Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biz heç vaxt istəmərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur ərazisindən keçən dəhliz yeni tarixə Tramp dəhlizi kimi düşsün və Azərbaycana məxsus qədim coğrafi adı unudulsun…
Təzəlikcə Prezident Cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasının xanım müxbirinə verdiyi geniş müsahibə ölkəmizdə və beynəlxalq aləmdə böyük rezonans doğurub. Verilən suallara olduqca mükəmməl və diplomatik verilən cavablar Prezident İlham Əliyevin doğrudan da dünya səviyyəli lider olduğunu göstərir. Müsahibədə bir çox məsələlər, o cümlədən 2024-cü ilin dekabrın 25-də Rusiyanın Çeçenistan səmasında vurduğu mülkü təyyarəmiz, bununla bağlı Rusiya dövlətinin hələ də üzr istəməməsi, kompensasiya ödəməməsi, amma 44 günlük müharibənin sonunda vurulan rus helikopterinə görə, Azərbaycan dövlətinin üzr istəməsi, helikopterə və həlak olan ekipaj üzvlərinə kompensasiya ödənməsi, Türkdilli Dövlətlərin Təşkilatı və perspektivləri (TDT), 44 günlük müharibə ilə qazanılan qələbəmiz, son vaxtlarda Azərbaycana gözlənilən hər hansı təhlükəyə hazır olmağımız, güclü ordumuzun olması, Prezidentin Suriya-İsrail, Türkiyə-İsrail dövlətləri arasında vasitəçilik missiyası, Suriyaya və 10 Avropa ölkəsinə Azərbaycan qazının verilməsi, 8 avqust 2025-ci ildə ABŞ-da keçirilən və üçlükdə imzalanan müqavilələr, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu müqavilənin taleyinin necə olacağı, Azərbaycan-İran münasibətləri, Rusiya-Ukrayna müharibəsi haqqında, həmçinin Zəngəzur dəhlizi barədə çox geniş və əhatəli söhbət aparılıb.
***
…Zəngəzur dəhlizindən danışarkən Prezident Cənab İlham Əliyev bir daha vurğuladı ki, bu dəhliz Ermənistanın özünə də böyük qazanc gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizinin həm Orta Asiya və Şərq, həm də Avropa ilə əlaqələrin genişlənməsində, Loqistikanın inkişafında mühüm rol oynayacağı diqqətə çatdırıldı.
Maraqlıdır ki, Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur ərazisi və bu yoldan keçən dəhliz, hazırda Avropanın və dünyanın da diqqət mərkəzindədir. Həm 8 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktında, həm də 8 avqustda ABŞ-da Prezident D.Tramp, Prezident İlham Əliyev və Ermənistanin baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanan müqavilədə Zəngəzur dəhlizi başlıca faktor olaraq göstərilir. O da məlumdur ki, Ermənistan bu dəhlizi 99 illiyə ABŞ-ın bir şirkətinə icarəyə vermək istəyir. Ona görə də artıq bu mühüm həyati əhəmiyyətli və Azərbaycanın bir bölgəsi olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi artıq “Tramp dəhlizi” adlandırmağa başlayıblar. Təbii ki, Ermənistanla sülhün bərqərar olması üçün ABŞ-da imzalanan üçtərəfli çərçivə sazişindən sonra bu dəhlizə artıq “Tramp dəhlizi” deyilir. Mən bunun əleyhinə deyiləm. Amma kiçik və mən deyərdim çox vacib bir əlavəm var ki, onu da istəkli oxucularla bölüşmək istəyirəm.

Yuxarıda qeyd etdim, Zəngəzur qədim, tarixi Azərbaycan torpağıdır. Bu ərazi 1920-ci ildə, yəni Şərqdə ilk dəfə yaranan Azərbaycan Demokratik Respublikasını işğal edəndən sonra rus bolşevikləri tərəfindən Ermənistana hədiyyə edilmişdir. Təbii ki, burada Leninin və Stalinin ətrafına doluşmuş ermənilərin mühüm rolu vardı. Bununla da Azərbaycanın Naxçıvanla quru yol əlaqəsi kəsildi və Türkiyə ilə olan sərhədimiz ermənilərin nəzarətinə keçdi. “Əl-Ərəbiyyə” televiziyasının müxbirinə bu barədə danışarkən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, “44 günlük döyüş zamanı biz Zəngəzur dəhlizini zorla ala bilərdik. Bu bir neçə saatın işi idi. Amma biz bunu etmədik. Çünki bizim məqsədimiz öz torpaqlarımızı işğaldan azad etmək idi. Ermənistan torpağında bizim gözümüz yoxdur və humanist bir dövlətik. Biz işğal edən yox, işğala məruz qalan dövlətik. Ona görə də işğala məruz qalan torpaqlarımızı azad eləməkdən başqa niyyətimiz olmayıb. Amma Ermənistan dövləti ABŞ-da imzaladığı müqaviləyə əməl edərək, Zəngəzur dəhlizini açmağa borcludur”.
Bəli, Zəngəzur dəhlizi demək olar dünyanın diqqət mərkəzindədir. Dediyim kimi də, ABŞ-da bağlanan üçtərəfli müqavilədən sonra, bu dəhlizi Tramp dəhlizi adlandırmaq istəyirlər və daha doğrusu adlanır da. Mənim isə buna kiçik bir redaktəm var. Biz heç vaxt istəmərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur ərazisindən keçən dəhliz yeni tarixə Tramp dəhlizi kimi düşsün və relyefin Azərbaycana məxsus qədim coğrafi adı unudulsun. Bunun baş verməməsi üçün təklif edirəm ki, dəhliz Tramp adına Zəngəzur dəhlizi adlandırılsın. Çünki bu tarixi torpaq həmişə olub və olacaq. Tarixi adı Zəngəzur olan bu ərazinin adının unudulması və yaxud dəyişdirilib yalnız Tramp dəhlizi adlandırılması düzgün deyil. Onda bir müddətdən sonra Zəngəzur adı xəritədən və leksikondan çıxacaq. Bu isə, daha çox iştahı diş altında olan və o dişi də 44 günlük 2-ci Qarabağ müharibəsində sındırılan Ermənistana sərf edir. Biz bu gün Ermənistan ərazisinə İrəvan xanlığı deyəndə ermənilər qıcıqlanırlar, narahat olurlar. Ermənilər yaxşı bilir ki, 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurularkən, İrəvan xanlığı ermənilərə 100 illiyə icarəyə verilib. İndi ən böyük qorxuları da odur ki, biz arxivlərdən bu sənədləri ortaya çıxarıb öz qədim torpağımızı tələb edə bilərik və buna tam hüquqi əsasımız var. Amma bu sonrakı mərhələlərdə həll olunası problemdir. Indilikdə isə, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın Azərbaycana quru yolla birləşdirilməsi ən vacib şərtdir. Amma bu problem coğrafi ərazimizin adının unudulması hesabına olmamalıdır. Ona görə də dediyim kimi, Zəngəzur dəhlizinə Tramp adı vermək olar, amma Tramp dəhlizi adlandırmaq qətiyyən düzgün deyil. İnanıram ki, bu təklif ən yuxarı səviyyədə qəbul ediləcək və tarixi ərazimizin adının unudulmasına imkan verilməyəcək.
Elçin Məmmədl.