9 Aprel 2025 / 10:48

ABŞ Trampın İranla bağlı siyasətindən narahatdır

ABŞ lideri Donald Trampın İranın nüvə proqramı ilə bağlı siyasəti ABŞ-da narahatlıq yaradır.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ekspertlərə istinadən yazır.

Nəşr iddia edir ki, Omanda baş tutacaq qarşıdan gələn İran-Amerika nüvə sazişi danışıqları “əhəmiyyətli problemlərlə və inamsızlıqla üzləşib”.

“Mən çox narahatam. Tramp administrasiyasının təhdid altında istifadə etdiyi bu danışıqlar taktikası İrana qarşı ciddi siyasətin əvəzi deyil”, – İran eksperti və Brukinqs İnstitutunun xarici siyasət proqramının direktoru Suzanna Meloni deyib.

Öz növbəsində, “Chatham House”-un Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil qeyd edib ki, ABŞ və İran “yol ayrıcındadır və böhrana yaxınlaşır”.

Martın 7-də Tramp İranla nüvə proqramı ilə bağlı razılığa gəlmək arzusunu ifadə edib. O, “nüvə silahına malik başqa bir dövlətin” yaranmasının əleyhinə olduğunu vurğulayıb. Amerika lideri daha sonra ABŞ və İran razılığa gəlməyəcəyi təqdirdə “görünməmiş bombardmanla” hədələyib.

Aprelin 8-də Ağ Evin sözçüsü Karolin Levitt ABŞ-İran danışıqlarının aprelin 12-i şənbə günü baş tutacağını və birbaşa olacağını açıqlayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!