1990-cı illərin əvvəllərində xarici media Ermənistanla müqayisədə Azərbaycanı təcavüzkar kimi təqdim edirdi. Eyni zamanda, Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı.
Tezadlar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda xüsusi sessiyasında deyib.
Prezidentin köməkçisi bildirib ki, hazırda dağıdılmış 65 mədəni abidənin bərpası prosesi aparılır. O qeyd edib ki, bu məsələ müharibə gedən ölkədə mətbuatın fəaliyyətinin əsas xətti ilə bağlıdır.
H.Hacıyev CNN-in yaydığı məlumata da münasibət bildirib. Onun sözlərinə görə, CNN jurnalisti də insandır və dezinformasiya yaza bilər. Lakin kanalın dərc etdiyi məlumatda sanki əməliyyat başlayacağı təqdirdə İsrail qüvvələrinin Azərbaycandan İrana müdaxilə edəcəyi təsəvvürü yaradılıb.
“Bu, məntiqsizdir. Azərbaycanla İsrail arasında bir sıra ölkələr var. Bunu peykdən görmək çox asandır”, – deyə Prezidentin köməkçisi əlavə edib.







