bir informasiya ilə bölüşmürdü. Bizə Fondun Hüquq departamentinin əmakdaşı tərəfindən bütün verdiyimiz suallara yalnız bir cavabı olurdu: “Bu məxfi informasiyadı”. Vəssalam. O boyda Fondun hüquqşunasının verdiyi cavab təsəvvür edin. Əslində Bankın balansında olan bütün əmlakı satılmalı, kreditorlara olan borclar ödənməlidir. Bizdə olan informasiyaya görə isə bankın balansında olan əmlakın satış prosesi aşağıda qeyd etdiyimiz şəkildə baş verir: Əmanətlərin Sığortalanması Fondu ilə “NBC Bank” ASC-nin təsisçisi (sahibi) Əliyev Nuru iş birliyinə daxil olub, Bankın bütün əmlaklarını Əliyev Nuru özü dəyər-dəyməzə əldə edib və Fond da buna şərait yaradıb. Eyni zamanda da, bizdə olan informasiyaya görə, Fondun əməkdaşlarına “Nurgun Motors” tərəfindən xeyli miqdarda böyük endirimlər ilə həm şəxsi, həm də korporativ istifadəyə avtomobillər təqdim olunmuşdur.”
Əmənətçilər məktubda qeyd edirlər ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciətləri Əmanətlərin Sığortalanması Fonduna yönləndirilsə də, fonddan onlara nə yazılı, nə də şifahi heç bir xəbərdarlıq təqdim olunmayıb: “Həmçinin məlumat olaraq bildiririk ki, biz əmanətçilər toplanaraq, yuxarıda qeyd olunmuş məsələlər barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciətlərimiz olub. Qeyd olunmuş idarələrə edilmiş şikayət müraciətlərin araşdırılması üçün, təkrar olaraq məktublarımız Əmanətlərin Sığortalanması Fonduna yönləndilib. Fonddan isə Bizə nə yazılı, nə də şifahi heç bir cavab təqdim olunmayıb. İndi biz əmanətçilər Sizdən soruşuruq, necə olur ki, hər hansı bir hüquqi və ya fiziki şəxs tərəfindən hökümətin bir manat belə vəsaiti mənimsənəndə və yaxud da büdcəyə borc olanda dərhal həmin şəxslər tərəfindən xüsusi ölçü götürülür və vəsaitlərin ödənməsi tam təmin edilir. Lakin biz əmanətçilərin pulları konkret adı da məlum olan Bank, Fond və onların yüksək vəzifəli şəxsləri tərəfindən yeyilir və bu barədə aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmür.”
Ümumilikdə, 2 000 000 (iki milyon) manat alacaqları olan əmanətçilər Mərkəzi Bankının sədri Taleh Kazımova MÜRACİƏT edərək məsələyə ciddi yanaşaraq problemləri həll etmək üçün onlara yardımçı olmalarını xahiş edirilər: “Xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz məsələlərə ciddi yanaşıb, araşdırasınız. Biz əmanətçilər Bankda olan pullarımızın nə zaman qaytarılması barədə məlumat bilmək istəyirik. Həmçinin nəzərinizə çatdırırıq ki, əmanətçilərimizin arasında şəhid ailələri, qazilər, müharibə iştirakçiları, əlillər, təqaüdçülər, az təminatlı ailələr və eyni zamanda da hüquqi və fiziki şəxslər var. Ümumilikdə, əmanətçilərin bankda qalan toplam əmanət məbləği təxminən 2 000 000 (iki milyon) manat təşkil edir. Əmanətçilərin siyahısı ərizəyə əlavə olunur.”
Fiziki şəxs əmanətçilərin siyahısı:
Hüquqi şəxs əmanətçilərin siyahısı:
Qarşı tərflərin də mövqeyini dərc etməyə hazırıq.