Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 17:18

Bəs qeyrətimiz necə olsun?

Kəndimizdə elə bir ay olmazdı ki, bir idman tədbiri keçirilməsin. Səbəbi də o idi ki, kənd sovetinin  sədri Mərifət kişi keçmiş idmançı idi.  Dediyinə görə, cavanlığında  eşşək çapmaq üzrə bir neçə dəfə 100 metrlik yarşda 2-ci yeri tutmuşdu. Birinci yeri isə həmişə müavini Maarif kişi tutardı. Onun işindən narazı qalanda sədrimiz həmişə onu dümsükləyib deyərdi: Ə, Maarif,  bu sənin üçün eşşək çapmaq deyil haaa…  Bir sözlə, idman dəlisidi bizim sədrimiz.

Kəndimizdə elə bir həyət-baca tapmazsan ki, məmə yeyəndən, pəpə yeyənədək idman yarışının iştirakçısı olmasın. Sabah isə velosiped idmanı üzrə kənd birinciliyi start götürəcəkdi. Bu barədə kənd sovetinin qapısından elan da asılmışdı. Qaravulçu işlədiyim  kolxozun sədri məni yanına çağırıb:

– Nüsrət kişi növbə sənindir”-dedi.

Gözlənilməz təklifdən gözlərim bərəldi:

-Ay sədr, qadan alım, 90 yaşında adam da velosiped sürə bilər? Ötən ay məni boks yarışına göndərmişdin, ondan əvvəl də kolxozumuzun şərəfini 1 metr hündürlüyə tullanmqla qorumuşam. Özün də bilirsən ki, indiyənə kimi ombamın birini çəkirəm…

Sədrimiz bir az yumşalaraq:

-Bilirəm qağa, bu əsil kişi idmanıdır. Özü də vur-tut 100  metr məsafədir. Kolxozumda kişi ola-ola bu yarışa arvad xeylağını göndərə bilmərəm axı…Bəs bizim qeyrətimiz…

Sədrimiz yaxşı biliridi ki, qeyrət məsələsi mənim zəif yerimdir. Bir söz deməyib otaqdan çıxdım. Neyləyim, sabahkı yarışa hazırlaşmaq lazım idi. Evə gəlib ilk növbədə geyim tədarükünü gördüm. Sandığın içindən alt tuman köynəyimi , isiti kürkümü və uzunboğaz çəkmələrimi çıxartdım. Daha sonra 10 yumurtanın dürməyini və bir termos da çayı boğçama qoyub düyünlədim. Kim bilir, yolda hər şey ola bilərdi…

Səhəri diri gözlü açdım. Bütün kənd camaatı idmançıları qarşılamaq üçün yola çıxmışdı. Deyəsən, bütün gecəni də orada keçirmişdilər.

Eşşək anqırtısı startın verilməsinə işarə oldu. Yerimdən çox bərk götürüldüm. Özüm də qorxdum, amandı,  təki yıxılmayım.

Kolxoz sədrinin yalvarışlı baxışlarını boynumun dalında açıq-aydın hiss edirdim. Necə də olmasa, ortada qeyrət məsələsi var idi axı… İştirakçılardan xeyli aralanmışdım. Elə 10 metr getmiş olardım ki, bərk acdığımı hiss elədim. Lakin dayanmaq olmazdı. Bəs qeyrətimz necə olsun? Artıq vaxtı da itirmişdim. Sədrimiz də yəqin nigarandı. Yaxınlıqdakı poçtdan zəng etmək mümkün olsaydı… Bilsə ki, salamatam, sevinər… Yox, dayanmaq olmaz…

Hava yaman bürkü idi. Əynimdəki kürk su içində olduğundan ağırlaşmışdı…Yarışı yüksək səviyyədə davam etdirmək getdikcə çətinləşirdi. Artıq 20 metr məsafə geridə qalmışdı. Həm aclıq, həm də yorğunluq məni əldən salmışdı. Təki yıxılmayım… Bir yerdə gecələmək də pis olmazdı, -deyə düşündüm. Bir tikə çörək yeyib, əyin-başımı da dəyişərdim. Uzaqlıqda kəndimizin qonaq evinin sütunları qaralırdı… Gözəyarı ölçdüm, burdan 30 metr olardı. Geriyə baxmağa ürək eləmirdim, başım gicəllənə bilərdi. Düzü, heyim də qalmamışdı…Bir təskinliyim onda idi ki, məni keçən olmamışdı.

Aman Allah, bir az dincələ bilsəydim… Təki yıxılmayım. Əsas odur. Vur-tut bir qeyrətimiz var.  Yaxınlıqda bir çaqqal uladı. Möhkəm diksindim, az qala aşacaqdım. Bəlkə də iti idi. İtə atası daşım da yoxdur. Nəyin bahasına olursa -olsun özümü qonaq evinə çatdırmalıyam. Uzunboğaz çəkmələrimi də nahaq geyindim. Köhnə qaloşum heyif deyil? İndi çoxdan çatmışdım…

Yol boyu qaldırdığım tozanaqdan rəqiblərimi görə bilmirdim. Deyəsən, çox geridə idilər. Amandı, təki aşmayım. Elə bil, yaxınlıqda qurbağa qurultusu eşitdim. Yox deyəsən, qarnımdır. Aclıq deyəsən məni üstələyir. Aman Allah, heç olmasa, gözümün acısını ala bilsəydim… Daha ayaqlarım da sözümə baxmır. Eybi yox… az qalıb. Bir də güc eləsəm…Gözümün üstünü nə isə örtür, görə də bilmirəm. Əlimi bir anlıq azad edə bilsəydim…”Amandı yıxılaram”-, deyə düşündüm. Onda bəs qeyrətimiz necə olsun? … Olan -qalan bir qeyrət…

Kimsə məni hey silkələyirdi. Gözümü bir təhər açdım. Bizim arvad idi.

-A kişi, bu qədər yatmaq olar?  Yuxuda yaman qeyrət-qeyrət deyə sərsəmləyirdin… Tez elə, qalx görüm. Sədr zəng eləmişdi. Hansısa velosiped yarışında iştirak eləməlisən…

Ramiz Quliyev

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!