Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib. Tezadlar.az xəbər verir ki, E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib. Sitat: “Ermənilər bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım, amma qardaşım istisna nə onu, nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”.
Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib: “Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi”.
Qeyd: Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.