Əsas məzmuna keç

Tbilisidə keçirilən genişmiqyaslı aksiya başa çatıb

Ötən axşam saatlarında Tbilisidə Azadlıq meydanında keçirilən etiraz aksiyası “Gürcüstan İvanişvilisiz, Gürcüstan Avropadır” şüarı ilə və Gürcüstan himninin səsləndirilməsi ilə başa çatıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, aksiyada siyasətçilər, vətəndaş fəalları və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin ailə üzvləri çıxış ediblər. Bundan əvvəl etirazçılar şəhərin üç fərqli nöqtəsindən yürüşə başlayıblar. Aksiya iştirakçıları Avlabari metro stansiyasının yaxınlığında, Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında və Orbeliani meydanında toplaşıblar. Daha sonra yürüş edərək Azadlıq meydanına gəliblər. Aksiya iştirakçıları əraziyə Gürcüstan və Avropa İttifaqının bayraqlarını, eləcə də müxtəlif etiraz şüarlarının yazıldığı plakatları gətiriblər. Bugünkü aksiya Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına inteqrasiya prosesini 2028-ci ilin sonunadək dayandırmaq qərarının elan edilməsindən iki il ötürülməsi ilə əlaqədar təşkil olunub.

Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını açıqlayıb. Bu bəyanatdan sonra ölkədə etiraz aksiyaları başlayıb və həmin aksiyalar bu günədək davam edir. Etirazlar çərçivəsində onlarla şəxs saxlanılıb və barələrində hüquqi prosedurlar başlanıb.

Aksiya iştirakçıları iki ildir növbədənkənar parlament seçkilərinin təyin olunmasını və saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…