21 İyul 2025 / 16:20

Peskovdan qəribə açıqlama: “Azərbaycanda ruslara hörmət edilsin ki…”

Rusiya prezidentinin mətbuat katibi bu gün jurnalistlərə verdiyi açıqlaması ilə gündəm yaradıb. Xüsusən də Azərbaycanda yaşayan ruslara hörmət edilməsi ilə bağlı…

Sitat: “Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır və Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri bizim qanuna tabe olan vətəndaşlarımızdır və burada layiqli hörmətə malikdirlər”.

“Qanunları pozan vətəndaşlar qanuna uyğun olaraq məsuliyyətə cəlb olunurlar”, – deyə Kreml nümayəndəsi Yekaterinburqda rusların törətdiyi hadisələrə işarə edib.

Peskovun diqqətinə çatdırmaq istərdik ki, əvvəla, Azərbaycanda yaşayan qeyri-millətlərə, etniklərə qarşı heç bir zaman nə irqi, nə milli, nə də dini ayrı-seçkilik olmayıb. Ölkəmizdə multikultural və tolerant dəyərlər yüksək səviyyədədir. Heç bir digər millətin nümayəndəsinə, eyni zamanda da ruslara qarşı hər hansı bir təzyiq, sıxışdırma hərəkətləri baş verməyib. Əksinə, əhalinin böyük əksəriyyəti rus dilini ikinci dili kimi bilir, hətta birinci dili bilənlər də az deyil… Son illər bu dilə olan maraq və tələb o qədər artıb ki,  məsələn, 2024-2025-ci tədris ili üzrə ölkənin ümumi təhsil müəssisələrində 160 min şagird, məhz rus dilində təhsil alıb (hələ uşaq bağçalarını demirik!). Bu, ümumilikdə orta təhsil alan şagirdlərin təqribən 10 faizi deməkdir. Büdcədən ayrılan vəsaitin yarım milyon manatadək hissəsi rusdilli kəsim üçün xərclənir… Ölkədə işəgötürənlər də ilk tələblərindən biri kimi bəzən rus dili bilməyin vacibliyini önə çəkir. Beləliklə, vəziyyət o həddə çatıb ki, rus dilini bilmək mütləq şərt olub…

Yəni, cənab Peskov, bizdə rusların, yaxud qeyri-millətdən olan hansısa şəxsin evinə basqın edib heç bir dəlil-sübut, məhkəmə qərarı olmadan həbs etmirlər, döyüb yarımcan etmirlər, qətlə yetirmirlər, qız-qadınını alçaldıb aşağılamırlar, milliyyətini təhqir etmirlər və s.

“Azərbaycanda ruslara hörmət edilsin” mesajınızın ünvanı düzgün seçilməyib, məncə aynaya baxmağın vaxtı çoxdan çatıb…

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!