21 Sentyabr 2025 / 12:23

Ərdoğan BMT-nin hazırkı strukturunu yetərli hesab etmir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin müasir çağırışların öhdəsindən gələ bilməyəcəyinə inanaraq, islahatlara çağırıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda jurnalistlərə bildirib.

“Biz görürük ki, BMT-nin 80 il əvvəlki şərtləri əks etdirən hazırkı strukturu bugünkü çağırışlara cavab vermək üçün yetərli deyil. Humanitar böhranların həllini Təhlükəsizlik Şurasında veto hüququ olan ölkələrin öhdəsinə buraxmaq üçün heç bir əsas yoxdur. Biz bunu ilk dəfə 12 il əvvəl BMT kürsüsündə bəyan edərək, dünyanın beş (BMT Təhlükəsizlik Şurasının) daimi üzvündən daha böyük olduğuna işarə etdik. Bu illər ərzində bizim qiymətləndirməmizin doğruluğu dəfələrlə təsdiqlənib. Hətta baş katib səviyyəsində də BMT-nin təcili islahatlara ehtiyacı açıq şəkildə ifadə olunmağa başlayıb”, – deyə Ərdoğan bildirib.

O bildirib ki, Türkiyə “BMT-də islahatların aparılması səylərini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

“Baş Assambleyada bəşəriyyətin vicdanını əks etdirən və bu problemlərin həllinə töhfə verən mövqeyimizi bir daha bəyan edəcəyəm. Çıxışımda Qəzza zolağında baş verən humanitar fəlakət və vəhşilikləri xüsusi qeyd edəcəyəm. Biz Türkiyənin regionda sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə və beynəlxalq sülhün qorunmasına verdiyi töhfəyə də toxunacağıq”, – deyə Türkiyə lideri bildirib.

Yaxın Şərqlə bağlı danışan Ərdoğan, “bir çox ölkənin Fələstin Dövlətini tanıdığını” qeyd edərək, “bu tanınma qərarlarının iki dövlətli həllin həyata keçirilməsini sürətləndirəcəyinə” ümid etdiyini bildirib.

“Yaxın günlərdə daha bir neçə dövlətin Fələstini tanıdığını görəcəyik. Bu, əlbəttə ki, bizim üçün xüsusilə sevindirici olacaq. Ümid edirik ki, belə ölkələr nə qədər çox olsa, Fələstinin tanınması məsələsində də bir o qədər irəliləyiş olacaq”, – Ərdoğan bildirib.

Suriyadakı vəziyyətə toxunan Türkiyə prezidenti qeyd edib ki, ölkəsi “Suriyanı tək qoymayacaq və onu hər gün gücləndirmək üçün bütün mövcud imkanlardan istifadə edəcək”.

“Bu yaxınlarda Qətərdə (Suriyanın müvəqqəti prezidenti) Əhməd əl-Şara və onun xarici işlər naziri ilə görüşdük. Bu görüşdən sonra kəşfiyyat direktorumuz Suriyaya səfər etdi. Tezliklə Ankarada cənab əl-Şaraa ev sahibliyi edəcəyik. Həmçinin, BMT Baş Assambleyası çərçivəsində Amerikadakı Türk Evində onlarla görüşmək imkanımız olacaq”, – Ərdoğan bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!