26 Sentyabr 2025 / 07:14

NATO atəş açmağa hazırlaşır: Kremlə gizli xəbərdarlıq göndərilib

Avropalı diplomatlar Moskvada keçirilən qapalı iclasda Kremlə xəbərdarlıq ediblər ki, alyansın hava məkanının növbəti dəfə pozulması halında NATO güc tətbiq etməyə, o cümlədən Rusiya təyyarələrini məhv etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Böyük Britaniya, Fransa və Almaniya səfirlərinin də iştirak etdiyi gərgin görüşə Estoniyanın Rusiyanın MiQ-31 qırıcılarını onun hava məkanını pozmaqda ittiham etməsi ilə bağlı son insident səbəb olub. Mənbələrin məlumatına görə, Rusiya tərəfi görüşdə özünü artıq Avropa ölkələri ilə qarşıdurmaya girmiş hesab etdiyini bildirib. Onların məntiqinə görə, bu cür hərəkətlər Ukraynanın Krıma hücumlarına cavabdır, NATO dəstəyi olmasaydı, bu mümkün olmazdı.

Xəbərdarlığa cavab olaraq Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov açıq şəkildə bildirib ki, NATO Rusiya təyyarəsini vursa, “müharibə olacaq”. Vəziyyəti alyansın özündəki fikir ayrılıqları daha da mürəkkəbləşdirir. ABŞ prezidenti Donald Tramp və bəzi Şərqi Avropa ölkələrinin liderləri qətiyyətli addım atmağa çağırsalar da, Almaniya və İtaliya nəzarətsiz eskalasiyadan ehtiyat edərək ehtiyatlı olmağı müdafiə edirlər.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl Estoniyanın ittihamlarını rədd edərək, təyyarənin neytral Baltik sularında planlı uçuş həyata keçirdiyini və digər dövlətlərin hava məkanını pozmadığını vurğulamışdı.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!