…Son illər Azərbaycanda uşaq pulu, doğum səviyyəsinin azalması və demoqrafik vəziyyətin pisləşməsi mövzusu geniş müzakirə olunur. Deputatlar, jurnalistlər, ekspertlər və ictimai fəallar müxtəlif təkliflər irəli sürürlər. Təəssüf ki, müzakirələrin əksəriyyəti problemin miqyasına uyğun deyil. Halbuki söhbət sadəcə sosial yardımdan və ya bir neçə min uşağın taleyindən getmir. Söhbət Azərbaycan xalqının uzunmüddətli gələcəyindən gedir.
Bir çox məşhur demoqraf və alimlərin fikrincə, XXI əsrin ən böyük problemlərindən biri məhz demoqrafik böhrandır. Uzun müddət insanlıq əhalinin həddindən artıq artımından ehtiyat edirdi. Bu gün isə inkişaf etmiş ölkələrin əksəriyyəti tamamilə fərqli problemlə üzləşib: doğum azalır, əhali qocalır, əmək qabiliyyətli insanların sayı sürətlə aşağı düşür. Rus demoqraflarının hesablamalarına görə yaxın 200 il ərzində rus milləti qırmızı kitaba düşə bilər.
Yaponiya, Cənubi Koreya, Almaniya,Hollandiya, İtaliya, İspaniya, Polşa və digər ölkələr artıq bu mərhələyə daxil olublar. Cənubi Koreyada hər qadına düşən uşaq sayı dünya tarixində ən aşağı səviyyələrdən birinə düşüb. BMT və bir çox tədqiqat mərkəzləri XXI əsrin sonuna qədər onlarla ölkənin əhalisinin 20-50 faiz azalacağını proqnozlaşdırır. Faktlar göstərir ki, bu bir sivilizasiya xəstəliyidir, inkişaf sürətləndikcə doğum azalır. İnkişaf etmiş ölkələr bu xəstəlikdən daha çox zərər görür. Bir çox ölkələr bunun qarşısını almaq üçün daha böyük proqramlar icra etməsinə baxmayaraq ciddi uğur qazana bilmir.
Azərbaycan da artıq bu prosesin içərisindədir.
1935-2025-cü illər üzrə əhalinin hər 1000 nəfərinə düşən təbii artım göstəricilərinə baxdıqda çox maraqlı mənzərə ortaya çıxır. İkinci Dünya müharibəsi illərində, 1942-1944-cü illərdə təbii artım mənfi zonaya düşmüşdür. Sonrakı onilliklərdə sürətli yüksəliş baş vermiş, 1960-cı illərin əvvəllərində hər min nəfərə düşən təbii artım 27-28 nəfərə qədər yüksəlmişdir. Lakin sonrakı dövrdə uzunmüddətli azalma başlamışdır. Bu gün göstərici təxminən 3,6 nəfərə qədər düşmüşdür.Əslində bu, sadəcə statistika deyil. Bu, gələcəyin xəritəsidir- SOS siqnalıdır. Torpağı qoruyan, əraziləri saxlayan, hər şeyi təşkil edən insanlardır, onları qorumaq, geniş təkrar istehsalını təşkil etmədən xalq formalaşa bilməz. İnsan problemi Azərbaycan xalqının və hökümətinin bir nömrəli vəzifəsi olmalıdır.
Mənim fikrimcə, vəziyyətin ciddiliyini tam dərk etmək üçün yalnız bugünkü iqtisadi reallıqlara deyil, gələcəyin texnoloji inkişaf istiqamətlərinə də baxmaq lazımdır.
Bu gün süni intellekt, robot texnikası, biotexnologiya və gələcəkdə kvant texnologiyaları bəşəriyyətin imkanlarını kəskin şəkildə genişləndirir. Bəzi insanlar hesab edir ki, süni intellekt insan əməyinə ehtiyacı azaldacaq. Mən bunun əksini düşünürəm.
İnsan ayağı bu gün cəmi üç səma cisminə dəyib: Yer, Ay və Mars istiqamətində ilk addımlar atılıb. Halbuki kainatda milyardlarla qalaktika, trilyonlarla ulduz və potensial yaşayış məkanları mövcuddur. Süni intellekt və kvant texnologiyaları inkişaf etdikcə insanlığın qarşısında yeni planetlər, yeni yaşayış məskənləri, yeni iqtisadi fəaliyyət sahələri açılacaq. Bu isə daha az deyil, daha çox insan tələb edəcək. Yer kürəsində yaşayan 8,2 milyard sakin əvəzinə 100 milyardlarla insan tələb olunacaq.
Yeni şəhərlər, yeni sənayelər, yeni elmi mərkəzlər, yeni tədqiqat stansiyaları qurulacaq. İnsanlığın qarşısında duran vəzifələr böyüdükcə insan kapitalının dəyəri də artacaq. Buna görə də demoqrafik böhran yalnız sosial məsələ deyil, strateji məsələdir.
Təəssüf ki, Azərbaycanda hələ də böyük hissə bu problemlərə qısa müddətli baxır. Kütləvi iqtisadi, texnoloji və rəqəmsal savadsızlıq hələ də ciddi problem olaraq qalır. Halbuki millətlər də insanlar kimidir. Doğulur, inkişaf edir, qocalır və zəifləyirlər. Uzaqgörən xalqlar millətin ömrünü uzatmaq üçün hər cür tədbirlər görürlər.
Fransa ailə siyasətinə görə Avropanın ən uğurlu ölkələrindən biridir. Macarıstan çoxuşaqlı ailələrə böyük vergi güzəştləri verir. Polşa uzunmüddətli ailə proqramları həyata keçirir. Sinqapur mənzil, təhsil və doğum siyasətini vahid sistem şəklində idarə edir. Cənubi Koreya son iyirmi ildə doğumu artırmaq üçün yüz milyardlarla dollar vəsait sərf etmişdir.
Bu ölkələrin hamısı eyni nəticəyə gəlib: demoqrafik böhran bazarın öhdəsinə buraxıla bilməz.
Azərbaycanda isə vəziyyət daha mürəkkəb görünür. Maraqlıdır ki, demoqrafik problemlə bağlı təkliflərin böyük hissəsi cəmiyyətin müxtəlif təbəqələrindən gəlir. Lakin hakimiyyət strukturlarında bu istiqamətdə fəal təşəbbüslər kifayət qədər görünmür. Daha maraqlısı odur ki, əks mövqelərin əhəmiyyətli hissəsi məhz idarəetmə sisteminin nümayəndələri tərəfindən səsləndirilir.
Psixologiya və idarəetmə elmi göstərir ki, hər hansı böyük qrup daxilində bütün insanların eyni fikirdə olması praktiki olaraq mümkün deyil. Müxtəlif baxışların mövcudluğu sağlam qərar qəbul etmənin əsas şərtidir. Alternativ fikirlərin zəifləməsi isə istənilən sistem üçün risk yaradır. Tarix göstərir ki, böyük səhvlərin əksəriyyəti məhz fikir müxtəlifliyinin məhdudlaşdığı dövrlərdə baş vermişdir.
Məncə, Azərbaycanda artıq sadəcə uşaq pulu deyil, geniş demoqrafik inkişaf proqramına ehtiyac yaranıb.
Sovet dövrünün bütün xüsusiyyətlərini ideal hesab etmək olmaz. Lakin demoqrafik siyasət sahəsində müəyyən müsbət təcrübələr mövcud idi. 1991-ci ildə təxminən 7,2 milyon əhalisi olan Azərbaycanda uşaq poliklinikaları , ambulatoriyaları və uşaq şöbəsi olan tibb müəssisələrinin sayı 738 idisə, 10,2 milyon əhaliyə bu gün onlardan cəmi 230-u qalıbdır. Müvafiq olaraq, qadın məsləhətxanalarının və qadın məsləhətxanası olan müəssisələrin sayı 296-dan 106-ya düşüb.
Bütün digər qurumların sayı indiki dövrlə müqayisədə daha geniş şəbəkə təşkil edirdi. Bu istiqamətdə ciddi araşdırma aparılmalı və itirilmiş infrastrukturun hansı hissəsinin bərpa edilə biləcəyi müəyyən edilməlidir.
Uşaq pulu ilə bağlı səslənən bəzi arqumentlər isə iqtisadi baxımdan kökündən yanlışdır. Burada ölkənin taleyi (ölüm-qalım) müzakirə mövzusudur. İnsan yoxdursa, heç nə yoxdur. Zənn edirəm, sadəcə söz xatirinə müzakirəyə qoşulan şəxslər sadəcə məsələnin dərinliyini dərk etmirlər.
Bəziləri hesab edir ki, uşaq pulu insanları tənbəlləşdirəcək. Əksinə, iqtisadiyyatın əsas qanunlarından biri göstərir ki, əhalinin aşağı və orta gəlirli qruplarına verilən vəsait çox sürətlə iqtisadi dövriyyəyə qayıdır. Əlavə vəsait alan ailə mağazaya gedir, mağaza yeni məhsul sifariş edir, istehsalçı istehsalı artırır, əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Beləliklə, bir manatlıq sosial dəstək dəfələrlə iqtisadi aktivlik yarada bilir. Uşaq pulu kimi verilən hər manat hər biri zəncirvari surətdə 100-lərlə nöqtədə vibrator kimi ayıltma – aktivləşmə rolunu yerinə yetirəcək. Ələ pul düşən kimi, adam mağazinə qaçacaq, mal istəyəcək, maqazinci istehsalçının yanına gedəcək, orada silkələyəcək, istehsalçı xammal arxasınca gedəcək və işçi qüvvəsi – insan axtaracaq, o yenə də müvafiq olaraq yenidən eyni mərhələləri keçəcək. Deputatın və hökümətin vəzifəsi isə ondan ibarətdir ki, hər bir nöqtədə müvafiq şərait yaratsın, əlverişli qanunlar qəbul etsin. təəssüf ki, o qanunları da görmürük.
Digər arqument isə insanların əlavə qazanc əldə etmək həvəsinin azalacağı ilə bağlıdır. Bu fikir də tamamilə iqtisadi nəzəriyyələri və təcrübəni inkar edir. İnsan ehtiyacları sonsuzdur. Pul duzlu su kimidir, çox işdikcə, çox da susayacaq. Bir də deputatın vəzifəsidir ki, elə şərait yaratsın ki, pulu olan insanlar, o pulu yaradıcılığı sərf etsin. Təəssüf ki, hazırda ölkədə tamamilə istehlakçı xarakterli bir cəmiyyət qurmuşuq, Sovet dövründə elmi-yaradıcı Azərbaycandan əsər əlamət qalmayıb. Yaradıcılığıa sərf olunan vəsaitin payını isə Əfqanıstandan da aşağı endirmişik (son rübün nəticələrinə görə cəmi 13%, Əfqanıstanda -17%). Pul müəyyən həddən sonra yaradıcılığa, elmə, təhsilə, innovasiyalara və sahibkarlığa yönələ bilər. Dövlətin vəzifəsi insanları yoxsulluqda saxlamaq deyil, onların potensialını açmaqdır.
Burada başqa bir problem də görünür. Son onilliklər ərzində Azərbaycan cəmiyyətində istehlak yönümlü davranışlar güclənmiş, elmi və yaradıcı fəaliyyətin nisbi çəkisi isə zəifləmişdir. Halbuki uzunmüddətli inkişaf yalnız istehlak hesabına mümkün deyil. Yaradıcı iqtisadiyyat, elm, texnologiya və innovasiya milli inkişafın əsas dayaqlarına çevrilməlidir. Uşaqlara qoyulan kapital özü hərtərəfli yaradıcılığı stimullaşdıra bilər. Hesablamalar göstərir ki, vətəndaşda qalan pul dövlətin sərəncamına keçən puldan qat-qat dəyərlidir, səmərəlidir (Azərbaycan şəraitində təqribən 3-4 dəfə). Dövlətdən uşaqlar üçün yönəldilən hər manat 2-3 dəfə o pulun dəyərini, cəmiyyətə faydasını artırmış olur. İllah da hazırkı dövr üçün bu məsələ çox aktualdır. Hazırda ölkədə Azərbaycan tarixində görünməmiş qədər investisiya qıtlığı yaranmışdır. İctimai dövriyyəyə əlavə bir manat da düşürsə dərhal daxili dövriyyədən çıxarılır və xarici ölkələrə göndərilir, ya valyuta ehtiyyatlarına, ya da xarici ölkələrə investisiya kimi. Əvəzində daxili dövriyyəyə vəsait daxil olmur. Xarici borclar da sürətlə azalır ki, bu da daxili dövriyyədən götürülür. Ölkədən çıxarılan birbaşa investisiyalar ölkəyə daxil olandan dəfələrlə çoxdur. BVF-nun normativinə görə ölkədə təqribən 11-12 milyard dollar valyuta ehtiyyatı saxlanılmalıdır. Amma Azərbaycanın valyuta ehtiyyatları 88 milyard dollar keçmişdir, deməli 76 milyard dollar ekstra-əlavə valyuta ehtiyyatları var, amma xaricdə saxlanıldığına görə ölkə iqtisadiyyatına elə ciddi yarar saxlaya bilmir. Bir də təsəvvür edin, bu ehtiyyatlara toxunmadan daxilli dövriyyəyə bir o qədər vəsait cəlb oluna bilərdisə, nə nəticə əldə oluna bilərdi. (Müqayisə üçün ölkənin iqtisadiyyatına qoyulan əsas kapitala investisiyalar cəmi 12 milyard dollar təşkil edir).
Qadınların rolu məsələsi də xüsusi diqqət tələb edir. Bəzən qadınların yalnız evdə qalaraq uşaqlara baxmasının daha faydalı olduğu fikirləri səsləndirilir. Halbuki müasir iqtisadiyyatın və inkişaf etmiş ölkələrin təcrübəsi tamamilə fərqli mənzərə göstərir. Əhalinin yarısını təşkil edən qadınların elm, təhsil, idarəetmə, sahibkarlıq və texnologiya sahələrində fəal iştirakı olmadan yüksək inkişaf səviyyəsinə çatmış ölkə nümunəsi demək olar ki, yoxdur. İslam cəmiyyətini bu qədər zəif salan ölkələrin yarı potensiyalının (qadınlar əhalinin ortalama yarısını təşkil edir) çıxdaş edilməsidir.
Ailə institutunun gücləndirilməsi ilə qadınların iqtisadi fəallığı bir-birinə zidd anlayışlar deyil. Əksinə, inkişaf etmiş ölkələr hər iki istiqaməti paralel şəkildə dəstəkləyirlər.
Nəticə etibarilə Azərbaycan üçün demoqrafik məsələ artıq gələcəyin deyil, bu günün problemidir. Uşaq pulu vacibdir, lakin kifayət deyil. Ölkəyə uzunmüddətli milli demoqrafik strategiya lazımdır. Mənzil siyasətindən tutmuş təhsilə, səhiyyədən tutmuş qadın məşğulluğuna, regional inkişafdan tutmuş innovasiya iqtisadiyyatına qədər bütün istiqamətlər vahid proqram daxilində əlaqələndirilməlidir.
Azərbaycanın ən böyük sərvəti neft deyil, qaz deyil, hətta torpaq da deyil.
Azərbaycanın ən böyük sərvəti insanıdır.
İnsan sayı azalırsa, gələcəyin iqtisadiyyatı da kiçilir, elmi də zəifləyir, təhlükəsizlik imkanları da məhdudlaşır. Demoqrafik böhranı görməməzlikdən gəlmək mümkündür, lakin onun nəticələrindən qaçmaq mümkün olmayacaq.
Vaxt hələ var. Amma hər keçən il bu vaxtı azaldır.
Saleh Məmmədov,
İqtisad elmləri doktoru, Professor