Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şairin poeziyasında şəxsiyyət konsepsiyası, ümumiyyətlə, araşdırılmamışdır. Altmış ildən artıq pedaqoji fəaliyyətdə olan bir pedaqoqdan bir vərəq də yazmamışlar. Halbuki, Bəxtiyar müəllim auditoriyada gənc nəsillə üz-üzə olmuşdur, tədris etmişdir. Tədqiqatçılar pedaqogikanın tərbiyə elmi olması funksiyasından xəbərsizdilər – bu gün də! Onlar- qeyri peşəkar ədəbiyyatşünaslarımız ədəbi nümunələrdə “insan – şəxsiyyət konsepsiyası”na yaxın durmamışlar, poeziyanın əxlaqi tərbiyədə – davranışda sinfi və ümumibəşəri cəhətdən xəbərsizdilər.
B.Vahabzadə cəmiyyətdə baş verən ideoloji ziddiyyətləri nəinki görür, onu bədii şüurundan və dünyagörüşündən keçrir – bunu şairin şəxsiyyəti, vətəndaş mövqeyi tələb edir. Bəzən oxucuya elə gəlir – sənətkar estetik şüurun, dövrün ideoloji münaqişələrindən kənarda dayanır, əslində isə: “Şair yaradıcılığı boyu məktəbi, müəllimləri, şagirdləri təsvir və tərənnüm etmişdir, “Kitab”, “Yazı tax-tası”, “Tələbə – müəllim” , “Körpə gülüşü” və s. şeirləri bu gün də maraqla oxunur”. “Tələbə – müəllim”də lirik təəssürat yenicə dərsə başlayan cavan oğlanla bağlıdır, o bir zaman oxuduğu məktəbin qapısından içəri girəcəkdir:
O, düz beş il əvvəl, ayrılan zaman
Örtmüş qapısını həmin məktəbin.
Bu günsə açacaq həmin məktəbin,
Ona layiq olan müəllim kimi.
Bu cavan müəllimi daha çox qocaman müəllimi qarşılayır sevinclə, bu xoş görüşdən “ürəklərə” şəfa çilənir:
Qoca bir müəllim tək öpərək onu
– Nə xoş anları var, – dedi – bu ömrün
Səadət deyilmi öz şagirdini,
Bir müəllim görmək, müəllim üçün!..
“Yazı taxtası”, “Kitab” şeirləri nikbin ovqatla yazılmışdır. Hansı yaşa çatsaq da gözlərimizin önündən qara rəngli yazı taxtası və ağappaq təbaşir silinmir. Onun qarşısında dayanıb, tapşırığı həll etmiş, müəllimimizin razılığı həsrətini yaşamışıq: Şair üzünü yazı taxtasına tutur.
Ay yazı taxtası, yazı taxtası,
Mən səndə nə qədər yazı yazmışam.
Adi rəqəmləri, adi sözləri,–
Siləndə min dəfə azı, yazmışam.
Vaxt ötdükcə bu rəqəmlər silinmiş, pozulmuşdur. Şair təəccüblənməyə bilməz:
Yazdığım rəqəmlər, yazdığım sözlər,
Məgər iz salmamış heç yerdə bu gün?
Şair yanıldığını hiss edir, həmin rəqəmlər aldığı vəsiqədir!
Sanki vəsiqəmə yığılıb gülür,
Bütün o rəqəmlər, bütün o sözlər
Ömrümün yolunu göstərir mənə –
Bu gün o rəqəmlər, bu gün o sözlər.
Bəxtiyar Vahabzadə uşaqlar üçün daima şeirlər, nəğmələr qələmə almışdır. Müxtəlif illərdə (60, 66 və 70-ci illərdə). “Uşaq və məktəb dünyası” silsiləsində onlarla şeirini balalara hədiyyə etmişdir (bax,III c. 91-108, IV c. 455-458).
Ədəbiyyatda, o cümlədən poeziyada şəxsiyyət və mühit probleminin konseptual lirik təsviri müxtəlif zaman – vaxt üçün xarakterik səciyyə daşımışdır: Dövr və Məkan hüdudları; mahiyyətli ziddiyyətlər; ictimai – sosial və fərdi – şəxsi maraqlar. Bu problem şəxsiyyətin həyat tərzinin poeziyada bir sıra əxlaqi sərvətlərin, sosial ümumiliyin tərbiyəvi vəzifəsini, habelə mənəviyyatı şərtləndirir, poetik müstə-viyə çıxarır. Bu tezisdən çıxış edərək Bəxtiyar Vahabzadə bir çox şeirlərində (“İnsan”, “Ömrün payızı”, “Ömür”) oxucuya poeziyadan zövq almaq ehtiyacının ödə-nilməsilə yanaşı, yeni fikirlər aşılayır. Bu və digər şeirlərində şair ömrün sonsuzlu-ğunu arzulayır: bu ömür harada, hansı məqamda bitəcəkdir, bununla həyatın əvəz-sizliyi özünü diqtə edir: “Ömrün payızı” şeirini yazanda 35 yaşında idi və heyif-silənir ki… “dövran tez dolanır, illər tez gəlir ömrün pillələri fəsillərlə həmahəng səslənir”. Deməli, ömrün payızı yaxınlaşır:
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavşa.
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır, günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır:
Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Bu şeir hər bir oxucunu dərindən-dərin düşündürməyə bilməz, ömrün payızına “aparmaya” bilməz. Və insanın sonu əl boyda kağıza yazılmış “Nekroloq”dur. “Həyatın ən qısa mənzərəsi, o cümləyə sığışan” mətn! Mərhum bir an özü barədə yazılmış nekroloqu oxusaydı ürəyindən nə keçərdi? O keçərdi ki, həyatdakı əməlləri nə üçün nekroloqa düşməmişdir.
Hər kəsin arzuları çoxdur əməllərindən
min kərə, milyon kərə
Ürəkdəki arzular əməllərindən əzəldir.
Eləmək istədiyim, mənim elədiyimdən
həm çox, həm də gözəldir!
Şairin tövsiyəsi isə konkretdir:
Eləysə… Nekroloqda ömür tam olsun deyə
Əməllərlə bərabər ən gözəl arzular da
niyə yazılmır, niyə?!
B.Vahabzadə şeirlərində (ümumən poeziyasında) – bədii konteksdə obrazların didaktik davranışının təhsilliyini şüurun ümumi strukturunda mücərrəd təsvr etmir, “İztirabın sonu”, “Etiraf”, “Atılmışlar”, “Təzadlar” poemalarında pedaqoji prosesə enir, onun pedaqoqluğundan əlavə, tərbiyənin funksiyasına toxunur.
Yeri gəlmişkən “İztirabın sonu” B.Vahabzadənin ilk yaradıcılığı dövrünün məhsuludur və 1956-cı ildə yazılmışdır (“Əsərləri”nin I cildində verilmişdir). “İztirabın sonu” poeması S.Vurğunun “Aygün” əsərinin təsirindən yazılmışdır,[1]– hökmünü ver-məzdim; ümumiyyətlə, ötən əsrin 50-60-cı illərin ailə – məişət mövzusu poeziya-mıza “ayaq” açdı, bu da təbii ki, sosial – mənəvi mühitin diqtəsiydi (Qabil “Mehparə”, H.Həsənzadə, “Kimin sualı var?” və digər şairlər bu mövzuya toxunmuşlar). B.Vahabzadənin bu poemasında biz Şahnaz və Hatəm obrazlarının taleyilə qarşılaşırıq.
“Proloq”da müəllifin oxucularla didaktik müraciəti səslənir, adamların bir növ həyata baxışı: həssaslığı, hadisələrə reaksiyası, incə duyğusu təsvir olunur. Bəli, yaşadığımız həyatın tərbiyə etdiyi insanların təbiəti belədir. Bəli, dünyanın işidir bu, hansı ki, bu dünyaya etibar yoxdur, bir gün isə:
Həm sevinc var, həm də qəm sarı simdə,
Nəşədən yaranır bəzən ələm də.
Həm çörək yetirir insana, həm də –
Yeyir insanları yer bu dünyada!
Şair poemada bir suala cavab axtarmaq istəmişdir: “cütləri” birləşdirən sevgi yoxsa? Və bunlar ailə qurarsa qoşa yol gedə bilərmi? Şair suallara cavab verməyə tələsmir. İlk misralarda oxucu məsələni sezir və qəhrəmanların xasiyyətlərindən şübhələnir. Söhbət “Otello” tamaşasında ərlə arvadın duyum tərzindən başlanır. Hatəm musiqiçidir, bəstəkardır, Şahnaz adi qadındır, sadə ailədə doğulub tərbiyə almışdır.
Hatəm səhnədə Otellonun sevdiyi Dezdimonanın faciəsini yaşayır. Sanki o, təkdir, Şahnazsızdır.
Səhnəyə zilləyib gözünü oğlan,
Şeir Otellonun hər kəlməsini,
İsti cəryan keçir damarlarından,
(Eşitmək mümkünmü onun səsini?)
“Otello sindromu”nun mənimsənilməsinə münasibət başqadır, insanın öz ruhi aləmini anlaması, onun üzərinə hökmran olması tərbiyədən çox asılıdır, burada ixtisasın da rolu yox deyil. Cəmiyyətin və insanın təkmilləşməsi vacib şərtdir. Həyatda bərkdən – boşdan çıxmayan, sevginin həsrətini duymayan Şahnazdan nə gözləmək olar? Hatəm bəlkə də Şahnazı bu cür təsəvvür etməzdi, həssaslığına sevinərdi, lakin:
Neçin mənim kimi kədərlənmədi
Şahnaz Otellonun faciəsinə?
Neçin: “Bu, oyundur, səhnədir”,– dedi.
Hələ bir üstəlik güldü də mənə?!
Hatəmə bu hal çox mənfi təsir edir və ona haqq qazandırırıq. Ona görə ki, “qəlbindəki döyüntüləri” anlamamışdır.
Bəs başa düşməzmi bunu Şahnazım?
Başa düşməyənə demək nə lazım?
Yenə xırda mübahisə, Şahnazın: “demək istəyirsən mən yas saxlayım?” – tənəsi Hatəmə pis təsir göstərir, özünə iztirab gətirən suallar verir:
Düşündü: “Sevgilim qışa yaz deyir,
Demək o, mənə də oyunbaz deyir.
Bəs necə olacaq bu işin sonu?
Mənim ürəyimdə daşan duyğunu
O, öz ürəyində daşıyacaqmı?
Hissimlə, duyğumla yaşayacaqmı?
Suallar labirintində Hatəm hey çapalayır, Şahnazı onu başa düşməkdən xeyli uzaqdır, taleyi belə gətirməməliydi. O, ötən illərə qayıdır, Şahnazı sevən çağlarına. Şairin ricəti.
Bəxtini bu qızın üzündə gördü.
Evlərinə qədər onu ötürdü.
Gah irəli keçdi, gah dala qaldı,
Heyrətdən gözləri açıla qaldı.
Qərarı isə qətidir: “O gözəl mənim olacaq”, – Hatəmin sözü birdir, hər kəs ona məsləhət verə bilməz, onun xarakter cizgilərilə tanış oluruq, onun üçün orta hal yoxdur, ya nifrət etmiş, sevmiş, ya da başını bəlaya salmışdır.
Boğazdan yuxarı o, gülməmişdir,
Gülüşü ağzından tökülməmişdir
Ya ürəkdən gülmüş, susmuşdur, ya da
Ürəkdən ağlamış ağlayanda da…
Ərinin belə xarakteri Şahnazda yaxşı təəssürat yaratmır, ata evini yada salır.
Hatəm hələ Şahnazın hisslərini duymaqdan uzaqdır, yalnız yaratmaqdır arzusu.
Şahnaza haqq qazandırmağa dəyər, çün gənc qadının da hissləri var, əriylə danışıb – gülməli, gözəlliyinin, qadınlığının təravətini ona ərmağan etməlidir. Gənc qadının məxsusi rapsodiyaları əri tərəfindən qiymətləndirməlidir. Bu yoxsa…
Hatəm özünü yalnız bir sənətkar sanırdı,
Sənətini, eşqini Şahnaza qısqanırdı…
Elə bilirdi yalnız, sənətdədir hər hikmət,
Sənətdədir gözəllik, insanlıq və məhəbbət!
Sənəti anlayanlar başa düşər hər şeyi –
Onun ürəyindəki sənətkar xudbinliyi
Qapadı gözlərini,
Anlamadı Şahnazı, Şahnaz da öz ərini.
Poemada Hatəmə bəzən haqq qazandırmağa dəyər, bir musiqiçi kimi özünə, sənətinə aludə olur, hətta gənc arvadını belə, unudur. Və yeri gələndə hisslərindən qopur, özünə qayıdır, özünə sual verir: Mən axı, Şahnazı sevib evlənmişəm, bəs sə-bəb nədir. O da, mən də iztirab içində yaşayırıq. Olur ki, o, məni başa düşmək istə-mir, mən onu. Belə hallarda oxucu da sualları qarşısında qalır: Həyatda “cütlər” əzəldən bir-birini anlamadan, ötəri hissə qapılmadan ailə qurmamalıdır. Fikrimcə, vacib deyil hər ikisi oxumuş olsun, savadlı olsun. Əsas odur, xüsusilə, qadın gənc əri-nin ilk gündən ruhunu “tutsun”, “kaprisi” ilə yola getsin. Davranışın özünə xas ya-zılmamış qanunları var, həyatın “müdrik təcrübəsi” intiutiv mənimsənilməlidir, insanın tərbiyəsi buna cavab verməlidir. Ər qadınından ən yüksək zövq almalı, onun şərəfini qiymətləndirməyi bacarmalıdır. Qadın isə ərinin sənəti ilə bağlı çalışmasına şərait yaratmalıdır. Qarşılıqlı anlaşma ilə qadın özünifadə etməməlidir. Poemada Şahnaz hələ Hatəmin sənət idealına cavab vermək üçün yetişməmişdir, bəlkə hələ də uşaqlığından ayrılmamışdır, Hatəm pıçıldamaqda haqlıdır: Amma ümid-lidir baxmayaraq: “Yox, başqa mayadan yoğrulmuşuq biz “, – düşünür.
(Davamı var)
Allahverdi Eminov,
Professor
(Xüsusi olaraq “Təzadlar” üçün)
