Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda – Xırdalan “AAAF park”da Tovuzun dəyərli söz incilərindən biri olan şair, Nizamişünas Novruz Mizani Hafizin yaradıcılıq gecəsi keçirilib. 11 may 2025 tarixində düzənlənən gecədə şairin “Şərəf tacım Tovuzdadır” adlı kitabının təqdimatı və imza günü qeyd olunub.
Novruz Mizani Hafizin bu, sayca dördüncü kitabıdır. O, “Xeyir dua almış yer”, “Ey dost”, “Hardasan, ey dost?” və “Şərəf tacım Tovuzdadır” adlı kitabların müəllifidir.
Tədbirdə “Şairlər ocağı” ədəbi bədii məclisin üzvləri və digər tanınmış ziyalılar, söz adamları, şəhid ailələri və şairin misilsiz söz incilərindən, poeziya dünyasından ilham alan bir çox poeziya sevən insanlar iştirak edib. Dəyərli söz xirıdarlarımız və poeziya sevənlərin dilindən öz ürək sözlərini və şairin şeirlərini eşitmək tədbiri daha maraqlı və yaddaqalan edib. Novruz Mizani Hafiz demək olar ki, ədəbiyyatda müdrik və hikmətamiz əsərləri ilə öz sözünü demiş əsl peşəkar şair möhürü vürmuş dəyərli söz xiridarlarımızdan biridir. Onun yaradıcılıq sahəsi geniş və rəngarəngdir. Şairin əsərlərində ilahi saflıq, təmiz eşq, müdriklik, alilik və həmçinin vətənpərvərlik hissi, təbiət gözəlliyinin vəsfi xüsusi diqqət cəlb edir. Əsərlərinin əksəriyyəti “Ey dost” xitabıyla başlayır. Onun ülvi, pak sevgisi, duyğu və hissləri birbaşa uca Yaradana bağlı olmağı oxucunu istər-istəməz özünə cəlb edir. Novruz Mizani Hafizin əsərlərini oxuyan zaman insan ruhən paklaşır, ülviləşir, müqəddəs bir sevginin aliliyini və ucalığını dərk etməyə çalışır. Deyərdim ki, onun əsərləri ali insani dəyərlər və duyğuları özündə cəmləşdirən əsrarəngiz incilərlə cilalanmış hikmət boxçasıdır. Oxucuya təmiz ruh, ülvi hisslərin gözəlliyini hiss etirən insanın başqa canlılardan nələr əsasında fərqləndirildiyini uca Allahın insanı nə üçün yer üzünün əşrəfi olduğunu bildirdiyinin incə detallarla nəzm şəkilndə izahının bariz nümunəsidir. Novruz Mizani Hafizin əsərlərinin hər bir sətrində, kəlməsində Nizami Gəncəvi ruhu hiss olunur. Novruz Mizani Hafiz üçün söz dünyanın ən müqəddəs əmanəti, bəşəri dəyərlərin aliliyi və ucalığıdır.

Bu müqəddəs və ali yolda dəyərli şairimizə ömrünün 77-ci baharında cansağlığı, bərəkətli və mənalı ömür, bol-bol yaradıcılıq uğurları, xoş günlər diləyirəm. Hər zaman yazıb yaratmaq eşqiylə var olasız, dəyərli insan. Yaradıcılıq bayrağınız hər zaman uca olsun İNŞALLAH! İlahi Amin!
Dəyərli şairimizə Novruz Mizani Hafiz yaradıcılığını sevən bir oxucu olaraq hər zaman poeziya sevənləri bax beləcə tez-tez şeiriyyət süfrəsinin ətrafında cəm etməsini arzu edirəm. Novruz Mizani Hafiz kimi yüksək dəyərlərə sahib söz-sənət irfanı müdrik bir insanın ən yaxın oxucusu olduğum üçün və həmçinin bu şərəfli və məsuliyyətli yolda kiçik müsəlləh əsgər olaraq onun müqəddəs xeyir-duasını aldığım üçün özümü şanslı hesab edirəm. Belə mübarək bir insanı yaxından tanımaq mənim üçün ən böyük şərəf və iftixar mənbəyidir.

Sonda fikir və duyğularımı dəyərli şairimizə həsr etdiyim kiçik şer parçasıyla tamlamaq istəyirəm.
ALLAHIN NURUNDAN GÜC ALAN İNSAN
“Ey dost” xitabıyla başlayır sözü,
Odur yer üzünün Əşrəfi özü.
Dünyaya nur saçır bəsirət gözü,
Allahın nurundan güc alan insan.
Ruhu pak müqəddəs yerlərə varır,
Dünya məhvərindən onu qoparır.
Mələklər başına dönüb, dolanır,
Allahın nurundan güc alan insan.
Göylərə əl açıb ürək danışır,
Pak ülvi eşqiylə yanıb alışır.
Duanın sehriylə fəzalar aşır,
Allahın nurundan güc alan insan.
Bir hikmət töhfəsi nemətə sahib,
Müqəddəs qələmə, qüdrətə sahib,
Gözəl əxlaq, əməl, mürvətə sahib,
Allahın nurundan güc alan insan.
Müdrik xəzinədar, sözdür sərvəti,
Ali ruha malik, safdır xisləti,
Təmiz hiss, duyğudur, eşqdir zinəti,
Allahın nurundan güc alan insan.
Zəkiyyə balandan, qoy olsun salam,
Şairlik adına böyük ehtiram.
Haqqın dərgahında, ey uca məqam,
Allahın nurundan güc alan insan.
Hörmətlə: Zəkiyyə Musaqızı,
AJB-nin üzvü
