7 Oktyabr 2025 / 13:05

Rusiyada məhbusların müşayiəti zamanı itlərdən və elektroşokerlərdən istifadə ediləcək

Rusiyada  məhbusların müşayiəti zamanı elektroşokerlərdən  və itlərdən profilaktik istifadəyə icazə veriləcək.

Tezadlar.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Federal Penitensiar Xidmət əməkdaşlarının müşayiət zamanı məhbuslar üzərində xüsusi vasitələrdən istifadə etmək səlahiyyətinin genişləndirilməsini təklif edib.

Qurum məhbusların qaçmağı və ya özlərinə və ya başqalarına zərər vurmağı planlaşdırdıqlarına “inanmağa əsas verərsə” xüsusi nəqliyyatda müşayiət zamanı xüsusi avadanlıqdan istifadəyə icazə verilməsini təklif edir.

Bundan başqa, xüsusi nəqliyyatdan kənarda müşayiət zamanı və ya xüsusilə təhlükəli kontingentlərin müşayiəti zamanı xüsusi avadanlıqdan istifadəyə icazə verilməsi təklif edilir (məsələn, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, terrorizm cinayətlərində təqsirli bilinənlər və ya oxşar cinayətlərdə şübhəli bilinənlər, profilaktik nəzarət siyahısında olan zorakılığa meylli şübhəlilər, təqsirləndirilənlər və məhkumlar).

Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədr müavini İqor Çerepanov izah etdi ki, qanun layihəsində “xüsusi avadanlıq”  ifadəsinə dəyənəklər, itlər, su şırnaqları və elektroşokerlər  daxildir.

Federal Vəkillər Palatasının vitse-prezidenti Yevgeni Rubinşteyn bildirib ki, qanun layihəsi xüsusi vasitələrdən istifadə edildiyi hallarda departament və prokurorluq nəzarətinin yumşaldılmasını nəzərdə tutur, çünki bu hallar barədə artıq məlumat verməyə ehtiyac qalmayacaq.

Sənəddə mühüm yenilik isə qandal və digər xüsusi vasitələrdən yalnız konkret hərəkətlərə cavab olaraq deyil, qabaqlayıcı şəkildə istifadə etmək imkanıdır.

Ədliyyə Nazirliyi  həm də ilk dəfə olaraq xüsusi nəqliyyatdan kənar müşayiət olunan qadınlara qarşı əl qandallarından və digər hərəkət məhdudlaşdırıcı vasitələrdən istifadəyə qadağa qoyulmasını təklif edib.

Qeyd edək ki, hökumət artıq təşəbbüsü təsdiqləyib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!