Səyyahların Qarabağa səfəri başlayıb.
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 13 ölkədən olan, təxminən 40 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərini ziyarət edib.
Tezadlar.az xəbər verir ki, ki, səyyahlara MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.
Beynəlxalq səyyahlar Şuşa səfərinə şəhərin mərkəzi meydanından başlayıblar. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ilə tanış olublar. Qonaqlara Şuşanın tarixi, işğal dövründə şəhərdə törədilmiş dağıntılar, eləcə də işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Səyyahların diqqətinə çatdırılıb ki, işğal dövründə Şuşanın tarixi-mədəni irsinə ciddi ziyan vurulub, şəhərdəki tarixi binalar, məscidlər və digər abidələr dağıntılara məruz qalıb. Şəhərin azad olunmasından sonra isə tarixi-mədəni irsin qorunması və Şuşanın əvvəlki simasının bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Səfər çərçivəsində qonaqlar Aşağı Gövhər Ağa məscidini, Sadıqcanın ev-muzeyini, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağının yerləşdiyi ərazini və Şuşanın qala divarlarını ziyarət ediblər.
Səyyahlar daha sonra Cıdır düzündə olublar və buradan Şuşanın mənzərəsini seyr ediblər.
Qeyd edək ki, bu, dünyanın müxtəlif səyyah klubları tərəfindən 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfərdir. Bu səfərlər beynəlxalq səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaradır.







