Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 14:23

AIDA İordaniyada inklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir edib

Əmmandakı İordaniya Universitetində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 2015-ci ildə yaratdığı və fiziki cəhətdən məhdud, xüsusilə gözdən əlil və görmə qabiliyyəti zəif olan tələbələr üçün nəzərdə tutulan “İnklüziv təhsil üçün kompüter laboratoriyası” əsaslı təmir edilərək xüsusi növ yeni nəsil avadanlıqlarla təchiz olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, laboratoriyanın açılış mərasimində AIDA-nın rəisi Elməddin Mehdiyev, Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov, İordaniya Universitetinin vitse-prezidenti professor Ziad Havamdeh, tələbələrlə iş üzrə kafedranın dekanı Şayab Şavfan, eləcə də universitetin müəllim heyəti və tələbələr iştirak edib.

Azərbaycan və İordaniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə universitet rəhbərliyi Azərbaycan tərəfindən göstərilmiş dəstəyin sözügedən təhsil müəssisəsi üçün əhəmiyyətini, universitetdə təhsil alan əlli beş min tələbənin təxminən bir faizinin fiziki imkanlarının məhdud olduğunu və bu layihənin iki dövlət arasındakı münasibətlərə töhfə verdiyini vurğulayaraq təşəkkür edib.

E.Səlimov layihənin ərsəyə gəlməsində bütün tərəflərin nümunəvi əməkdaşlıq göstərdiyini və bu laboratoriyanın iki xalq və dövlət arasında mövcud olan dostluğun nişanələrindən birinə çevriləcəyini qeyd edib.

E.Mehdiyev Azərbaycan və İordaniya arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah ibn Al Hüseyn arasındakı dostluq münasibətlərinə söykəndiyini və AIDA-nın dəstəyi ilə yenilənmiş laboratoriyanın açılışının mayın 25-i və 28-də qeyd edilmiş hər iki ölkənin müstəqillik günlərinə ithaf olunduğunu bildirib.

İnklüziv təhsilin dəstəklənməsi məqsədini daşıyan layihə İordaniya Universitetində təhsil alan fiziki imkanları məhdud tələbələrə müasir təhsil alətləri və resurslarına çıxış əldə etmək və potensiallarını inkişaf etdirmək imkanı verəcək.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!