Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış qələm sahiblərinin, pedaqoqların və məktəblilərin qatıldığı tədbir əsl poeziya bayramına çevrildi
Mayın 1-də paytaxtda, Yasamal rayonundakı X.B.Natəvan adına 4 nömrəli kitabxanada şair Əli Yusifin “Gələcəyin xatirəsi” və “Sular çiçəkləyəndə” kitablarının təqdimatı keçirildi. Ədəbiyyatsevərlərin böyük maraqla qatıldığı tədbirdə ölkənin tanınmış şairləri, yazıçıları, jurnalistləri, professorları, müəllim və şagirdləri iştirak edirdilər.

Tədbiri giriş sözüylə Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxananın müdiri Kəmalə Novruzova açaraq, Əli Yusifin uzun illər ərzində formalaşmış poetik irsindən söz açdı. O, şairin poeziyada özünəməxsus üslubu ilə seçildiyini vurğuladı. Onu da qeyd edək ki, Kəmalə xanım kitabxananın rəhbərliyinə yeni təyin olunmasına baxmayaraq, artıq çox fəal və təşəbbüskar fəaliyyəti ilə seçilir. Onun rəhbərliyə gəldiyi qısa müddət ərzində mütəmadi olaraq müxtəlif ədəbi-bədii tədbirlər təşkil edilir. Ən önəmli məqamlardan biri də odur ki, bu tədbirlərə şair və yazıçılarla yanaşı, məktəblərin müəllim kollektivi və şagirdləri də dəvət olunur. Şagirdlərimiz onların şeirlərini əzbərliyib söyləyirlər, şairlərimizi canlı görürlər, onlardan öyrənmək istədikləri sualları verirlər. Bu isə ədəbiyyatın gənc nəslə sevdirilməsi baxımından çox mühüm və təqdirəlayiq bir addımdır.

Ardınca tədbirin idarəçiliyi şairə Maya İsmayılovaya həvalə olundu. Maya xanım şairlə dostluğundan söz açaraq, onun insan və sənətkar kimi böyüklüyünü xüsusi vurğuladı. O, Əli Yusif poeziyasının həyatın içindən, insanın ruhundan qaynaqlandığını qeyd edib və sözü tanınmış şair, əsasən də, uşaqlar üçün şeirlər yazan Qəşəm Nəcəfzadəyə verdi.

Qəşəm Nəcəfzadənin çıxışı tədbirin ruhunu yüksəldən anlardan biri oldu. Onun sözləri, eləcə də səsləndirdiyi şeirlər, salonda olan hər kəsdə dərin təəssürat yaratdı. Qəşəm Nəcəfzadənin özünəməxsus üslubu və bədii ifadə tərzi tədbirə xüsusi bir rəng qatdı. Şairin şeirləri həm emosional, həm də intellektual dərinliyi ilə iştirakçıları özünə cəlb etdi, onların hisslərini oyandırdı. Hər bir söz, hər bir bənd, sanki qəlbləri isidən bir təbəssümə çevrildi.
Xüsusilə, Qəşəm Nəcəfzadənin uşaqlar üçün söylədiyi şeir tədbir iştirakçıları, xüsusi ilə uşaqlar üçün unudulmaz anlardan birini yaşatdı. Bu şeir 225 nömrəli tam orta məktəbin 5b sinif şagirdləri tərəfindən böyük sevgi ilə qarşılandı. Uşaqlar, şairin hər kəlməsini sanki öz həyatlarının bir hissəsi kimi hiss edərək, şeiri diqqətlə dinlədilər və böyük maraqla reaksiya verdilər. Şeir, həmçinin onların əlindən gələn bütün sevgi və diqqətə layiq bir şəkildə ifadə olundu.
Bu xüsusi anın ardından sonra balaca ədəbiyyatsevərlər də Əli Yusifin şeirlərindən parçalar söylədilər. Onlar, şairin poeziyasının incəliklərini və məna dərinliyini öz kiçik, amma çox təbii ifalarına yansıtdılar. Bu anlar tədbirə bənzərsiz bir ab-hava qatdı və sanki uşaqların təbiətindən gələn saflıq və təmiz duyğuları salondakı hər bir iştirakçının qəlbinə toxundu.

…Tədbirin maraqlı və yaddaqalan çıxışlarından biri də “Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi”nin sədri, şairə Tahirə Şuşalının (Məmmədova) çıxışı oldu. Tahirə xanım Əli Yusifin yaradıcılığına böyük hörmət bəslədiyini bildirdi. O, şairin bir neçə misrasını səsləndirdikdən sonra özünün də bəzən şeir yazdığını etiraf etsə də, bu sahədə peşəkar olmadığını xüsusi vurğuladı. “Əslində, məni burada şairə kimi təqdim edəndə bir az çəkinirəm”, – deyə Tahirə xanım təbəssümlə söylədi. “Çünki bu məclisdə Əli Yusif kimi, Qəşəm Nəcəfzadə kimi sözə, poeziyaya ömür vermiş insanlar var. Onların yanında özümü şairə adlandırmaq mənim üçün bir qədər böyük görünür. Mən sadəcə bəzən ruhum dolanda, içimdən söz daşanda kağıza tökürəm. O da şeir olur, ya olmur, onu oxucular bilər… Bir də ki, şuşalı olduğuma görə şüşa işğalda olanda istər-istəməz ürəyim yandığı üçün, həm də Şuşanı…” Bu sözlər iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Tahirə xanımın sadə və səmimi çıxışı, ədəbiyyata olan ehtiramı tədbirin emosional ovqatını daha da dərinləşdirdi. O, sözün müqəddəsliyini, şairliyin məsuliyyətini sanki təkcə danışmır, yaşadırdı.

Tədbirin elmi-estetik ruhunu daha da zənginləşdirən çıxışlardan biri də Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Afaq İsmayılova (Börüsoya) məxsus idi. O, poeziyanın yalnız hiss və duyğuların ifadəsi deyil, həm də ciddi ədəbi və texniki əsasları olan bir sənət növü olduğunu vurğuladı. Afaq xanım çıxışında dünya ədəbiyyatından örnəklər gətirərək, xüsusilə Vilyam Şekspirin sonetlərindən bəhs etdi. O bildirdi ki, V.Şekspir poeziyasında struktur, ölçü, ritm və fikir bütövlüyü bir-biri ilə necə mükəmməl vəhdət təşkil edirsə, Azərbaycan poeziyasında da bu incəliklərə sahib olan şairlərimiz var. “Şeir yazmaq təkcə duyğu ilə mümkün deyil,” – deyə Afaq Börüsoy qeyd etdi. “Əsl şeir həm də zəhmət tələb edir. Bu, ruhun elmi və estetik dillə danışmasıdır. Şeirdə forma və məzmun vəhdəti vacib şərtdir. Əli Yusifin şeirlərində bu harmoniya hiss olunur – onun misralarında həm düşüncə, həm də emosiya iç-içə keçir. Bu, artıq peşəkarlığın göstəricisidir”. Afaq xanım eyni zamanda gənc şairlərə də müraciət etdi, onlara ədəbiyyatı yalnız daxili impulsla deyil, həm də ədəbi biliklərlə inkişaf etdirməyi tövsiyə etdi. O, sonet formasının poetik imkanlarından danışaraq Azərbaycan ədəbiyyatında bu formaya yaxın örnəklərin olduğunu da xatırlatdı. Şeir həm zamanın ruhunu daşımalı, həm də gələcək nəsillərə ötürülə biləcək dəyərli bir sənəd kimi yazılmalı olduğunu xüsusi vurğuladı. Bu çıxış ədəbiyyata elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha xatırlatdı və poeziyanın yalnız qəlbdən deyil, həm də zəka və düşüncədən doğulduğunu göstərdi.
Tədbirdə çıxış edən şair Natella Nur (Əhmədova) da məclisin səmimiyyətinə özünəməxsus bir ruh qatdı. O, Əli Yusiflə uzun illərə söykənən dostluğundan söz açaraq, bu dostluğun sadəcə şəxsi münasibətdən ibarət olmadığını, həm də ədəbi və mənəvi bağlarla möhkəmləndiyini bildirdi. Natella xanım çıxışında Əli Yusifin insanlara, həyata və ədəbiyyata baxış bucağını “humanist bir dünya görüşü” kimi xarakterizə etdi. Onun fikrincə, Əli Yusifin şeirləri oxucunu təkcə estetik zövq baxımından zənginləşdirmir, həm də mənəvi dünyasını təmizləyir, düşündürür, iç dünyasına güzgü tutur.
“Əli Yusifin poeziyasında insan var, duyğu var, vətən sevgisi var, amma bütün bunların içindən ən çox keçən mərhəmətdir”, – deyə Natella xanım vurğuladı. “Onun şeirləri təkcə oxunmur, həm də hiss olunur. O, sözün içində insana toxunmağı bacaran nadir qələm sahiblərindəndir”. O, həmçinin qeyd etdi ki, Əli Yusifin şeirləri heç zaman süni pafosa qapılmır, təbiidir, səmimidir və bu, onu oxucuya yaxın edən əsas xüsusiyyətlərdəndir. Natella xanımın çıxışı həm Əli Yusifin şəxsi keyfiyyətlərini, həm də poeziyasının ruhunu ifadə edən dəyərli məqamlardan biri kimi yadda qaldı.

Tədbirdə çıxış edən “Təzadlar” qəzetinin əməkdaşı, Elçin Məmmədli səmimi və təsirli nitqi ilə auditoriyanın diqqətini cəlb etdi. O, şair Əli Yusiflə tanışlığının onun üçün necə xoş və dəyərli olduğunu vurğulayaraq, bu tanışlığın sadəcə bir ədəbi əlaqə deyil, həm də mənəvi yaxınlıq daşıdığını qeyd etdi. Elçin Məmmədli çıxışında şair Qəşəm Nəcəfzadənin tədbir zamanı səsləndirdiyi bir fikrə xüsusi diqqət yetirdi: “Əli Yusifə bir irad bildiriləndə, onu məmnuniyyətlə qəbul edir”. Bu cümlənin sadəcə bir tərif olmadığını, əksinə, şairin böyüklüyünü və tənqidə açıq olmasını ifadə etdiyini vurğuladı. Bu kontekstdə Elçin Məmmədli klassik Azərbaycan ədəbiyyatının böyük simalarından biri olan Məmməd Səid Ordubadinin məşhur fikrini xatırlatdı: “O kəs ki, mənim eybimi gizlədir, istəkli gözüm də olsa, düşmənimdir”. Bu paralel, tədbir iştirakçıları tərəfindən dərin düşüncə ilə qarşılandı və sənətkarın özünü daim inkişaf etdirmək istəyinin göstəricisi kimi dəyərləndirildi.
Daha sonra Elçin Məmmədli Əli Yusifin “Can, ay Vətən” adlı şeirini böyük emosional dolğunluqla səsləndirdi. Onun bu şeiri səsləndirməsi təsadüf deyildi, çünki özü Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu. Elçin bəy, çıxışında onu da qürurla qeyd etdi ki, oğlu da atasının iziylə gedərək İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın düşmən işğalından azad olunmasında döyüşmüşdür. Bu səbəbdən vətənpərvərlik mövzusu, xüsusilə də Qarabağa həsr olunmuş şeirlər onun üçün yalnız ədəbi deyil, həm də şəxsi, mənəvi bir dəyər daşıyır. Bu ruhda o, tədbir iştirakçılarının diqqətinə daha bir şeiri – Məmməd İsmayılın “Taleh” adlı Qarabağa həsr olunmuş əsərini çatdırdı. Bu çıxış tədbirdə emosional bir zirvə nöqtəsi yaratdı, vətənpərvərlik duyğularını alovlandırdı və salonda olan hər kəsdə dərin iz buraxdı.
Tədbirin yaddaqalan məqamlarından biri də Yardımlıdan təşrif buyurmuş şair Əli Səfanın çıxışı oldu. O, Əli Yusifin poetik dünyasına olan dərin münasibətini sözlə deyil, bilavasitə poeziyanın dili ilə ifadə etməyi üstün tutdu. Şair Əli Yusifin “Gülümsər” adlı şeirini böyük ustalıqla, emosional tonda və daxili hisslərlə səsləndirdi. Əli Səfa çıxışının sonunda Əli Yusifin şair kimi qazandığı hörməti və oxucu ilə yaratdığı yaxınlığı yüksək qiymətləndirdiyini bildirdi. Onun çıxışı tədbirə bədii və duyğusal bir çalar qatmaqla yanaşı, poeziyanın insanları bir araya gətirən gücünü də bir daha nümayiş etdirdi.
Tədbirin çıxış edən digər natiqləri də Əli Yusifin yaradıcılığı barədə öz fikirlərini bölüşdülər, onun poeziyasının səmimiliyini, milli ruhunu və fəlsəfi dərinliyini vurğuladılar. Çıxışlarda şairin həm klassik ənənələrə, həm də müasir duyumlara sadiq olması qeyd olundu.
Tədbirin sonunda Kəmalə Novruzova 225 nömrəli məktəbin müəllim heyətinin poeziyanın təbliğindəki fəal iştirakını xüsusi qeyd edərək onlara fəxri fərmanlar təqdim etdi. Məktəbin şagirdləri isə öz çıxışları ilə tədbirə ayrı bir ruh qatdılar. Onlar Əli Yusifin şeirlərini böyük coşqu ilə əzbər söylədilər, şairə poeziya ilə bağlı suallar ünvanladılar və onunla yaxından tanış olmaq fürsəti qazandılar. Əli Yusif də bu maraqlı qarşılıqlı münasibəti qiymətləndirərək şagirdlərə kitablarını imzalayıb hədiyyə etdi. Bu jest, gənc nəslin ədəbiyyata olan marağının təşviqi baxımından tədbirin ən mənalı anlarından biri kimi yadda qaldı.
Bu tədbir yalnız bir kitab təqdimatı deyildi – bu, eyni zamanda bir poeziya bayramı, bir söz məclisi, bir ruh təzələnməsi idi. Ədəbiyyatın insanları birləşdirici gücünü bir daha nümayiş etdirən bu tədbir yaddaşlarda uzun müddət qalacaq.
Elşad FƏRMANOĞLU