2 Aprel 2025 / 10:27

DİQQƏT: Bu şəxslər 2600 manat müavinət alacaq, amma necə?

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək.
Bəs qeyd edilən 2600 manat müavinət kimlərə ödəniləcək və onu necə əldə etmək olar?
Tezadlar.az xəbər verir ki, suala cavab olaraq iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər.
O diqqətə çatdırıb ki,  əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular.
“Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Digər müavinətlərdə olduğu kimi, bu müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilə bilər. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin arayışı, yaxud hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı, təhsil pilləsini bitirməsini təsdiqi və digər müvafiq sənədlər tələb edilir.
Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha da gücləndirməkdir”, – deyə deputat izah edib.
Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!