21 Fevral 2025 / 20:21

Bəxtiyar Vahabzadənin xatirəsi Ankarada yad edildi

Ankara Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılış mərasimi keçirilib. Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə “Təzadlar”a bildirdi ki, mərasimdə ustad şairin əsərlərindən ibarət sərgi təşkil olunub. Sonra Türkiyə Radio və Televiziya Qurumu, Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, pianoçu Nailə Əhmədovanın və solistlərin iştirakı ilə görkəmli şairin sözlərinə yazılmış “Azərbaycan-Türkiyə” əsəri  səsləndirilib. Eləcə də Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam TÜRKSOY-un ortaq mədəniyyəti inşa etmək məsələsində mühüm addımlar atdığından danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov isə vurğulayıb ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq şairi kimi qəbul edilməlidir: “O, yaşadığı dövrdə qadağa qoyulan bir çox mövzulara əsərlərində yer verib. Azərbaycanda müstəqillik hərəkatı başlayarkən xalqın önündə duranlardan biri də Bəxtiyar Vahabzadə oldu. Belə şairlər ölmür, hər zaman aramızdadırlar”.

Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Tədbir daha sonra Ankaradakı Bəxtiyar Vahabzadə adına orta məktəbdə davam edib.

Ustad şairin xatirəsi türk dünyasının mədəniyyət insanlarının və türk dünyası ictimaiyyətinin qəlbində həmişə yaşayacaq.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!