Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Aprel 2025 / 13:27

Birinci Qarabağ müharibəsi şəhidi – Ramiz Quliyev

Quliyev Ramiz Fərman oğlu 19 iyul 1975- ci ildə Tovuz rayonunun Bayramlı kəndində ziyalı ailəsində anadan olub. Ailənin beşinci övladı olan Ramiz ata-ana, qardaş və bacılarından aldığı sevgi, yüksək diqqət və qayğı nəticəsində hər zaman çalışqan, bacarıqlı və hazırcavab olub. O, 1981-ci ildə Tovuz rayonu Bayramlı kənd (indiki Zahid Yusifov adına) tam orta məktəbinin birinci sinfinə daxil olduğu zaman da həmişə təlim-tərbiyəsi və çalışqanlığı ilə müəllimlərinin sevimlisinə çevrilib. Dəfələrlə respublika olimpiadalarında humanitar və dəqiq fənlər üzrə yarışlarda iştirak edərək əla qiymətlərinə, nümunəvi davranışlarına görə birincilik qazanaraq  Fəxri fərman və Təltifnamələrlə təltif olunub.

Beləcə, yüksək uğur və nailiyyətlər əldə edərək 1992-ci ildə təhsil aldığı tam orta məktəbi müvəffəqiyyətlə başa vurub. Həmin il ali məktəb imtahanlarında iştirak edən Ramiz Quliyev müəyyən səbəblərə görə konqursa düşüb. Bir müddət yaşadığı kəndin Bakı Fəhlə Sovxozunda işə başlayıb. Növbəti il təkrar sənədlərini ali məktəbə təqdim etmək üçün hazırlıq görüb. Lakin Ramiz Quliyev vətən qarşısında olan borcunu ön plana çəkib.

 Anası Zərnişan ana deyir:

– Ramiz evdə yox idi. Atasına kömək etmək üçün Mahmırtı dağına dəryazla ot biçməyə getmişdi. Evə gələndə ona rayon Hərbi Komissarlıqdan çağırış vərəqinin gəldiyini bildirdim. Bu xəbəri eşitdiyi zaman məni bərk-bərk qucaqlayıb ayaqlarımı bir anlıq yerdən üzdü. Sonra qollarını açıb həyətdə oynamağa başladı. Elə bil ki, toyda idi.

– Gözün aydın olsun ana, nəhayət, mən də vətənə olan borcumu yerinə yetirməyə gedəcəm.  Ürəyini sıxma, son nəfəsimə qədər şərəf və ləyaqətlə xidmət edərək sizin hamınızın başını uca etməyə çalışacam. Amma nəyin bahasına olursa-olsun əsir düşməyəcəm. Son ayaqda şəhid olaram, amma əsir düşmərəm!

O, bu sözləri dediyi zaman məni yaş boğdu.

– Əstəğfürullah, ay bala, elə demə, qurbanın olum. Sağ get, salamat qayıt, dedim.

Atası evə gəldiyi zaman çox yorğun və halsız idi. Nahar etdikdən sonra onun yorğunluğu çıxsın deyə ayaqlarını isti suya qoymaq üçün su gətirdim. Bu zaman Ramiz israrla suyu mənim əlimdən alıb atasının qarşısında diz çökərək deyə-gülə onun ayaqlarını yumağa başladı.

Atası:

– Ay oğul, sən, Maşallah, o qədər böyümüsən ki, qarşımda iki qat olaraq mənə bu cür qayğı göstərməyin kövrəldir məni.

Bu zaman Ramiz bərkdən gülməyə başladı.

Yox ata niyə elə deyirsən. Mən bir övlad olaraq hər cür sizin nazınızı çəkib qulluğunuzda durmaqdan qürur duyaraq zövq alıram. Xəbərin var, ad günüm tamam olan gün əsgər gedirəm. Çağırış vərəqini bu gün veriblər.

Beləcə, vaxt vədə yetişdiyi zaman Ramiz balamız əsgəri xidmətinə yola düşdü.

Ailənin diqqətcil və qayğıkeş oğlu Ramiz Quliyev 19 iyul 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ordu Sıralarında həqiqi hərbi xidmətə yola düşür. Üç ay qulluq etdikdən sonra məzuniyyətə gəlir.

Bacısı Ülkər xanım deyir:

– Orta məktəb məzunları xatirə dəftəri tuturdular. Orda sual-cavab bölməsində gələcək arzularından söz açdığı zaman həmişə Ramiz eyni fikirləri qeyd edərdi. “Ən böyük arzum Vətən qarşısında olan borcumu şərəf və ləyaqətlə yerinə yetirməkdir. Valeh olduğum ən mübarək insanlar müqəddəs şəhidlərimizdir. Allah mənə də onların məqamından nəsib etsin, İnşallah!”

Sanki onun şəhid olacağı ürəyinə dammışdı. Xocalı faciəsindən iki gün keçmişdi qardaşım bizə qonaq gəlmişdi. Hər yerdə matəm ab-havası yaşanırdı. Tökdüyüm çayı belə içmək istəmirdi. O qədər üzüntülü və kədərli görünürdü ki, sanki dünyanın bütün ağırlığı üzərinə çökmüşdü. Fikirli-fikirli dilləndi:

– Bircə məni əsgəri xidmətə çağırsaydılar mən də öz üzərimə düşən vəzifəni yerinə yetirərdim, şərəfsizlərdən qisasımızı alardıq. O dilbilməz körpələrin, ana-bacıların, yaşlı qocaların nə günahı vardı axı?!

Heç yadımdan çıxmaz məzuniyyətə gəldiyi vaxt müəllimləri ilə görüşmək üçün məktəbə gəlmişdi. Onda mən də həmin məktəbdə işləyirdim. Məktəbin dəhlizi ilə gedirdik, birdən ayağını saxladı və əlini yuxarı divara tərəf uzatdı. Maşallah, uca boylu olduğu üçün əli az qalırdı tavana dəysin. Sonra üzünü mənə çevirib sözə başladı.

– Bax görərsən əziz bacım bu göstərdiyim yerdə bir gün gələcək mənim şəklimi vuracaqsınız. Ya şəhid kimi, ya da qəhrəman kimi.

Elə bu zaman mən dilləndim:

– Allah qorusun, başına dönüm qardaş, sağ-salamat qələbə, zəfər əzmiylə bizləri müjdələyərsən. Allahın izniylə döşü nişanlı bir qəhrəman olaraq gələrsən, biz də böyük iftixar və qürurla sənin şücaət və igidliyindən şagirdlərə danışarıq. Hərdən özün də gəlib dərslərdə iştirak edər düşmənlərə necə diz çökdürüb qısas aldığından ürək dolusu fəxarətlə söz açarsan. (Qardaşım şəhid olduqdan sonra doğrudan da divarda göstərdiyi həmin şərəf guşəsindən onun şəkili də yer aldı.)

Sonra məzuniyyətə olduğu vaxt bir gün yenə bizə gəlmişdi. Əlində bükülü bir qutu vardı. O, həmin qutunu mənə uzadıb bərk-bərk tapşırdı.

Bax bunu heç kimə bildirmədən vaxtı çatana qədər saxlayarsan.

Maraq məni bürüdü və tez dilləndim.

– Qardaş, qoy bir hələ baxım görüm mənə saxlamağa verdiyin nədir belə?

Bu zaman onun gözlərində sanki sevinc dolu bir ümid işığı parlayırdı.

– Bilirdim soruşacaqsan evdəkilərə heç nə demədim, ona görə birbaşa sənin yanına gəldim ki, sürpriz pozulmasın. Bunu Novruz qardaşıma toy hədiyyəsi almışam. Paketin içində təzə gəlinlər üçün nəzərdə tutulan bir xanım ayaqqabısı və xalat var idi. Paketi ondan alıb saxladım. Düz beş il sonra böyük qardaşım Novruzun toyu olduğu zaman Ramizin əmanət verdiyi toy hədiyyəsi sahibinə təqdim olundu.

Beləcə, Ramiz Quliyev əzizləri və doğma el-obasıyla görüşüb halallaşaraq təzədən hərbi xidmətə başlayır. Amma bir an belə ailəsini nigaran qoymamağa çalışır. Fürsət düşən kimi tez-tez məktublar yazıb göndərir. Göndərir ki, qəhrəman balasından xəstə, nasaz anası Zərnişan xanım nigaran qalmasın. O zaman Zərnişan ana bərk xəstə idi, böyük oğlu Novruz və ortancıl oğlu Ramiz vətən qarşısında olan borcunu yerinə yetirmək üçün hərbi xidmətdə idi. Novruz həqiqi hərbi xidmətdən təxris olunduqdan bir neçə il sonra könüllü olaraq cəbhəyə yola düşmüşdü. Əlbəttə, həmin vaxt cəbhədə baş verən hadisələr istər-istəməz hər kəsə pis təsir edirdi. O ki qaldı, iki oğlu birdən vətənə xidmət edən ana ola. Əlbəttə, bu hər bir ana üçün çətindir. Üstəlik, xəstə bir ana üçün daha da çətindir.

Bunları nəzərə alaraq Ramiz də sevgi dolu unudulmaz məktubları ilə ailəni hər zaman sevindirməyə nigaran qoymamağa çalışırdı.

1994-cü ildə yenə bir yaz axşamı cəbhədə vəziyyətin qarışıq bir vaxtında ana vətənin igid və qəhrəman əsgəri kağız-qələm götürüb əbədi və unudulmaz son məktubunu yazmağa başlayır. Bu məktubu elə səngərdəcə döyüş gedə-gedə qələmə alır.

Sanki nələrsə ürəyinə dammışdı, o sətirləri yaza-yaza ailəsi, sevdikləri, əzizləri və el obasıyla vidalaşdığını hiss edirdi. Elə hər şeyi hiss edə-edə yenə də yarı zarafat, yarı ciddi hamını təmiz və ülvi hisslərilə ovutmağa çalışırdı.

8 aprel 1994- cü il tarixində yenə quduzlaşmız düşmən cəbhə bölgələrini atəşə tutur. Yenə Qarabağda Fizuli rayonunun Əhmədbəyli kəndi istiqamətində gərgin döyüşlər gedir. İgidlərimiz nə qədər cəsur və zirək olsalar da, ön cəbhəyə vaxtlı-vaxtında təminat yetişmədiyi üçün düşmən mövqelərinə zərbə endirmək çətinləşirdi. Saysız-hesabsız erməni daşnakları məhv olunsa da, xeyli itkimiz və yaralımız vardı. Köksünü xınalı qayalara söykəyib, qaranlıq səngərdə sürünərək sıldırım cığırlara damla-damla qanı süzülərək mətinliyini və əzimliyini itirmədən son damla qanına qədər vuruşanlardan biri də kəşfiyyatçı Quliyev Ramiz Fərman oğlu idi.  O, gərgin və ağır döyüşdə elə həmin gün 8 aprel 1994 cü il tarixində Tovuz rayonunun Bayramlı kəndindən Quliyev Ramiz adlı bir igidimiz vətən qarşısında olan borcunu şərəf və ləyaqətlə yerinə yetirən zaman şəhadətə ucaldı. 9 aprel 1994 cü il tarixində şəhidimiz izdihamlı insan axınının iştirakı ilə dərin hörmət ehtiram və hüznlə Tovuz rayonunun Bayramlı kənd Göytəpə qəbiristanlığında dəfn olundu. Ruhu şad olsun! Amin!

Dəfnindən üç gün sonra şəhidimizin yazdığı son məktub əsgər yoldaşları tərəfindən ailəsinə təqdim olundu.

Məktubda ailəsinə və əzizlərinə, bütün sevdiklərinə qucaq dolusu salam duası ərməğan olunurdu. El-obasının və xüsusilə məktəblilərin milli mədəni dəyərlərimizin incisi olan Novruz bayramını necə keçirdiyini maraqla soruşurdu. Hər kəsə gözəl əhval-ruhiyyəli, şən olmağı arzu edirdi. Bir də kiçik qardaşı – 15 yaşlı Mübarizə bərk-bərk ata-anasını əmanət edərək, onları göz bəbəyi kimi qorumağı, hər zaman layiqincə qulluğunda durmağı tövsiyə edirdi…

Unudulmaz məktub yazıb yadigar,

Hər sətir içində min bir arzu var.

Dünyaya sığmayan qürur, iftixar,

Müqəddəs salamı nişanə qalıb.

 

Aradan keçsə də qərinə, illər,

Şirin xatirələr söyləyər dillər,

Ondan örnək alar gələn nəsillər,

Savaş meydanında mərdanə qalıb.

 

Qəhrəman olmaqçün doğuldu Ramiz,

On doqquz yaşında çəkdi uca iz.

Şərəfli bir məqam, amalı təmiz,

Müqəddəs salamı nişanə qalıb.

Qardaşı Mübariz deyir:

– Ramiz mənim üçün vüqarlı dağ uca qamətli bir pəhləvan idi. O hər zaman məni qorumağa çalışırdı. Mənim üçün sözün əsl mənasında kişilik və qeyrət məktəbi idi. Onun varlığıyla hər zaman qürur və iftixar duyurdum. İndi də fəxr edirəm ki, mənim Ramiz kimi bir qardaşım olub!

Bacısı Minarə deyir;

– Ramiz uşaqlıqdan daha fərqli bir əqidəyə sahib idi. O, əlindən gəldiyi qədər hər kəsə yaxşılıq etməyə çalışırdı. Həm də çox cəsur və qorxmaz idi. Vətənə olan sevgisi, ülvi amal və əqidəsi onu ucalardan uca etdi. Tez-tez anama tədarük gördürüb həmyaşıdları ilə rayon sərhəd bölgəsində xidmət edən əsgərlərin görüşünə gedərdi. Onun bu xasiyyəti atamı da çox qürurlandırırdı. Sanki əsgər olmaq, vətən uğrunda xidmət etmək, ana vətənin keşiyində durmaq onun ən böyük arzusu, amalı idi. Silah-sursatlara və tanklara o qədər böyük həvəsi vardı ki, dağ kəndlərinə zirehli texnika maşınlar getdiyi zaman gecənin gec saatlarına qədər gizlicə gedib onları seyr edərdi. O, sanki vətən üçün doğulmuşdu vətən üçün yaşayırdı və vətən uğrunda əbədi dirilik şərbətini içdi. Mənə elə gəlir onun ruhu şaddır, çünki Ramiz ən müqəddəs arzusunu həyata keçirərkən şəhid oldu!

Atası Quliyev Fərman  Bayramlı kəndinin sayılıb-seçilən yüksək hörmət və ehtirama layiq olan dəyərli kənd ağsaqqallarından biridir. Lakin son zamanlar səhhətində baş verən ağrılar həyatın sərt üzü onu daha kövrək və duyğusal edib. Dəyərli el ağsaqqalı şəhidlərimizin atasına Allahdan şəfa diləyirəm. İlahi, Amin!

O, həyatdan iki dəfə ağır zərbə alıb. 1941-45-ci il Böyük Vətən müharibəsindən qardaşı Quliyev Binnət Məhəmməd oğlunun qara kağızı gəlmişdi. İllər sonra oğlunu I Qarabağ savaşında vətənə qurban verib. Fərman dayı ağrısını və acısını qəlbinin dərinliklərində gizlədərək o qədər qürurlu və dəyanətli dayanmağa çalışırdı ki, əlini köksünə qoyaraq sakit şəkildə dilləndi.

– Mənim Ramizim sağdır və yaşayır. Onun varlığı vətənə, millətə dəyər verən vətənpərvər insanların qəlbində yer alıb. Ramiz balamın simasında cəmi şəhidlərimizin ruhu şad olsun! Təki vətən sağ olsun!

– Doğrudan da bu dünya imtahan, cənnət – amalı və əqidəsi pak olanlar üçün ən mübarək ödüldür. Həyatın anlamı insanın baxışlarında gizlənir. Uca Allahın bizlərə lütf etdiyi ömür yükünün heybələrini gözəl əməllərlə doldurmağa çalışaq. Çalışaq ki, Allahın hüzurunda müqəddəs ruhlarla alnı açıq şəkildə görüşmək bizlərə də nəsib olsun. İlahi, Amin!

Zəkiyyə Musaqızı,

AJB-nin üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!