Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 10:14

Sonuncu görüş

(Xatirə oçerk)

Qamışoğlu ilə yeni görüşümüz də şadyanalıqla keçmədi. O, qırğı dovşan balasının üstün alan kimi məni çıxılmaz vəziyyətdə qoydu:

– Hacı Məmmədovu tanıyırsan? – deyə soruşdu.

Mətləbi qanmadım. Kəsə – yox, dedim.

Qamışoğlu, deyəsən, sözünə düzəliş verdi:

– Hə – dedi, – deyəsən, sualı düz qoymadım. Hacı Məmmədovu xatırlayırsanmı? – soruşdu.

Yenə “yox” dedim.

– Dostun Qərib Qəriboviçi necə? Tanıyırdın, yoxsa tanıyırsan?

– Qəribxan müəllimi tanıyırdım. Biz yaxşı ünsiyyətdə olmuşuq. Hə. Noolub, onu niyə soruşursan?

– Heç, yaddaşına şübhəm vardı, qorxdum ki, məni də tanımayasan.

– Səni qəbir evində də unutmaq olmaz. Sən ehtirazını yerindəcə bildirən adamsan.

Gec başa düşdüm. Deyəsən, mənimlə nəyisə bölüşəcəyimiş. Toxdadım. Özümü idarə edirəmmiş kimi Qamışoğlunu əzizlədim:

– Qədrini bilməyənə ağrın. Sən qəlbən təmiz, ruhən paksan. Sən olmasan məni kim dindirib danışdırar. Gör nə vaxtın yolçularıyıq. Yenə şükür, Qərib Qəriboviç yadında qalıb.

Anladım ki, Qamışı narahat edən nəsə var. Yumuşaldım. Dedim bəlkə Qəribxan haqqında bir söz eşitdim. Xətrinə dəyməsin deyə, Qamışoğlunun könlünü almaq istədim. Düzdür, Qəribxan müəllimlə ünsiyyətimiz olub. Onun kimsəyə tuzaq qurduğunu görməmişəm. Afurçalıydı. Sağlam, sədaqətli, yetkin bir şəxs idi. Sumqayıta erkən yetkinliyində gəlib. Tat dilli olsa da, Azərbaycan və rus dillərində  danışıq tərzini diqqətlə mənimsəyib. Yorulmadan mütaliə edib. Rus dilində çıxış etməyi, məclis aparmağı da vardır. İşlədiyi peşə məktəbindən irəli çəkilmişdir. Həm də ictimai iş kimi mədəniyyət işçiləri partiya təşkilatçısı idi. Hamıyla mehriban idi.

Etiraf edirəm, mənə inanmışdı. Dost deyildik, sədaqətli idik. O, mənə inanır, mən vacib işi sahman yerinə yetirirdim. Müxtəlif tapşırıqlarla Sovetlərin əhatə dairəsində turizm xidmətinə göndərilirdim. Mənə vaxtından əvvəl yol bileti alınır, qonaq evlərində yer sifariş edilirdi. Bizim turistləri sənədləşdirir, onlardan gələcək turistlərin qəbuluna zəmanət sənədləri hazırlayırdıq. Məktəbli turistləri xüsusən Yeni il şənliklərinə qatarla, yetkin iş adamlarını söz yox, vaxt az olduğundan təyyarə reysləri ilə yollayırdıq. Mən Qəribxan müəllimin göndərişi ilə dəfələrlə Moskvada, Peterburqda, Baltik ölkələrində, Lvov, Kiyev, Minski, Odessa şəhərlərində, Orta Asiyanın bütün respublikalarında, bir neçə yol Səmərqənddə, Buxara və Xiyvədə olmuşam. Fərqanə vadisi məni valeh etdi. Əfqan sərhəddində sürgün edilmişlərin saldığı yeni şəhər kolxozabadda bir alman arıçının evində qonaq oldum. Onun həyət qapısından içəri girər-girməz asudəlik, səliqə-sahman elə idi ki, səhrada olduğuma inanmadım. O, əsl alman həyatı yaşayırdı. Həm də ilkin andan öyrəndim ki, isti yerdən soyuq yerə arı aparmazlar. Düşənbədə mərkəzi “Qonaq evi”ndə arxatda qoyun yatan timsalda pilləkanlarda yatan tacir qardaşlarımızı görmüşəm. Orada üç gündən-üç günə növbə gözləyən bir yapon mühacirinə yerlimdir deyə, həyan durdum, qaldığım nömrədə yerləşməsinə icazə aldım. Sözüm odur ki, ədalət vardı. Öz haqları barədə oyaq deyildilər tacir qardaşlarımız.

Ölkənin böyük Sovet dövlətinin uzaq-yaxın yerlərindən nəqafil xəbərlər gəlirdi. Almaatanın, Tiflisin münaqişələri, separatizm sözü günün xəbərlərinə qatılırdı. Ta doğma Sumqayıt hadisələrinə kimi, fil qulağında yatan olmuşam. Məsləkimdi, Sovet dövləti dövründə yuxulu olmuşam. Məhəlləmizdə camaat əmanət kassalarından pullarını çıxartdıqları halda, mən var-gəl edir, onlara rişxəndlə baxırdım. İnamlı idim əmin-aman yaşayışımıza. Soyuyurdu havalar. Bakıda Hökumət evinin qarşısında toplaşanları  görsəm də, oyaq deyildim. Heç o, Nemət Pənahovun “otur-dur” komandası da məni oyatmadı. Hər gün pul dəyərini itirir, ərzaq qiymətləri kəllə-çarxa çıxır, aylıq maaşımız bir yana yetmirdi. Qaçqınlar ölkə boyu aşıb-daşırdı. Tufandı, qasırğa idi. Söz-söhbət çoxdu. Qadağan günlərini də gördük. Öz evində inamsız yaşamağın ağrısını da çəkdik.

İlkin özümü deyim ki, çox da uzaqgörən olmasam da, ehtiyac üzündən mən də kəndə qaçdım. Əlimiz torpağa çatdı. Torpaq: “Əz məni, bəzəyim səni” – dedi. Torpaq islahatı vaxtı bizə də pay torpaq ayırdılar. İş bir az da artdı. O ki var güləşdik. Evimizin dirəyi “gecə-gündüz” bilmədi. Evimizin dirəyi dayanmadı-durmadı. Demirəm hər işi texnika gördü. Elə yer düşürdü ki, cəmi tatların Gələəmləsini gəzdirən o dörd ayaqlı “mersedesə də” möhtac olurdum.

Sumqayıta təkdən bir gəlirdim. Turizm idarəsi ilə vaxt azlığından əlaqəm tamam üzülmüşdü.

Bir axşam “Sputnik” ərzaq mağazasının qənşərində təsadüfən Qəribxanla rastlaşdıq. O, son dərəcə arıqlamış, üz-gözünü qırışlar örtmüşdü. Bir zaman gülüşünə məlahət verən dişlərinin qızıl qapağı çıxarılmış, adda-budda qaralmış dişləri ağır işgəncələrdən soraq verirdi. O, tələsdiyini bəhanə edib (məni bəlkə də azdırırdı), tez aralandı. Sonra görüşdüyüm bir özgə tanışımızdan öyrəndim ki,  sən demə, turist bürosunda böyük gərginlik olub. Kimlərinsə basqını nə tör etdiyi bu gün bizə məlum deyil. Qəribxan müəllimi hansı səmtə apardıqları bilinməyib.

Hə, o Xızıda Hacı Əbdülün İcra Aparatını zəbt etdiyi zamanda iqtidardan olub, iqtidara tuzaq quranların sırasında Hacı Məmmədov timsallıların çapqınçılığı kimi yadda qaldı. “Başlı başını saxlasın!”.

Qüdrət Əliyev,

müstəqil yazar   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!